Azərbaycan tarixinə dair ilk fundamental atlas nəşr olunub

Azərbaycan tarixinə dair ilk fundamental atlas nəşr olunub

Prezident İlham Əliyevin tarix xəritələrinin dərc olunması çağırışına cavab olaraq, bu günlərdə “Azərbaycan tarixi xəritələrdə” atlası nəşr olunub.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən"Report"a verilən məlumata görə, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan atlasın elmi redaktoru, “Ön söz”ünün müəllifi və naşiri AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov, layihə rəhbəri isə Vüqar Ağayevdir.

“Azərbaycan tarixi xəritələrdə” atlası Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli atlasdır. Atlasa ən qədim zamanlardan Vətən müharibəsinə qədərki dövrdə dünyanın müxtəlif ölkələrində dərc olunan və Azərbaycanın dövlətçilik tarixini əks etdirən ən mühüm xəritələr daxil edilib. Atlasda ilk dəfə olaraq Şimali Azərbaycanda çar Rusiyası dönəmində mövcud olan quberniya və qəzaların xəritələri təqdim edilir. Çar Rusiyası işğalları dövründə hərbi topoqrafların hazırladığı xəritələrdəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir və bu, sübut edir ki, ermənilər Cənubi Qafqazın aborigen etnosu - ən qədim yerli əhalisi deyillər.

Yeni nəşrdə Azərbaycan dövlətlərinin, o cümlədən Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyalarının xəritələri öz əksini tapıb. Atlasda Azərbaycan tarixçilərinin “Azərbaycan SSR xəritələri” atlası (1972), ilk “Azərbaycan tarixi atlası” (2007), ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2014) və “Azərbaycan Respublikasının Milli Atlası”nda (2014) çap olunan xəritələri də verilib. Ən maraqlı xəritələrdən biri isə Azərbaycan dövləti olan İrəvan xanlığının (1747-1828) xəritəsidir. Çünki müasir Ermənistan Respublikasının bütün ərazisi bu xanlığın torpaqlarıdır.

Ümumiyyətlə, atlasa 198 xəritə, o cümlədən böyük türk alimi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki dünya xəritəsi (1076), italyan kartoqraf Fra Mauronun “Mappa mundi” adlı dünya xəritəsi (1459), Qafqaz Hərbi Dairəsinin xəritəsi (1903) və Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi (1919) daxil edilib. Bu xəritələr sübut edir ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.

Qeyd edək ki, “Azərbaycan tarixi xəritələrdə” atlası Vətən müharibəsində qazanılan tarixi qələbənin nəticələrini əks etdirən xəritə (2021) ilə tamamlanır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed