Elmlər Akademiyası nə səbəbdən fasiləsiz təhsilə qarşı çıxdı?
Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin "Elm haqqında" qanun layihəsindən çıxarılması tamamilə düzgün addımdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə jurnalistlərə deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan müharibə şəraitində olduğundan gənclərə magistratura və doktoranturada təhsil almaq üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi düzgün olmaz: "Bu gün hər bir gənc həm də Vətənə xidmət etməlidir".
A.Əlizadə deyib ki, AMEA gənc elmi kadrların hazırlığının təmin olunması üçün onları mütəmadi olaraq, xarici ölkələrə elmi təcrübələrə göndərir.
Bu prosesin hazırda da davam etdiyini deyən A.Əlizadə bildirib ki, həmin gənclərin Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etmək üçün yaxşı bir qüvvəyə çevriləcəyinə inanır.
A.Əlizadə əlavə edib ki, alimlər üçün tikilən yaşayış binasının inşası başa çatmaq üzrədir. Onun sözlərinə görə, həmin binada 50-60 alim mənzillə təmin olunacaq.
Milli.Az