Azərbaycan elmi: Nə etməli, nədən başlamalı?

Azərbaycan elmi: Nə etməli, nədən başlamalı?

Bu gün elmimiz və xüsusən Milli Elmlər Akademiyası özünün çətin, xoşa gəlməyəngünlərini yaşayır. Aşağı maaşlar, dedi - qodular və çəkişmələr. Bundan öncə həm Azərbaycan, həm də rus dilində çap olunmuş məqalələrimdə (haqqin.az/news/180352, 07.06.2020, news.day.azpolitics/1433570, 07/02/2022, modern.az, moderator az., azedu.az, //sherg.az/tehsil/189290 və s. ) elmdə yaranmış vəziyyətlə bağlı bəzi düşüncələrimi ifadə etmişdim. Bu məqalələrə çoxlu sayda rəy və dəstək aldım və fürsətdən istifadə edib hər kəsə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, elmimiz və xüsusən Azərbaycan Milli Elmlər Akademiyası özündə güc tapıb yaranmış vəziyyətdən çıxacaq və elmimizi ona uyğun olan səviyyəyə qaldıraraq, ölkəmizin inkişafına lazımı töhvələri verəcəkdir. Nə etmək və nədən başlamaq lazımdır?

Аzərbaycan Milli elmlər Akademiyası.İlk və ən önəmli məsələ Akademiyanın qalıb qalmamsı məsələsinə aydınlıq gətirmək lazımdır. Dünyada elə ölkə yoxdur ki, onun elmlər Akademiyası olmasın və bütün tanınmış Akademiyaların yaradılması məhz, böyük dövlət xadimlərinin və tanınmış alimlərin adları ilə bağlıdır. Yüksək nüfuza malik olan Amerika Milli elmlər Akademiyası Prezident Avraam Linkolnun təşəbbüsü və qərarı ilə, məhşur Fransa (Paris), ölməzlər elmlər Akademiyası, dünyanın ilk Akademiyalarından biri olan, XIV Lyudoviq , Peterburq (Rusiya) elmlər Akademiyası Böyük Pyotr, Ümumdünya elmlər Akademiyası Nobel mükafatı laureatı, tanınmış fizik Əbdüs Salam tərəfindən yaradılmışdırlar. Bu şəxslər Akademiyanın dövlətin inkişafında nə qədər vacib olmasını dərindən anlayaraq belə təşəbbüsü irəli sürmüşlər.

Əsas məsələ ondan ibarətdir ki, Akademiya necə fəaliyyət göstərməlidir. Bu məsələdə universal ya optimal yol yoxdur. Əsas məsələ ondan ibarətdir ki, Akademiya dövlətin tələblərinə uyğun olaraq fəaliyyət göstərməlidir və dövlətə xidmət etməlidir. Məsələn, ABŞ-da bir yolu seçilib, Rusiya, Çin isə başqa yol, Fransa özünə məxsus yol seçib. Cəmiyyətimizdə bəzi zamanlar diletant fikirlər səslənir, güya Akademiyanın institutları universitlərə verilərsə hər şey öz yoluna düşər. Bu həm səhv, həm də təhlükəli yoldur. Biz bu yolla getsək həm Akademiyanı, həm də universitetlərimizi itirə bilərik. Qeyd edim ki, hətta insanlarda orqan transplantasiyası zamanı bədən tərəfindən rədd etmə və imtina prosesləri baş verir və insan həyatını itirə bilir. Əsas məsələ ondn ibərətdir ki, Akademiya dövlətin sifarişlərini yerinə yetirməlidir və bunun üçün savadlı, böyük elmi məktəb keçmiş və beynəlxalq elmi aləmdə qəbul olunan alimlərə böyük ehtiyac var.

Bu gün dünyada səmərəli çalışan Akademiyalar mövcuddur. Rusiya, Çin, Fransa elmlər Akademiyalırını və Almaniyada fəaliyyət göstərən Plank Cəmiyyətini misal gətirmək olar. Plank Cəmiyyəti öz sıralarında 80-dən çox elmi-tədqiqat institutlarını birləşdirir və Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyası, Çin Elmlər Akademiyası kimi tam dövlət tərəfindən məliyyələşdirilir. Bu ölkələrdə kimsə Akademiyaları nə bağlamağa nədə ki universitetlərlə birləşdirməyə çəhd göstərmir. Hətta, Almaniyada 2008-ci ildə Plank Cəmiyyətinə paralel olaraq Milli elmlər Akademiyası – Leopoldina yaradıldı. Hamımızın yaddaşında unudulmaz Heydər Əliyevin gözəl kəlamı qalıb. O deyirdi:" Azərbaycan Elmlər Akademiyası xalqın sərvətidir və onu qoruyub saxlamaq lazımdır". Məhz, Heydər Əliyevin təşəbbüsü ilə Akademiyaya Milli status verildi. Hələ qədim dövrdə Hippokrat deyirdi : “Həyatda iki əsas amil var. Elm və Fikir“. Ona görə Akademiyanın bağlanması ya universitetlərə verilməsi məsələsi birdəfəlik gündəmdən çıxarılmalıdır və güçümüzü onun inkişafına və yüksəlməsinə yönəltməliyik. Heç kəs Akademiyada islahatların keçirilməsinin əleyhinə deyil, bu bir zərurətdir və zamanənin tələbidir. Akademiya var, olmalıdır və yüksək səviyyədə dövlətə xidmət etməlidir.

AMEA-ya seçkilər. Belə vacib məsələyə aydınlıq gətirilməlidir. Bəzi zamanlar gözlənilmədən yeni elmlər doktorları ortaya çıxır və dərhal Akademiyaya müxbir-üzv hətta bəzi hallarda birbaşa akademik də seçilir. Ədalət naminə qeyd etmək lazımdır ki, Akademiyanın yeni nizamnaməsinə uyğun olaraq, akademiklər müxbir üzvləri sıralarından seçilməlidir və bu prinsipə ciddi yanaşmalı və heç bir halda pozmağa imkan verilməməlidir. Müxbir üzvlərinin seçilməsi zamanı iddiaçının doktorluq dissertasiyasının müdafiəsindən sonra gördüyü işlər və aldığı nəticələr nəzərdən keçirilməli, bu göstəricilərə görə qərar qəbul edilməlidir. Akademik seçkilərində isə iddiaçının müxbir-üzv seçildiyindən sonra aldığı nəticələri nəzərə alıb qərar verilməlidir. Bu prinsipləri əsas götürərək Akademiyanı təsadüfi psevdo-alimlərdən qorumaq lazımdır. Hər kəs anlamalıdır ki, dokrorluq dissertasiyasında alınan nəticələr artıq qiymətləndirilmişdir və bu şəxs doktor dərəcəsinə yüksəlmişdir. Yeni iddia üçün ortads yeni nəticələr olmalıdır. Müstəqilliyimiz bizə elmdən uzaq, psevdo-alimlərin hazırlanmasını deyil, ölkəmizi və elmimizi inkişaf etdirməyə tarixi imkan yaradıb və biz bundan faydalanmalıyıq. Bu gün Azərbaycanda çox sayda elmlər doktorları ortaya çıxıb. SSRİ zamanında bu adamların heç yuxularına girməzdi ki, onlar elmlər doktoru ola bilərlər. Bu insanlar və onları himayə edənlır özlərinə sual verməlidirlər ki, SSRİ zamanında bu yollarla elmlər doktoru ola bilərdilərmi? Bu sualın cavabı bəllidir, çünki onları elmi şuralara yaxın qoymazdırlar. Bəla burasındadır ki, belə şəxslər, nəinki ayıblarına kor olmurlar, hətta zaman keçdikdən sonra Akademiyanın üzvləri və akademikləri olmaq istəyir , bəzi hallarda isə hətta akademik olub özlərinə bənzər psevdo-alimlər də hazırlayırlar. Buna qarşı ciddi mübarizə aparmaq və bir daha belə hallara imkan verməmək lazımdır.

90-cı illərin sonunu yaxşı xatırlayıram, AMEA-ya seçkilər ərəfəsundə, coxlu sayda məmur Akademiyaya seçilməyə cəhd edirdi, özü də müxbir üzvü deyil, bir başa akademik. Məhz, dahi Heydər Əliyevin bu məsələyə qarışması Akademiyanı belə fəlakətdən xilas etdi. Ammm yenə də elmi qrantların verilməsində məhz, bu məmurlar son sözü deyirdilər. Heç bir elmi əsası olmayan qərarlar qəbul edib istədikləri adamlara qrantları paylayırdılar. Bu bir anti-dövlət yanaşması idi. Zaman keçdi və belə məmurlar vəzifəlırindən azad olundu, amma qırılmış taleləri və haqsızlıqları kim bərpa edəcək. Sözsüz ki, biz keçmişlə yaşamamalıyıq və gələcəyə baxmalıyıq. Amma biz keçmişi unutmamalıyıq və onun acı səhvlərini təkrar etməməliyik.

Beynəlxalq əlaqələr

Akademiyamızın beynəlxalq elmi məktəblərlə əlaqəsi, ehtiraf edək ki, arzu edilən səviyyədə deyildir və bu çatışmazlığı aradan qaldırmaq üçünnardıcıl tədbirlər görməliyik. Hesab edirəm ki, qısa bir zamanda AMEA Ümumdünya elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Beynəlxalq Akademiyalar Asosiasiyasının üzvü olmalıdır və Əbdüs Salam adına Nəzəri Fizika üzrə Beynəlxalq Mərkəzi ilə (İnternational Center for Theoretical Pfysics – İCTP) sıx əlaqələr yaratmalıdır. Qeyd etmək istərdim ki, İCTP yaradılarkan əsas fəaliyyəti fizika elminə aid idi, amma bü gün praktiki olaraq elmin bütün sahələrini əhatə edir. Bu təşkilatların hər ikisi İtaliyanın Triyest şəhərində yerləşir və hər il müxtəlif qrantlar, magistr və doktorluq dissertasiyalarını hazırlamaq üçün gənc və istedadlı araşdırmaçıları Mərkəzin hesabına oraya dəvət edir. Burada zəngin kitabxana, maraqlı elmi seminarlar, dünyanın aparıcı alimləri, Nobel mükafatları laureatları tərəfindən mühazirələr təşkil olunur. Bu elmi Mərkəzlərdə çalışmaq böyük elmi məktəb keçmək deməkdir. Gənc alimlər üçün burada olmaq böyük fayda verir, çünki müasir elm artıq kollektiv anlayışdır və elmi inteqrasiya çox vacib amildir. Nobel mükafatı laureatlarının sırasına nəzər salsaq görərik ki, (nadir hallar istisna olmaqla), son 25-30 ildə bu mükafat əsasən qruplara verilir (Alfred Nobelin vəsiyyətinə uyğun olaraq qrupun sayı 3-dən çox olmamalıdır) bu isə müasir elmin kollektiv anlayış olmasını bir də təsdiq edir. İnformasiya texnologiyaları alimlər arasında sıx əlaqələr yaratmağa imkan vermişdir və hətta müxtəlif qitələrdə belə yaşayan alimlər bu gün qrup şəkilində öz fəaliyyətlərini davam etdirillər. Ona görə müasir zamanda elmin inteqrasiyası olmadan böyük uğurlar əldə etmək praktiki olaraq mümkün deyil.

Bizim təşıbbüsümüzlə 2005-ci ildə AMEA və İCTP arasında əməkdaşlığa dair 5 illik anlaşma imzalanmışdır (2005-2010 illərdə mən İCTP-nin senior associated vazifəsində çalışırdım) və bu anlaşmaya əsasən hər il Azərbaycandan 4 gənc alim 7 həftəyə, İCTP-nin hesabına, oraya ezam olunurdu. Ezam olunmuş gənclər dərin elmi nəticələr əldə etdilər və bir müddətdən sonra hamısı elmlər doktoru dərəcəsinə nail oldular. 2006-cı və 2008-ci illərdə anlaşmaya uyğun olaraq Bakıda İCTP-nin mənəvi və maliyyə dəstəyi ilə iki beynəlxalq elmi konfrans keçirildi və bu konfranslarda ABŞ, Almaniya, Sinqapur, Avstraliya, Portuqaliya, Latviya və digər ölkələrdən olan dünyanın tanınmış alimləri iştrak etdi. Belə konfransların keçirilməsi elmi əlaqələri möhkəmləndirir və elmin inkişafına böyük dəstək olur. 2006-cı ildə İCTP, Azərbaycandan 5 tələbəni İtaliyanın aparıcı universitetlərində, İCTP-nin tam maliyyə dəstəyi ilə, təhsil alma təşəbbüsünü irəli sürmüşdür. Amma bəzi məmurların gizli ehtirazı və "fəaliyyəti" nəticəsində bu mümkün olmadı.

Niyə belə oldu? Maraq nə idi? Bu günə qədər mən bu suala cavab tapa bilmirəm. Yuxarıda qeyd etdiyim kimi, bu məmurlar artıq vəzifələrini itiriblər, amma qırılmış taleləri və itirilmiş gözəl imkanları kim bərpa edəcək ya qaytaracaq.

Bu gün Azərbaycan “Qoşulmama hərəkatında” sədirlik edir. Ümumdünya elmlər Akademiyası (1983-cü ildə yaradılıb) inkişafda olan ölkələrin alimləri üçün yaradılmışdır və yaradılarkan onun adı belə Üçüncü ölkələrin elmlər Akademiyası kimi keçirdi (Third World Academy of Sciences). Amma sonralar böyük elmi gücə çevrilərək, öz aralarında bir çox aparıcı alimləri, Nobel mükafatı laureatlarını birləşdirərək Ümumdünya elmlər Akademiyasına çevrildi və ona uyğun olaraq adıda dəyişdirildi (The World Academy of Sciences). Вu gün Akademiyanın sıralarında 90 ölkədən olan 1000-ə yaxın alim var və onlardan 15 Nobel mükafatı laureatıdır. Təəssüf ki, Ümumdünya elmlər Akademiyasının Azərbaycanla əlaqələrini möhkəmləndirmək cəhdimiz yenə də məmur müdaxiləsi və özbaşınalığı nəticəsində mümkün olmadı. Əməkdaşlıqla bağlı Azərbaycan məmurlarının qoyduğu şərtlər Akademiyanın Nizamnaməsinə zidd idi. Bu səlahiyyət sahibləri anlamadılar ki, belə əməkdaşlıq bizim ölkəmizə lazımdır, qarşı tərəfə yox.

Hesab edirəm ki, bu gün Ümumdünya elmlər Akademiyası ilə əlaqələri genişləndirmək məqsədə uyğun olardı.

Ümumdünya elmlər Akademiyasının ümumi iclası bir qayda olaraq keçirilən ölkənin prezidentinin çıxışı ilə başlayır bu da təşkilatın yüksək nüfuzundan xəbər verir. Ümumdünya elmlər Akademiyasının illik iclasının Bakıda keçirilməsi ölkəmizin həm nüfuzunun yüksəlməsinə, həmdə elmin inkişafına dəstək olardı.

Kadr hazırlığı. Elmin inkişafı bir başa təhsilin inkişafı ilə bağlıdır. Nə qədər təhsilin səviyyəsi yüksək olarsa o qədər elm imkişaf edər. Fəlsəfə doktoru dissertasiyalarının hazırlanmasında ciddi, bəlkə də inqilabi dönüş yaradılmalıdır. Bu haqda mən dəfələrlə mətbuatda və AMEA-nın ümumi iclaslarında demişəm, amma bu günə qədər bir dəyişiklik yoxdur. Təcrübə göstərir ki, bizdə bu gün fəlsəfə doktoru və ümumiyyətlə disertasiya müdafiə edən şəxslər dərin elmi biliklərə malik deyirlər. Fəlsəfə doktoru dissertasiyasını müdafiə etmək üçün ixtisas üzrə sadəcə bir (namizədlik minimumu) imtahanı verilir. Dünya sürətlə inkişaf edir və bu gün bir imtahanla gənc alimin potensislını aşkara çıxartmaq və ondan geniş düşüncəli mütəxəssis hazırlamaq mümkün deyil. Biz artıq dünyanın tutduğu yolla getməliyik. Hətda SSRİ zamanında, M.V.Lomonosov adına Moskva dövlət universitetində (bu gündə) aspirantlar mütləq 3-4 imtahan və 3-4 zaçet verirlər. Şəxsən mən aspiranturada oxuyarkan 3 imtahan və dörd zaçet vermişdim. Təbii ki. o zaman biz gənclər narazılığımızı ifadə edirdik ki, digər universitetlərdən fərqli olaraq daha çox imtahan veririrk, amma həyat bu yolun doğru və səmərəli olduğunu təsdiq etdi. Belə praktika Qərb ölkələrində qəbul olunub və artıq bir çox keçmiş Sovet Respublikaları da yenidən bu sistemə keçiblər. Müasir tələblərə cavab verən mütəxəssis hazırlamaq üçün lazımdır ki, fəlsəfə doktoru dissertasiyasının müdafiəsi üçün, elmi məsləhətçinin tövsiyəsi ilə, imtahaların sayı ciddi sürətdə artırılsın. Bu proses eyni zamanda dərs yükünü və müəllimlərin maaşlarının artmasına gətirəcəkdir. Pilot proyekti kimi, ilk olaraq fundamental (məsələn, riyaziyat sahəsində) elmlər sahəsində bunu AMEA-da, BDU və ADİU həyata keçirmək olardı. Bu iki universitetlərin rektorları təhsildə yeni ideyaların tərafdarlarıdır və uğurlu innovasiyalar həyata keçirirlər. Sonradan belə yanaşma digər elmlərə də şamil olunabilər. Şəxsən mən elm və təhsildə evolyusiya yollarının tərafdarıyam, amma hesab edirəm ki, bəzi zamanlar istisnalar ola rbilər. Mən əminəm ki, geci - tezi biz də bu sistemə keçəcəyik, amma vaxt gedir və nə üçün biz gözləməliyik.

Məlumdur ki, dünyada alimlər üçün ən produktiv yaş 35-55 arasıdır. Məhz, bu yaşda alimlər ciddi nəticələr, qrant və mükafatlar alırlar. Azərbaycanda elmdə bu nəsil çox zəif təmsil olunur. Çox az sayda yaşları 30-dan az və 55 yaşından yuxarı olan olan aktiv alimlərimiz var. Elmi baxımdan ən produktiv olan bölmədə (35- 55 arası) böyük boşluq var. Akademiyanın üzvlərinin yaşlarına nəzər salsaq görürük ki, ortalama yaş 60-ın xeyli üzərindədir. Bu isə seçki zamanı problem və doğru seçimə əngəl yaradır. Gənclər lazımı səviyyəyə hələ çatmamış, 35-55 arası isə ciddi kadr boşluğu vardur. Hesab edirəm ki, AMEA müvafiq icra strukturları ilə birgə islahatlar paketi hazırlayıb həyata keçirməlidir və elmə ayrılan vəsaitin xərclənməsi istiqamətləri və məbləği ciddi sürətdə nəzərdən keçirilməlidir. Ümumiyyətlə, AMEA-nın səmərəli fəaliyyəti üçün yol xəritəsi hazırlanmalı və bu məsələlər orada öz əksini tapmalıdır.

Elmin maliyyələşdirilməsi

Akademik L.A.Artsimoviç deyirdi: “Elm şəxsi düşüncə və təşəbbüsləri dövlət hesabına həyata keçirmək üçün ən yaxşı yoldur. SSRİ-də bu mümkün idi. SSRİ ÜDM-nun 5% elmə ayırırdı və ona görə ilk sputnik, ilk kosmonavt, lazerin kəşfi və d. məhz, SSRİ-də mümkün olmuşdu. Nə tarixdə, nə də bu gün dünyada elmə bu qədər vasait ayıran ikinci bir dövlət yoxdur. Elmə ən çox vəsait ayıran ölkələr İsrail və Cənubi Koreyadır (4.25% və 4.20%), digər ölkələrin ayırdığı vəsait 4% altındadır. Amma bu gün dünyada prioritetlər dəyişib, dövlətin hər bir qəpiyi dövlətin inkişafına yönəldilməlidir. Çoxlarının xoşuna gəlməsə də, şəxsən mən, elmə ayrılan vəsaitlərin düşünülməmiş, dərhal yüksəldilməsinin əlehinəyəm. Bu proses evolyusiya xarakteri daşımalıdır və ayrılan yeni vəsait məqsədyönlü istifadə olunmalıdır. Məsələn, AMEA-da institutların birləşdirilməsi məsələsinə baxılmalıdır. Nə ehtiyac var 20-30 işçisi olan institutlara?

Əsas məqsəd institutların dövlət əhəmiyyətli konkret mövzular ilə məşqul olmasıdır. İnstitutların birləşdirilməsi nəticəsində əldə edilən vəsait institutlarda və AMEA-da qalmalıdır. İnstitutların (Rəyəsət Heyətinin icazəsi ilə) və Akademiyanın rəhbərliyinə bu vasaitləri istifadə etməyə imkan yaratmaq lazımdır. İstifadə edilən vəsaitlərin ciddi nəzarəti olmalıdır, hansı məqsədlə xərçlənib və nə əldə edilib. Əldə edilmiş vəsait rəhbərlik tərəfindən maaşlara əlavə, beynəlxalq konfranslarda iştrak, Sabbatikal adlanan ezamiyələrə xərclənə bilər. (Sabbatikal xarici ölkələrə bir neçə həftə ya aylıq ezamiyyətdir və bunun üçün qəbul edən tərəfinin razılığı və ofislə təmin etmək məktubu lazımdır). Addım addım, elmə ayrılan vəsait əsasən qrant şəkilində olmalıdır. Qrantlar dövlət əhəmiyyətli məsələlərə ayrılmalıdır. AMEA hökümətlə bir yerdə qrantların hansı sahələrə ayrılmasını müzakirə edib bir məqsədə gəlməlidir. Bu istiqamətdə aparıcı beynəlxalq elmi mərkəzlərlə aparılan elmi araşdırmalara üstünlük verilməlidir. Ayrılan qrantların həcmi (əgər qrantlar səmərə veribsə) ildən ilə yüksəldilə bilər. Bu gözəl stimul olardı alimlər üçün. Belə prinsiplər bir çox ölkələrdə qəbul olunub. Məsələn, ABŞ-da, Milli elmlər Akademiyası 500 mlrd. dollardan çox vəsaitin elmi qurumlara qrant şəkilində verilməsi hüququna və imkanına malikdir. Amma, kiminsə təcrübəsini kor- koranə tətbiq etməyin də tərəfdarı deyilik, hər ölkənin keçdiyi bir tarixi yol var və ölkə ona uyğun olaraq fəaliyyət göstərməlidi. Hesab edirəm ki, Azərbaycanda elmə ayrılan vəsaitlər əsasən (böyük hissəsi) qrant şəklində, digər hissəsi bir başa institutlara dövlət əhəmiyyətli məsələlər üçün verilməlidir. Belə yanaşma heç bir nəticə verməyən alimlərin AMEA-da çalışmasına son qoyardı. Amma, bu o demək deyil ki, elmdə müəyyən naliyyətlər qazanmış amma yaşa dolmuş alimlər təminatsız qalmalıdır. Xeyir, belə alimlərə xüsusi pensiyalar vermək olardı. Məqsəd ondan ibarətdir ki, yaşa dolmuş alimlər təqaüdə çıxarkan praktiki olaraq dolanışıq problemi yaşamamalıdırlar. Məslən, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, əgər elmlər doktoru tam təqaüdə çıxarsa onun təqaüdünə 300 manat, fəlsəfə doktorlarına 200 manat əlavə olunur.

Bu məsələni lazımı qaydaya salıb həll etmək olardı. Gənc alimlərin fəaliyyətini stimullaşdırmaq üçün 35-40 yaşında gənclər üçün elm sahəsində Dövlət mükafatı təsis etmək olardı. Şərt deyil ki, bu mükafat hər il verilsin, 2-3 ildə bir dəfə verilə bilər. Təsadüfi və məmur təsirindən uzaq olmaq üçün belə mükafatların verilməsi üçün sərt şərtlər qoymaq olardı.

Elm haqqında qanuna əlavələr etmək lazımdır.

Azərbaycanın ərazisində fəaliyyət göstərən hər bir təşkilat elmi avadanlıq ya elmi produksiya (proqram təminatları və s. ) alarkan ilk öncə AMEA-ya müraciət etməli və AMEA belə tenderlərdə mütləq iştrak etməlidir. Hətta, AMEA xarici avadanlıqların alınmasında belə, imkan və əlaqələrindən istifadə edib daha münasib şərtlərlə bunu edəbilər. Bu gün elə komputer proqramları (proqram təminatları) var ki, bəzi təşkilatlar onları xaricdən alırlar, halbuki bizim mütəxəssislər (proqramçılar) bu işləri yüksək səviyyədə daha ucuz qiymətə hazırlaya bilərlər. Amma əfsuslar olsun ki, bəzi məmurların ücbatından belə mütəxəssislər bu işdən kanarda qalırlar. Hətta elmi qurumlarda maaş aşağı olduğundan savadlı və bacarıqlı proqramçıları işə götürmək olmur. Amma komputer texnoloyalarından istifadə etmədən, hətda humanitar sahədə böyük naliyyətlər əldə etmək müəyyən çətinliklərlə rastlaşır. Ümumiyyətlə, bu gün elmdə komputerlərin və müasir texnologiyaların imkanlarından istifadə etməyən ya etməyi bacarmayan alimlər Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsində olan qəhramanı xatırladırlar.

Biz elmdə islahatların həyata keçirilməsi üçün yuxarıdan administrativ göstərişləri gözləməməliyik. Ümummilli lider Heydər Əliyevin bizə etdiyi tövsiyyələrdən biri ondan ibarətdir ki, ancaq biz özümüz, öz müqəddaratımızı və gələcəyimizi müəyyən edib firavan həyat qura bilərik.

Hesab edirəm ki, AMEA-da islahatların hazırlanıb həyata keçirilməsi üçün yeni İslahatlar Şurası yaradılmalıdır, çünki elmdə və AMEA-da olan vəziyyəti bizdən başqa kimsə dərindən anlamaz və ürəyi yanmaz. Bu Şuraya daxil olan şəxslər tutduqları vəzifələrə görə deyil, elmdə yüksək nüfuzları olan və öz sözlərini demiş, dünya elmində vəziyyətdən xəbəri olan, dərindən anlayan, real görəcəkləri işlərə görə seçilməlidirlər.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və birinci vitse - prezidenti Xanım Mehriban Əliyeva elmə təhsilə və mədəniyyətə böyük qayğı göstərir və həmişə diqqət ayırırlar. Əminəm ki, elmi aləmdən lazımı ciddi təkliflər gələrsə ölkə rəhbərliyi tərəfindən bu təkliflərə dərhaı müsbət reaksiya veriləcəkdir.

Böyük elm mücahidi Cordano Bruno deyirdi:”Elm insan ruhunun qəhrəmanlığı üçün ən gözəl yoldur". Elmin elm yolunda qəhrəmanlıq göstərməyə hazır və qadir olan insanlara böyük ehtiyacı var. Əsil alim nə vəzifə, nə maddi dəyər, nə də şöhrət uğrunda mübarizə aparmır. Elm onların peşəsi, taleyi və layəqətidir.

Asəf Haciyev ,

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının

Parlament Məclisinin Baş katibi,

AMEA-nın akademiki, Ümumdünya elmlər Akademiyasının üzvü

  • Paylaşmağı unutma

Səhr yaz

......