ERKƏK sif. 1. Kişi cinsinə mənsub fərd. Erkək at. Erkək arı. - Aslanın erkəyi, dişisi olmaz. (Ata. sözü). Ağacların arasından qəfildən oldu əyan; Yaraqlı erkək at üstündə bir neçə oğlan. A.Səhhət. Rəhmətlik atam Güloğlan anamı o qədər qısqanırdı ki, evdə nə erkək qoyun, nə də xoruz saxlardı. M.S.Ordubadi. Dəstənin üç baş inəyi, beşaltı erkək danası, səkkizə qədər də atı vardı. M.Hüseyn. // is. Erkək qoyun, qoç. Erkək kəsib, ağır məclis qururdu; Şülən çəkilirdi malların, dağlar! Aşıq Ələsgər. Cəmisi bir neçə gün əvvəl birinci dəfə Qarabağdan Bakıya gələn Gəray ağa, Cavanşirin mətbəxi üçün təzə erkək əti, şit yağ, əla düyü gətirmişdi. S.Rəhimov.
is. Kişi mənasında. Fisqü-fücur həddən aşıb Şişədə; Erkəyi, dişisi yaman peşədə. Q.Zakir. Şən balalar, dağ gövdəli erkəklər; Gözəl qızlar, qara tellər bizimdir. A.Şaiq. ..Qadın və erkəklər məhkəmə salonunda deyil, məhkəmə binası qarşısında durmaq məcburiyyətində qalmışlardı. T.Ş.Simurq. məc. sif. Kişi kimi möhkəm, güclü. [Ceyran] istehsalatda çalışan erkək ruhlu, gülərüzlü bir yoldaş idi. S.Hüseyn. məc. Qaba, kobud, nəzakətsiz mənasında. Erkək zarafatı eləmək. □□ Erkək Tükəzban - kişi təbiətli, özünü kişi kimi aparan, kişi ədalı, bir qədər qaba qadın haqqında. Paylaşın - Hamı bilsin
|