ADU tələbələri pedaqoji və istehsalat təcrübəsinə başlayacaq
Azərbaycan Dillər Universitetində (ADU) 2022-2023-cü tədris ilində bakalavriat pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.
ADU-danAZƏRTAC-a bildirilib ki, cari tədris ili üzrə 1600 tələbə pedaqoji və istehsalat təcrübəsinə yollanır. Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübədə iştirak edən tələbələrin ixtisaslar üzrə sayı, bölgələrə müraciət edən tələbələrin akademik göstəriciləri, məktəb və təşkilat sayları, təcrübə rəhbərləri, metodist, pedaqoq və psixoloqlar haqqında ətraflı məlumat verib. O, ötən və cari tədris ilindəki təcrübə prosesinin təşkilini müqayisəli şəkildə diqqətə çatdırıb.
M.İsmayılov daha sonra pedaqoji və istehsalat təcrübəsinə tətbiq edilən yeniliklərdən danışıb, qiymətləndirmə prosesi barədə məlumat verib.
Universitetin prorektorları Jalə Qəribova və Novruz Məmmədov tələbələrə uğurlar arzu edib, pedaqoji təcrübənin onların gələcək fəaliyyətlərində rolundan danışıblar.
Görüşdə tələbələrin sualları cavablandırılıb, təcrübə rəhbərlərinin təklifləri dinlənilib.