İzahlı lüğət

SU

is. 1. Dənizləri, gölləri, çayları, bulaqları əmələ gətirən və hidrogenlə oksigenin kimyəvi birləşməsindən ibarət olan şəffaf rəngsiz maye. Yağış suyu. Çay suyu. İçməli su. - Stol üzərindəki qrafindən stəkana su töküb içdim. A.Şaiq. // Müalicə məqsədilə işlədilən mədən suları. Badamlı suyu. Borjom suyu. // Cəm şəklində: sular - mədən suları çıxan yerlər, bu sularla müalicə olunan kurort yerləri. Məktubundan belə görünür ki, yayda müalicə üçün sulara gedəcəksən. S.S.Axundov. // məc. Boş, mənasız sözlər, ibarələr, ifadələr, danışıqlar, əsərlər haqqında. Əsərdə su çoxdur. Kitabın yarısı sudur.
Çayın, dənizin, gölün su kütləsi. Su ilə əhatə olunmaq. Sudan keçmək. // Çay, bulaq, axar su. [Kərəm:] Su başında duran qızlar, gəlinlər; Allı gəlin, Xan əslimə bənzərsən. “Əsli və Kərəm” . ..Naməlsəm məhəlləsinin bir neçə cavanları daha artıq səbir edə bilməyib əllərində bel su başına getdilər. N.Nərimanov. // Cəm şəklində - sular. Su sahələrinin, dənizlərin, göllərin, çayların bir hissəsi. Dövlət suları. Territorial sular.
məc. Tər mənasında. Su içində gəlib çıxdıq. Uşaq su içindədir, paltarını dəyiş. Meyvədən, səbzəvatdan çıxarılan şirə. Nar suyu. Kök suyu. Alma suyu. Portağal suyu. // Bəzi ətirli bitkilərin yarpaq və çiçəklərindən distillə yolu ilə alınan ətirli maddə, maye. Gül suyu. Nanə suyu.
Xörəyin duru hissəsi. Xörəyin suyunu çoxaltmaq. Düşbərənin suyu çox düşüb.
□□ Su(yunu) dəyişmək - müalicə məqsədilə yaşadığı yerdən başqa yerə köçmək, ya getmək, iqlimini dəyişmək, havasını dəyişmək. Su ilə od arasında qalmaq - çaşbaş qalmaq, nə edəcəyini bilməmək, çaşmaq. Su kimi - rahat, rəvan, səlis; tez, incimədən, çətinlik çəkmədən. Su kimi əzbərləmək. Su kimi cavab vermək. - [Səriyyə Saraya:] [Müəllim] dedi ki, iki ayda lap su kimi oxumaq öyrədəcəyəm. Mir Cəlal. Su kimi getmək tez xərclənib getmək (pul haqqında). Sudan quru çıxmaq - çətin, ağır vəziyyətdən qurtarmaq, heç bir ziyan, cəza görmədən yaxasını qurtarmaq. [Qurban:] Elədir, bu haramzada sudan quru çıxacaq. Ə.Məmmədxanlı. Suyu bir yerdən axmamaq - düz gəlməmək, bir-birinə öyrəşə bilməmək, yola getməmək (adətən ər-arvad haqqında). Əmisi qızı ilə Cəmilin ər-arvadlığı cəmisi üç ay çəkdi. Onların suyu bir yerdən axmazdı, ulduzları barışmazdı. Ə.Vəliyev. Suyu bulandırmaq - aranı qarışdırmaq, araya fitnə salmaq. [Muxtar anasına:] Bunlar hamısı bəhanədir, suyu bulandırmaqdır. B.Bayramov. Suyu sovulmuş dəyirmana oxşamaq (dönmək) - xaraba qalmaq, pis kökə düşmək, dağılmaq, işləməz hala gəlmək. [Qəndab:] Çingizin yaşadığı otaq suyu sovulmuş dəyirmana dönmüşdü. B.Bayramov. Suyu süzüləsüzülə (süzələnə-süzələnə) getmək (qayıtmaq) - kor-peşman, qanı qara, kefi pozulmuş halda, pərt. Sınıq düşən Səlim bəy suyu süzələnə-süzələnə Gorusa qayıdıb, istər-istəməz Peterburqa bir də xəbər yazdı. S.Rəhimov. Suyu üfürə-üfürə içən vası adam haqqında. [Zeynəb Leyliyə:] Ölçüb-biçəndən, suyu üfürüb içəndən aşiq olmaz? Ə.Məmmədxanlı. Çox (nə qədər) su axmış - illər keçmiş, çox vaxt keçmiş, xeyli ötmüş. Bu illər ərzində nələr olmamışdı, nə qədər sular axmış, nə qədər adamlar həlak olmuş, torpağın üstündə nə qədər dəyişikliklər baş vermişdi. M.İbrahimov. Gözü su içməmək - bax göz. Üzündə su yoxdur - bax üz. Üstünə su ələnmək - bax üst.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed