İzahlı lüğət

HƏVƏS

is. [ər.] 1. Bir şeylə məşğul olma, bir iş görmə arzusu: meyil, istək. Oxumaq həvəsi. Uşağın mütaliəyə böyük həvəsi var. Getməyə heç həvəsim yoxdur. - Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldı. C.Məmmədquluzadə. Evi, otağı səliqəyə salmaq, yeni ili bir təmizlik içərisində qarşılamaq ümumi bir həvəs idi. H.Sarabski. □ Həvəs etmək (göstərmək)
bax həvəslənmək. Lakin həvəs eyləməzdi Leyli; Olmazdı bu ləhvü ləəbə meyli. Füzuli. Teymur nədənsə bu evə gəlməyə daha çox həvəs göstərirdi. H.Seyidbəyli. Həvəs oyanmaq - maraq oyanmaq, arzu oyanmaq. [Oğlanın] zehnində bu adamı öyrənmək, onun sirlərini bilmək üçün böyük bir həvəs oyandı H.Nəzərli. Həvəsdən düşmək - bir işi görməyi daha istəməmək, həvəsi, marağı soyumaq, daha həvəsi olmamaq. [Mahmud Sevincə:] ..Mən gündəngünə həvəsdən düşdüm. Z.Xəlil. Həvəsə düşmək (gəlmək) - bax həvəslənmək. ..[Qoşqar] kranın altında gölləndikcə ortasından xırdaca deşik açılıb burulğan kimi burulan suya baxdı və təzədən həvəsə düşüb qurşaqdan yuxarı soyundu. İ.Hüseynov. Həvəsə gətirmək (salmaq) - bax həvəsləndirmək. Çaqqallar pusquda durdu; Həvəsə saldılar qurdu. M.Dilbazi. Həvəsi gəlmək (doğmaq) - bax həvəslənmək. Leylək Ələmdar çovğunun, azanın və zənglərin qat-qarış səslərinə qulaq verir, onda bir qarət həvəsi doğurdu. S.Rəhimov. [Pərşan:] Bağçamız nəyə desən dəyər, adamın həvəsi gəlir baxsın. M.İbrahimov. Həvəsi soyumaq - bax həvəsdən düşmək. // Keçici, müvəqqəti, keçib-gedən arzu, meyil. O da bir həvəs idi, gəldi, keçdi.
Nəşə, zövq. Tərlan xanım böyük yaradıcılıq həvəsi içərisində idi. S.Rəhimov. Şeyda bülbül bir həvəsdə; Gözü yolda, könlü səsdə. Aşıq Hüseyn. Həvəslə şəklində zərf - ürəkdən, qəlbdən, can-dildən, məmnuniyyətlə. Bir əməllə, bir arzuyla alışıb onlar; Bir məqsədin yollarına düşdü həvəslə. S.Vurğun. Fərman nəşə və həvəslə öz ekskavatorunda işləyirdi. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......