AMEA-nın hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salınıb
“Dünyada qlobal miqyasda baş verən bir sıra sosial, iqtisadi, demoqrafik, ekoloji və antropogen proseslər biologiya və tibb elmlərini ən prioritet elm sahələrinə çevirib”.
AzEdu.azxəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Arif Həşimov Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisə rəhbərləri ilə görüşü zamanı deyib.
Akademik qeyd olunan qlobal problemlərdən koronavirus pandemiyası üzərində xüsusi dayanaraq bildirib ki,bu xəstəlik əvvəllər müşahidə olunmayan bir sıra yeni sosial-iqtisadi, siyasi, geosiyasi, mənəvi-psixoloji reallıqlar yaradıb və bütün səviyyələrədə biologiya və tibb elmlərini bir daha aktuallaşdırıb:
“Pandemiyanın elm üçün aktuallaşdırdığı peyvənd üzrə tədqiqatlar yeni səviyyədə elm-etika, elm-humanizm, elm-ədalətlilik binar anlayışlarını yenidən gündəmə gətirir. Bu da dünya miqyasında təbiət elmlələri ilə humanitar və ictimai elmlərin yeni səviyyədə qarşılıqlı multidissiplinar əlaqəsini aktuallaşdırır”.
Azərbaycanda biologiya, tibb və kənd təsərrüfatı elm sahələrinin inkişafının müasir problemləri üzrə molekulyar biologiya, molekulyar genetika, bioinformatika, sistemli biologiya və digər texnologiyaların həyat proseslərinə kompleks tətbiqi məsələlərinə toxunan A.Həşimov ölkəmizdə də bu istiqamətdə tədqiqatların aparıldığını diqqətə çatdırıb.
Akademik A. Həşimov qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisə və təşkilatlarının üzərinə də xüsusi məsuliyyət düşür:
“Erməni işğalçıları tərəfindən törədilmiş ekoloji fəlakətin miqyasının qiymətləndirilməsi, regionun bio-geoekoloji vəziyyətinin monitorinqi, işğaldan azad olunmuş ərazilərin biosenozlarının və bioloji müxtəlifliyinin işğaldan əvvəlki vəziyyətlə müqayisəli kompleks tədqiqi, Qarabağ ərazisi üzrə xarakterik, o cümlədən nadir və itmək təhlükəsində olan bitkilərin introduksiya və reintroduksiyası ilə bağlı tədqiqatların aparılması, genofondun bərpası məqsədilə bitkilərin biotexnoloji üsullarla çoxaldılması, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpasının elmi əsaslarının işlənilməsi, müvafiq torpaq-iqlim şəraitlərinə uyğun və daha məhsuldar bitki sortları və heyvan cinslərinin yaradılması və tətbiqi istiqamətində kompleks tədqiqatlar həyata keçirilməlidir”.
Daha sonra çıxış edənAMEA-nın vitse-prezidenti, bölmənin Elmi Şurasının sədri, akademik İradə Hüseynovabölmənin müəssisələrində bir sıra islahatların həyata keçirildiyini və gənclərin hazırlığına xüsusi diqqət ayrıldığını bildirib. Onun sözlərinə görə, AMEA-nın xaricdə təhsil alan 25 doktorantından 15-i BTEB-nin payına düşür: “Bu gün bölmənin gənc doktorantları Oksford, Birminhem, Monpelye və s. universitetlərdə peşəkar mütəxəssislər kimi yetişirlər”.
Qarabağın işğaldan azad edilmiş ərazilərində elmi tədqiqatların aparılması istiqamətində görülən işlərə toxunan bölmə sədri Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası istiqamətində proqramın hazırlandığını, həmçinin AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin son aylarda Şuşa və Ağdam şəhərlərinin içməli su ilə təchizatına dair yaradılmış müvafiq komissiyanın iclaslarında iştirak etdiyini bildirib.
Koronavirus pandemiyasının yaratdığı yeni reallıqlara diqqəti yönəldən akademik İradə Hüseynova artıq dünyada yaradılmış vaksinlərin müsbət nəticəsini verdiyini, eləcə də AMEA-nın müxbir üzvü Tərlan Məmmədov tərəfindən hazırlanan vaksinin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salındığını deyib. O, bununla bağlı Akademiyada AMEA, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin iştirakı ilə elmi seminarın keçirilməsinin planlaşdırıldığını söyləyib.