LÜTsif. 1. Paltarını tamam çıxarmış; çılpaq, üryan. Lüt uşaq. - O halda ay çıxdı buludlar dalından; Gördü çöldə durmuş bir kişi lüt (z.), üryan. A.Səhhət. Zindanxanada dar ağacı quruldu. Zamanı lüt (z.) soyundurub dara çəkdilər. Çəmənzəminli. □ Lüt olmaq - soyunmaq, bütün paltarını çıxarmaq.
məc. Ağacsız, bitkisiz, quru. Lüt dağ. Lüt təpə. Lüt sahə. - Dağların hərəsi bir rəng çalır, çünki bunların eləsi var ki, meşələrlə örtülüblər, amma dağların əksəri lütdürlər. Məmmədquluzadə. // Xəzan olmuş, yarpaqları tökülmüş. Lüt ağac. - Ağacların çırpınan lüt budaqlarını qar tutub sakitləşdirmişdi. B.Bayramov. məc. Yoxsul, kasıb, heç bir şeyi olmayan. Nəbinin ən yaxın dostu lüt Abış vəziyyətdən Nəbini xəbərdar edir. “Qaçaq Nəbi” . Kim deyər ki, lüt bir rəncbərə iş kəsməkdə qəza məhkəməsi bu qədər götür-qoy eləməli olacaq! Mir Cəlal. □ Lüt qoymaq - varyoxunu əlindən çıxartmaq; yoxsullaşdırmaq. Bura niyə adamın üzünə gülsün, ora adamı soyundurub lüt qoysun? S.Rəhimov. // İs. mənasında. Lütün biridir. - [Zeynəb Nadirə:] Nə görmüsən bu çolaq Məcidin evində, acın, lütün yanında. B.Talıblı. Paylaşın - Hamı bilsin
|