İzahlı lüğət

HUŞ

is. [fars.] 1. Diqqət, fikir. ..Bir iskamyada oturan oğlanın huşunun yarısı müəllimdə olanda, yarısı da yanındakı qızda olacaq.. C.Məmmədquluzadə. [Dərviş:] Huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum.. A.Divanbəyoğlu. □ Huşa getmək - fikrə getmək, fikrə dalmaq, xəyala dalmaq. Mən səni düşünərək getdiyim zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa vuruşa? Ə.Cəmil. Huşu dağılmaq - fikrini cəmləşdirə bilməmək, fikri dağılmaq. Huşundan çıxmaq - yadından çıxmaq, unutmaq.
2. Mürgü, yarıyuxulu hal. □ Huş aparmaq, huşa getmək - mürgüləmək. - [Sayalı və Durna] xəstəxanadan içəri girən zaman Xasay huşa getmişdi. Ə.Vəliyev. Kamal da yerinə uzanmış, amma yatmamışdı. Arabir onu huş aparırdı. M.Rzaquluzadə.
□□ Huşa getmək - bax huşunu itirmək. [Vəzir:] [Oğlanın] .. xörəyinin içinə bihuşdarı tökün. Huşa gedən kimi götürüb tolazlayın bir dərənin içinə. (Nağıl). Huşa gəlmək - ayılmaq, huşu özünə gəlmək, özünə gəlmək. Reyhan huşa gəlib, özünü divlərin yanında gördü. (Nağıl). [Münəvvər:] Ana, sən insaf elə, qoy mən o qədər bu evdə qalım ki, babam huşa gəlsin. M.S.Ordubadi. Huşa gətirmək - ayıltmaq, özünə gətirmək. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini [Yasəmən ilə Qaraca qızı] huşa gətirdilər. S.S.Axundov. Adamlar oğlanı örtülü maşınların birinin içinə aparıb, huşa gətirməyə başladılar. Ə.Sadıq. Huşdan getmək b a x huşunu itirmək. Axırda Dəmirçioğlu huşdan gedib yıxıldı. “Koroğlu”. Huşu başına gəlmək - b a x huşa gəlmək. Gülsəhərin huşu yavaş-yavaş başına gəlir, adamları tanımağa başlayırdı. Ə.Vəliyev. Huşu baş(ın)dan çıxmaq (uçmaq) - bax huşunu itirmək. Şahzadə Mütalibin huşu başından uçdu. Bir vaxt gözün açıb gördü, lələ köçüb, yurdu boş, qızlardan əsər yoxdu.. (Nağıl). [Bəhram] duruxdu, sanki huşu başından çıxdı. Ə.Vəliyev. Huşunu aparmaq - heyran etmək, məftun etmək, valeh etmək. Əziziyəm bağ sinə; Səyyad keçər dağ sinə; Baxdım, huşum apardı; Mərmər buxaq, ağ sinə. (Bayatı). Huşunu başına yığmaq fikrini cəmləşdirmək, düşünmək, fikirləşmək, götür-qoy eləmək. Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, huşumu başıma yığam.. C.Məmmədquluzadə. Huşunu itirmək - bihuş olmaq, özündən getmək, huşdan getmək, bayılmaq, qəşş etmək. [Nəbi:] Yazığın üz-gözü, hər yeri qandır; Huşunu itirib, halı yamandır. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed