Avtomagistrallar yaşıl talvarlarla təmin ediləcək?!
Avtomobillərin sayının çoxalması dünyanın ən böyük bəlalarından biri olan karbon qazının çoxalmasının səbəblərindən biridir. Bəzi ölkələr bunun qarşısını özünəməxsus bir üsulla almağa çalışır. Beləliklə...
Inhabitat-ın verdiyi xəbərə görə, Hamburqun hökumət nümayəndələri Almaniyanı Skandinaviya ilə birləşdirən A7 avtomagistralının bir hissəsini talvarla örtmək fikrindədir. Beləliklə, onlar buradan keçən minlərlə yük maşınlarının yaratdığı səsin səviyyəsini azaltmağa ümid edirlər.

Plana uyğun olaraq, avtomagistralın üzərindən 34 m eni və 2-3 m qalınlığı olan talvar inşa ediləcək. Talvarın üzərində yaşıllıqlar əkiləcək. Talvar ümumi 3,5 km uzunluqda olaraq 3 seksiyadan ibarət olacaq.
Bu cür layihə Almaniyada ilk deyil. Buna oxşar talvarlar artıq Münhendə və Düsseldorfda mövcuddur, ancaq A7 üzərində olacaq isə ən böyüyü olmalıdır.

Layihənin dəyəri 600-700 milyon avroya yaxındır. Maliyyələşdirmənin əsas hissəsini federal hökumət öz üzərinə götürür. Layihə 2012-ci ildə başlanacaq.




