İzahlı lüğət

ELƏ

əvəz. 1. O cur, o təhər, o sayaq. Elə söz demək olmaz. Elə sözlər danışma. - ..Şəxs gərək elə bir iş tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun. C.Məmmədquluzadə. Gəl elə kişnəmə, saqın, kəhərim! R.Rza. [Cuma] Maralın evində elə danışdığına .. görə özünü məzəmmət edirdi. Ə.Əbülhəsən. Aslan köntöy-köntöy cavab verdi: - Getmirəm. Hamı necə, mən də elə. M.Hüseyn. // O dərəcədə, o şəkildə. Bu it Qaraca qızla elə dost olmuşdu ki, yanından ayrılmaq istəmirdi. S.S.Axundov. Məsmə iki əli ilə dizlərinə elə çırpdı ki, səsini hamı eşitdi. Mir Cəlal.
Ancaq, təkcə, yalnız, məhz mənasında. Elə mən deyiləm hüsnünə mayil; Göz dikibdir tamam Qarabağ sənə. Q.Zakir. Məsumə xanıma da elə bu söz lazım idi. P.Makulu.
dan. O tərəfə, o yana, o səmtə. Mən belə gəldim, o elə getdi. - [Qatırçı:] Haxçılar zınqırovlu faytonlarda pırıltı ilə budu belə gəlirdi, odu elə gedirdi. Mir Cəlal.
Cəm şəklində: elələr(i) - o cür (elə) adamlar. Amma elələri də var ki, heç bir iş görməyib, övqati-əzizələrini mütləq bikarçılıqda zaye edirlər. F.Köçərli. Elələrini şəhərdən sürgün etsələr də azdır. M.Hüseyn. Ədat kimi aid olduğu sözün mənasını dəqiqləşdirir. Elə bu saat çağırtdır. Elə özü də bu işi görmək istəyirdi. - Elə biri qonşun Qara Kərəmoğlu, müəllimlərə onotaqlı, eyvanlı, bağçalı ev tikdirib. M.İbrahimov. [Uğur:] Məni .. dilə tutan elə Alxan özü olmadımı? İ.Əfəndiyev.
“də” ədatı ilə: 1) o cür də, o qaydada, o tərzdə. Pişik ilə nə tövr rəftar eyləyirsən, elə də arvad ilə lazımdır rəftar eləmək. C.Məmmədquluzadə; 2) o halda, belə olan surətdə. Yaxşı, elə də sən get, mən də gələrəm; 3) olduğu kimi, o cür. Necə idisə, elə də qalıb.
“ki” bağlayıcısı ilə: o zaman ki, necə ki, onda ki mənalarında zaman anlayışı verir. Elə ki, qəti qərara gəldi, fikrindən dönməzdi. M.İbrahimov. Elə ki, bu çalsaqqal kişi göy örtüklü stolun dalına keçdi, daha üzünü görmə! Mir Cəlal. Elə ki, boz inək soyulub qurtardı, maraq daha da artdı. Ə.Vəliyev.
□□ Elə-belə - 1) havayı, müftə. - Bunu mənə neçəyə verirsən? - Elə-belə.; 2) məqsədsiz, qərəzsiz, ümumiyyətlə. Maya uzaqlara getdiyini duyaraq tez əlavə etdi: - Bunu eləbelə, yadıma düşdü, dedim. M.İbrahimov. Bu sözləri o, bəlkə də elə-belə, zarafatla demişdi. M.Rzaquluzadə; 3) nə yaxşı, nə pis, babat. Elə-belə bir ev tikdirdi. Eləbeləcə - tərpənmədən, vəziyyətini dəyişmədən, necə var elə. [Firidun] elə-beləcə uzanaraq nəhayətsiz göylərə tamaşa eləmək istəyirdi. M.İbrahimov. Elə bil (ki) - sanki, guya ki. Hamı tərtəmiz geyinib, elə bil ki, toya gedəcəkdir. C.Cabbarlı. Bəndalı gələndə elə bil daş-divar da dilə gəlir.. Mir Cəlal. Adamlar elə bil ümumi komanda ilə Tahirə sarı baxdılar. M.Hüseyn. Elə bilmək - zənn etmək, güman eləmək, sanmaq. Tar gördüm, tələ bildim; Çağırdın, gələ bildim; Bir yatmış ceyran gördüm; Yar yatıb elə bildim.
(Bayatı). Elə bilsin ki, padşahi-zamandır; Hər kim iraq olur, müxtəsər, səndən. Q.Zakir. Elə gəldi ki, elə gəlir ki - zənn etmək, düşünmək, güman etmək mənasında. Ona elə gəldi ki, qızı harada isə görüb. Mənə elə gəlir ki, bu kitabı oxumuşam.
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki; Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş... M.Müşfiq. Kişiyə elə gəlirdi ki, onun ümid və arzu ilə bərkiyən qəlbi dərd ilə əriyir, qan olub tökülür. Mir Cəlal. Elə isə - onda, belə olduqda, belə isə, belə şəraitdə. Elə isə mən də getdim! deyə Tahir nəfəsini çəkmədən səbirsizliklə dostundan cavab gözlədi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed