132-134 saylı Təhsil Kompleksi və valideyn arasında olan VİDEO DAVASI

132-134 saylı Təhsil Kompleksi və valideyn arasında olan VİDEO DAVASI

Milli.Az-a müraciət edən valideyn Mehriban Aslanqızı övladı, hələ 6 yaşı tamam olmamış Cəlilova Xədicə Elman qızının 132-134 saylı Təhsil Kompleksində təhsil alması üçün qəbul imtahanı zamanı ona qarşı haqsızlıq edildiyini deyib.

İmtahanın nəticələrinin obyektivliyinə şübhə edən valideynin sözlərinə görə, indi övladının iştirak etdiyi sorğu-sualın video görüntülərini tələb etsə, məktəb həmin görüntüləri təqdim etməkdən imtina edir: "Qızım aprelin 20-də həmin məktəbdə təhsil almaq üçün orada imtahan verib. Uşaq deyir ki, bütün suallara cavab verdim. Bircə deyir ki, mənə dedilər "Cırtdanın nağılı"nı danış. Onda mən qorxdum, elə "biri var idi, biri yox idi" demişdim ki, dilim tutuldu, danışa bilmədim. Uşaq imtahandan çıxanda o qədər gərginləşmişdi ki, özündə deyildi. Məktəbdə isə mənə deyirlər ki, uşağınız məntiqdən zəifdir. Biz ona sual verdik ki, şam ağacında 3 göbələk var. Birini dərdim neçəsi qaldı? Uşaq deyib 2-si. Qızım isə deyir ki, mənə elə sual verilməyib. Mən də məktəbdə dedim ki, imtahanın vdeo görüntüsünü mənə də göstərin, baxım, rahat olum. Dedilər ki, ərizə yazın, 2-3 gündən sonra verəcəyik. Ərizəni yazdım. 2-3 gündən getdim, dedilər ki, yox videonu vermirik. Artıq bununla bağlı Təhsil Nazirliyinə də müraciət etmişəm. Orada bu işlə Hüseyn adlı şəxs məşğul olur. O deyib ki, araşdırıb cavab veriləcək, amma hələ ki, ortada bir şey yoxdur. Bizim istədiyimiz, sadəcə, imtahanın video görüntüsüdür. Əgər, həqiqətən də, məktəbdə deyildiyi kimidirsə, hamıdan üzr istəyəcəm. Yox, əgər görsəm ki, deyilən sual imtahanda verilməyib onda qoy mənə niyə belə deyildiyini açıqlasınlar. Əgər uşağa şam ağacının təpəsindəki göbələklə bağlı sual verilsəydi, onda məntiqli olardı. Çünki axı normalda ağacın dibində göbələk bitə bilər".

M.Aslanqızının sözlərinə görə, o, bu barədə təhsil hissə müdirinə də, direktor Sara Xanlarovaya da bildirib: "Mənə təklifedirlər ki, qoy uşağınız gedib elə Yeni Yasamalda və ya göndərək 150 saylı məktəbdə oxusun. Mən də dedim ki, oranı istəsəydim, daha uşağı bu məktəbə niyə gətirirdim? Axırda mənə dedilər ki, get, məhkəməyə ver. Məhkəməni nə edirəm? Əgər məhkəməyə versəm, onsuz da, uşaq sabah orada oxuya bilməyəcək, onu yola verməyəcəklər. Mənim istədiyim, sadəcə, videogörüntüdür. Qoy görüm ki, uşağım bilməyib, keçməyib. Mənim 9 yaşlı əlil uşağım var. O, şəhərin mərkəzi hissəsindəki xüsusi məktəbdə təhsil alır. Özüm də şəhərin mərkəzində işləyirəm. Ona görə də istəyirdim ki, ikinci övladım da mənə yaxın olsun. Çünki evdə uşağa baxa bilən başqa kimsə yoxdur".

Məsələ ilə bağlı 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarovanın da mövqeyini öyrəndik. S.Xanlarova Milli.Az-a bildirdi ki, həqiqən də, Cəlilova Xədicə Elman qızı məktəbə qəbul olmaq üçün imtahanda iştirak edib. Lakin uşaq orta səviyyədən də aşağı cavab verib: "Biz də valideynə dedik ki, uşağın nəticəsi lazımi səviyyədə deyil. Elə bunu demişdik ki, başımıza təhqirlər yağdırdı. Bu barədə hətta akt da tərtib eləmişik. Video görüntüyə gəlincə, həmin uşaq imtahana girəndə bizdə texniki nasazlıq yarandı. Bu səbəbdən 6 uşağın, o cümlədən Xədicə Cəlilovanın imtahan görüntülərini qeydə almaq mümkün olmadı. Valideyn narazı qaldığından, biz təklif elədik ki, buyurun ikinci dəfə girin, uşaqla sizin iştirakınızla danışaq. Uşaq da danışmağa başladı. Amma uşaq yazıq elə qorxmuşdu ki, anası ona elə təzyiqlər göstərirdi ki, sözlə ifadə edə bilmirəm. Məcbur edirdi: "Tez ol, cavab ver! Tez ol!" Uşaq da cavab verə bilmirdi. Uşağın ağzı yumulub gözləri bərəlmişdi".
Direktorun sözlərinə görə, bundan sonra valideyn 6 nəfər də daxil olmaqla, birinci imtahanın video görüntüsünün olmadığını bilə-bilə indi onlardan görüntü tələb edir. Amma ikinci imtahanda kamera çəkib. Uşağın necə cavab verməsi, anasının ona necə təzyiq göstərməsi hamısı lentə alınıb. Amma burada bir məsələ var. Əvvəla, müsabiqə hələ bitməyib və 1 ay davam edəcək. Biz valideynə dedik ki, yalnız müsabiqə bitəndən, materiallar yoxlanandan sonra hansısa məlumat verə bilərik. Amma o israr edirki, ona video görüntü verilsin. Əvvəla, ona heç nə verəsi deyilik. İkincisi isə, bizim fikrimizcə, həmin valideynin davranışında qeyri-adekvatlıq hiss olunurdu. O, buradan çıxandan uşağı o qədər döydü ki... Dəhlizdəki kameralar da bunu çəkib, bizdə də var. O,özünü Bakı Şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi kimi təqdim edib. Biz ona başa salmağa çalışdıq ki, siz axı dövlət qulluqçusuz, anlamalısız. O, bizi burada məhkəmələrlə, başqa şeylərlə hədələyirdi. Biz ona dedik ki, gözləyin, birinci mərhələ bitəndən sonra apelyasiya olacaq. O vaxt səni çağırarıq. Xanım isə bizimlə razılaşmadı, özü bildiyi hərəkətləri edir. Təhsil Nazirliyinə zəng vurub, sizə şikayət edib. Qısası, bu adama söz demək, nəsə anlatmaq mümkün deyil".
M.Aslanqızı isə direktorun söylədiklərinin həqiqətə uyğun olmadığını bildirib: "Mən bilirəm onlar nə üçün deyir çəkiliş olmayıb. Ötən 4-cü gün direktorun köməkçisi Sevinc xanım mənə ərizə yazdırdı ki, bəs bu həftənin 1-ci günü video görüntünü guya verəcəkdilər. Dedim ki, əgər o sual imtahanda səsləndirilməyibsə, həmin videonu "Youtube"a qoyacam. Qoy görsünlər ki, balaca uşaqdan nə istəmisiniz. Amma həftənin 1-ci günü getdim vermədilər. Hətta direktorun köməkçisi məni təhqir elədi. Dedim ki, mən sizinlə yox, direktorla danışmaq istəyirəm. Əvəzində mənə "həyasızlıq eləməyin" dedi. Ərizəmə onu da yazdım. Hətta ərizənin şəklini də çəkmişəm. Onlar ərizədən sonra fikirlərini dəyişdirib görütünü vermədilər. İndi də deyirlər ki, çəkiliş olmayıb. Onlar indi özlərini sığortalayıb arqument gətirirlər ki, uşağı vurdu. Bəli, uşağımın keçirdiyi psixoloji sarsıntı içəriyə vurmasın deyə onu ayıltmaq üçün vurdum. Uşaq, sanki, dili tutulub lal olmuşdu. Ondan sonra uşaq ağladı, göz yaşı gələndə sevindim ki, daxili sarsıntı bayıra çıxdı. Uşaq isə elə sarsıntı keçirib ki, artıq deyir elə qorxdum ki, bir də ora getmərəm. Qızım artıq, ümumiyyətlə, məktəbə getməkdən qorxur. Mən bilsəydim, belə olacaq, uşağı, ümumiyyətlə, o məktəbə aparmazdım. Onların apelyasiyasına da inanmıram. Mənə videogörüntünü versinlər. Əgər video yox idisə, onda niyə mənə ərizə yazdırıb deyirdilər ki, 1-ci gün verəcəyik. Deməli, video olub, amma vermək istəmirlər".

İlkin İzzət
Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__19836516

Görəsən müəllimlərin əsəbləri ilə oynayan şagirdləri nə gözləyir? Bəlkə bununla bağlı fikriniz ola?

Səhr yaz

......