BDU-nun Qazax Milli Universiteti ilə ikili diplom proqramının ilk məzunlarına diplomlar verilib
Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında magistratura pilləsində dəniz və enerji hüququ ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramının azərbaycanlı məzunlarına diplomlar təqdim olunub.
Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib.
Təqdimetmə mərasimində çıxış edən rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrinin gündən-günə genişləndiyini və artıq universitetin ikili diplom proqramlarının sayının 10-a çatdığını bildirib. Qeyd edilib ki, BDU Qazaxıstanın bir neçə ali məktəbi ilə ikili diplom müqaviləsi imzalayıb, bir neçəsinin imzalanması istiqamətində isə iş gedir.
Rektor dəniz və enerji hüququ ixtisaslaşmasının hər iki dövlət üçün ehtiyac duyulan ixtisaslardan olduğunu diqqətə çatdırıb. Bildirib ki, dəniz və enerji hüququ ixtisaslaşması üzrə ikili diplom proqramı çərçivəsində mütəxəssis hazırlığında təhsil-elm-innovasiya üçlüyünün qabaqcıl nailiyyətlərindən istifadə edilir. Proqrama qəbul olunan tələbələrə beynəlxalq ümumi dəniz hüququ, ümumi enerji hüququ, neft və qaz hüququ, həmçinin enerji və dəniz hüququ üzrə mövcud beynəlxalq konvensiyalar innovativ texnologiyalardan istifadə edilməklə tədris olunur. Tədris hər iki universitetin bu sahədə ixtisaslaşmış professorları tərəfindən ingilis dilində aparılır.
2020-ci ildə imzalanan proqram çərçivəsində 8 nəfər təhsil alıb. Onlardan 6-sı azərbaycanlı, 2-si qazaxdır.