HAYtəql. 1. Çağırışa cavab. □ Hay vermək - çağırışa cavab vermək, səsə səs vermək. Nə qədər çağırdımsa, hay vermədi. Adam çağıranda hay verər. - Diriyə hay verməz, ölüyə pay. (Ata. sözü). Küçədən acıqlı bir səs eşidildi: - Qırılmamışsınız ki, hay niyə vermirsiniz? Aç qapını.. M.İbrahimov.
Səs-küy, hay-küy, qarmaqarışıqlıq. Hay basmaq - hürərək səs-küy qoparmaq, səs-küy salmaq. [Salman ilə Maya] alaçıqların güneyinə çıxan kimi ağılların yanından iki iri köpək hay basıb bu tərəfə cumdu. M.İbrahimov. Hay qopmaq - bax hay düşmək. Hay düşmək - hay-küy düşmək, gurultu-patırtı düşmək, hay qopmaq. [Əmiraslan baba dedi:] Indiki kimi yadımdadır, hay düşdü. Biz də dəstə iləyığılıb getdik... S.Rəhimov. Verdiyev .. qonum-qonşuya hay düşməmək üçün bir az asta danışdı. Mir Cəlal. Hay salmaq - hay-küy qoparmaq, gurultupatırtı qoparmaq, küy salmaq. Mələk bilirdi ki, istədiyini verməsə [uşaq] hay salıb bağıracaq. M.İbrahimov. [Uşaqlar] bir-biri ilə ötüşərək hay salıb üzür, qabarıb gələn dalğanı qucaqlayır(lar). Mir Cəlal. Hay vurmaq - qışqırmaq, bağırmaq, çığırmaq. Hay vurdum, qıy vurdum, gətirməz şikar; Tərlan baxtım sara döndü, nə döndü! Aşıq Ələsgər. Cavabsız qalmamış hələ sualım! Hay vurur, qıy vurur tərlan xəyalım! S.Vurğun. Hayında şəklində - qeydində, fikrində. Keçi can hayında, qəssabpiy hayında. (Məsəl). Salman isə öz canının hayında idi. Ə.Vəliyev. Əcəl getdi, tər gəldi; Tərdən dərdi-sər gəldi; Mən qəriblik hayında; Bir də bədxəbər gəldi. (Bayatı). □□ Haya bənd olmaq - bir işi görmək üçün bəhanə, səbəb aramaq, fürsət gözləmək. Bununla da, bir haya bənd imişlər kimi bayaqdan susmaqda olanların dilindən qıfil götürüldü. Ə.Əbülhəsən. Haya yetmək - imdadına çatmaq, harayına yetmək (gəlmək, çatmaq). Hayına qalmaq - qeydinə qalmaq, qayğısını çəkmək, qayğısında olmaq, fikrini çəkmək; haqqında düşünüb tədbir görmək. [Molla:] Sənin kimi kişisinin hayına qalmayan arvaddan canım qurtarsın. “M.N.lətif.” Mən nə haydayam, sən nə hayda(san), o nə hayda(dır) - mən nəyin qeydini çəkirəm, sən nəyin qeydini çəkirsən, o nəyin qeydini çəkir; mən nə fikirləşirəm, sən nə fikirləşirsən, o nə fikirləşir. [Məşədi Ağabanı Fərəcullaya:] Ala, çək, mən nə haydayam, sən nə haydasan. M.Əliyev. [Məsmə:] Qızım, başına hava gəlib, nədi, mən nə haydayam, sən nə haydasan. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|