Cəlilabadda qəzalı məktəb üçün yeni modul tipli bina tikilir
Cəlilabad rayonunun Moranlı kənd ümumi orta məktəbi üçün yeni modul tipli bina quraşdırılır.
Bu barədə"Report"un yerli bürosuna orta məktəbin direktoru Ruslan Abbasov məlumat verib.
Onun sözlərinə görə, artıq yeni məktəbin inşası ilə bağlı 2 aydır ki, müvafiq işlər aparılır: "Hazırda məktəbin daxilində və həyətyanı sahəsində işlər görülür. İşlər bitən kimi yeni məktəb istifadəyə veriləcək".
Yeni modul tipli məktəb Prezident İlham Əliyevin 2022-ci il 19 sentyabr tarixli sərəncamına əsasən tikilir. Həmin sərəncam əsasında, Cəlilabad rayonunun Moranlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılır.
Qeyd edək ki, Moranlı kənd ümumi orta məktəbinin binası uzun müddətdir qəzalı vəziyyətdədir. Bu isə şagirdlərin həyatı üçün təhlükə yaradır.
Moranlının 50-yə yaxın şagirdi qonşu kəndlərdə məktəbə getməyə məcbur olub. Hazırda qəzalı vəziyyətdə olan orta məktəbdə 100-ə yaxın uşaq təhsil alır.
Xatırladaq ki, Moranlının orta məktəbi 1988-ci ildə taxta konstruksiyalardan inşa olunub və sonralar heç vaxt əsaslı təmir olunmayıb. Məktəbin binasının qəzalı vəziyyətə düşməsi ilə bağlı təxminən bir il öncə"Report"da material dərc olunub.