HƏDƏFis. [ər.[ 1. Tüfəng, top və s. atarkən güllənin, mərminin və s. dəyməli, vurmalı olduğu şey, yer; nişanə. Hədəfi nişan almaq. Güllə hədəfə dəymədi. - ..Onlar hər ikisi birlikdə ova çıxır, Gülbaharın atdığı güllələr birbaş hədəfə dəyirdi. S.Rəhimov. Hüseyn qalxıb həmən göyün qatına; Şığıyıb bir anda cumur hədəfə. M.Rahim.
məc. Təqib, yaxud töhmət, istehza, müzakirə və s. obyekti olan adam. Qurbanlı uzun-uzadı mühakimələr yürütdü və fikirlərində də Ruhnəvaz xanımı hədəf etdi. Çəmənzəminli. Kiçik oğrulardır hədəfin sənin; Böyük oğrulardan xəbərsizmisən? B.Vahabzadə. məc. Məqsəd, qəsd, məram kimi götürülən şey. [Gündüz Gülşənə:] Bax, bibi, .. məktəbdə uşaqlar ilə dünya səyahətinə çıxmışdıq. Hər bir hədəfimiz bir dilək adası idi. C.Cabbarlı. Cavad yoldaşları ilə birlikdə damarlarda qanı donduran soyuqlara sinə gərərək, həmişə məqsədə, hədəfə doğru irəliləyir. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|