SAÇAQis. 1. Bir şeyin (adətən pərdənin, paltarın və s.-nin) kənarları boyunca tikilən çox sıx, sallanan sap telləri. Xalçanın saçaqlarını düzəltmək. Şalın saçaqları. Pərdəyə saçaq tikmək. - Libasın əlvandır, çarqat narıncı; Saçaqlar yaraşır qıraqlarından. M.P.Vaqif. [Sona] ..başından sıyrılıb çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən.
bot. Bəzi bitkilərdə uzun nazik tellər. Qarğıdalı saçağı. - [Hurizadın] ..tükləri məzəli bir rəng alar - gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər. Çəmənzəminli. [Səməndərin] gözünə ancaq söyüdün soyuq saçaqları göründü. B.Bayramov. məc. Şüa. Günün saçaqları yayılır düzə; Çünki təslim olur gecə gündüzə. S.Vurğun. Günəşin enerji ilə dolu qızıl saçaqlarının təsiri altında yarpaqlarda bütün canlıların həyatının əsasını təşkil edən qidalar, üzvi maddələr hazırlanmağa başlayır. M.Axundov. Paylaşın - Hamı bilsin
|