İzahlı lüğət

HƏRƏ

əvəz. Toplu halında olan adamlardan hər biri; hər kəs. Hərə bir söz deyir. Hərə bir tərəfə getdi. Hərənin öz fikri var.
Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi.. S.S.Axundov. Hərə bir iş görürdü: biryanda xəmir yoğrulur, biryanda yumurta çalınır, bu biri tərəfdə sabah xörəyi üçün düyü arıdılırdı. T.Ş.Simurq. Çəkdi bu milləti hərə bir yerə; Məqsəd kürsü eşqi, amal - mənfəət. B.Vahabzadə. // Hərəsi şəklində - ayrı-ayrılıqda, hər biri. Adamların hərəsi bir işlə məşğuldur. - Paşanın adamları da hərəsi bir tərəfdə qərar tutdular. “Koroğlu”. Sarı bülbüllər, torağaylar, göyçə qarğalar, .. ənlikli bülbüllər hərəsi bir cür səslə oxuyub, səs-səsə verirlər. E.Sultanov. Külək qalxmışdı. Hərəsi bir rəngdə, hərəsi bir biçimdə olan yarpaqlar xışıldaşırdı. B.Bayramov.
□□ Hərə bir zurna çalır - b a x hər ağızdan bir avaz gəlir (“hər”də). Hərə öz atını minib istədiyi yerə çapır - bir işdə birlik, həmrəylik, yekdillik olmadığını ifadə edir. Hərənin ağzından bir avaz (hava) gəlir (çıxır) - b a x hər ağızdan bir avaz gəlir (çıxır) (“hər”də).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......