İzahlı lüğət

SINMAQ

f . 1. Bir şeyə bərk toxunaraq parçalanmaq, tikə-tikə olmaq, xırda hissələrə ayrılmaq; qırılmaq, zədələnmək. Boşqablar əlimdən düşüb sındı. Pəncərə sınıb töküldü. - Su səhəngi suda sınar. (Ata. sözü). ..Əli yumurtasının künəsini tutur və deyir: - Vur! Vəli vurmur, bilir ki, yumurtası sınacaq. C.Məmmədquluzadə. Gəminin şüşə-pəncərələri cingilti ilə sınıb töküldü. M.Rzaquluzadə. // Ağır bir şeyin təzyiqi altında əyilərək yerindən qopmaq, qırılmaq. Küləkdən ağacın budaqları sındı. // Bərk bir şeyə şiddətlə dəyərək, toxunaraq şikəst olmaq; qırılmaq, zədələnmək. Ayağı sınmaq. Qolu sınmaq. - [Hambal:] Məşədi, belim sınıbdır, bir abbası da verəcəksən. U.Hacıbəyov.
məc. İncimək, xətrinə, qəlbinə dəymək, pərt olmaq. Xan, şahın bu təhqirli məktubundan sınmadı. Çəmənzəminli. Uzaqdan çaparın Mirzə Valehsiz qayıtdığını görən Yədulla xan bərk sındı və çox pərt oldu. S.Rəhimov. Qulam dayı sınmadı, nağılını söyləməyə davam etdi. M.Hüseyn.
Basılmaq, məğlub olub dağılmaq, müqavimət qabiliyyətini itirmək. Düşmən qoşunu sınıb qaçandan sonra Nəbi dəstəsiynən Telli qarının meyiti yanına gəldi. “Qaçaq Nəbi” . Ən əvvəl Gamışvan tərəfindən hücum edən Maku ordusu sındı. M.S.Ordubadi.
Azalmaq, zəifləmək, yenmək. Quyruq doğandan bir həftə sonra idi. Nədənsə istilər hələ sınmamışdı. Gün günortadan əyilsə də hava sərinləşmirdi. Ə.Vəliyev. Yavaş-yavaş hava sınır. B.Vahabzadə.
məc. Aşağı düşmək, enmək. Qiymətlər sındı.
məc. İflas etmək, müflis olmaq.
Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyi sınmaq, könlü sınmaq, canına sınmaq, qol-qanadı sınmaq və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed