HƏLƏLİK1. zərf Bir müddət, bir qədər, bir müddətə qədər. Hələlik burada otur. Hələlik gözləməli olacaqsan. Hələlik bunu özündə saxla. - Sonudur qış gününün, toplayaraq var gücünü; Saxlamaq fikrinə düşmüş hələlik öz gücünü. S.Rüstəm. Murad öz sualına özü cavab verir, hələlik arvadına məsələni bildirmirdi. Ə.Vəliyev. // Müvəqqəti (olaraq). Hələlik onun yanında yaşa. Pulu hələlik cibində saxla. - [Leytenant:] Hələlik ev-zad düzəldənəcən burada qalarsınız. İ.Əfəndiyev. // Hazırda, bu saat, indi. Hələlik evə tələsirəm, məşğul ola bilməyəcəyəm. Hələlik işini gör, söhbət sonraya qalsın.
2. Hələlik! - xudahafiz! görüşənədək! sağ ol! [Tahir:] Hələlik, - deyə, gülə-gülə uzun-caydaq qıza əl elədi və sürətlə uzaqlaşdı. M.Hüseyn. Sənubər havanın qarışmağına .. əhəmiyyət verə bilmədi, mövsümi paltosunu geydi, anasına “hələlik” demədən çıxdı. B.Bayramov. Paylaşın - Hamı bilsin
|