Cəlilabadda orta məktəb binası bu vəziyyətdədir
Cəlilabad rayonunda Göytəpə şəhər V.Hüseynov adına 2 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb.
Bu barədə "Report"un yerli bürosuna bir qrup valideyn məlumat verib.
Onların sözlərinə görə, məktəbdə istilik sistemi, demək olar ki, yox vəziyyətindədir: "Məktəbin sinif otaqlarındakı taxta döşəmə çoxdan çürüyüb. Yağış suları sinif otaqlarına dolur. Elə vəziyyət yaranıb ki, təmir işləri aparmaq da qeyri-mümkündür. Aidiyyəti qurumlardan xahiş edirik ki, bu problemin həllinə kömək etsinlər".
Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Sektorundan bildirilib ki, problemlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub.
"Sözügedən məktəbdə hazırda 642 şagird təhsil alır. Bu məktəb binası 50 ildən çoxdur ki, istismardadır. Növbəti illərdə məktəb üçün yeni binanın tikintisi gözlənilir", - qurumdan bildirilib.