Gündəliklər də problem mənbəyi oldu (Təhsil Nazirliyindən açıqlama)
Azərbaycan Təhsil Nazirliyi bəzi valideynlərin orta məktəblərdə müəllimlərin şagirdləri fərqli gündəliklərdən istifadəyə məcbur etməsi ilə bağlı narazılıqlarına cavab verib.
Nazirliyin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev Trend-ə bildirib ki, məktəblərdə iki cür, yəni I-IX və X-XI və ya I-IV və V-XI siniflər üçün nəzərdə tutulmuş gündəliklər istifadə edilir.
Bu gündəliklərin bir-birindən ciddi şəkildə fərqlənmədiyini deyən nazirlik rəsmisi bildirib ki, yuxarı siniflərdə fənlərin sayı aşağı siniflərə nisbətən çoxdur. Bu da yuxarı siniflərin gündəliklərində nəzərə alınıb: "Gündəliklər vahid formada çap edilir. Gündəliklərdə fərq ola bilməz. Onlar eyni olur, burada cədvəllər yerləşdirilir, həftənin günləri, ayların tarixləri qeyd edilir. Yəni müvafiq bir formadır. Sovet dövründə də bu, belə olub, indi də belədir. Ancaq indiki gündəliklərdə üstün cəhət odur ki, uşaqların onu xatırlaması üçün onlarda bəzi tarixi məlumatlar da yerləşdirilib".
Gündəliklərə Təhsil Nazirliyi tərəfindən nəzarət olunmadığını deyən Ə.Quliyev əlavə edib ki, bu vəsaitlər özəl nəşriyyatlar tərəfindən nəşr edilir: "Kim də hansı gündəliyi istəyirsə, onu alıb istifadə edə bilər. Yəni bu, məcburi deyil. Nazirlik onun nə satışına, nə də yayılmasına müdaxilə edir".
Qeyd edək ki, Trend-ə müraciət edən valideynlərin sözlərinə görə, onlar ibtidai sinif şagirdi olan övladlarına böyük siniflər üçün nəzərdə tutulmuş gündəliklər alıblar. Amma müəllimlər şagirdləri həmin gündəliklərdən istifadə etməyə icazə vermirlər və bildirirlər ki, onlar yalnız ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş gündəliklərdən istifadə etməlidirlər. Lakin gündəliklərin içində ciddi fərq olmadığından müəllimlərin bu tələbi valideynləri narazı salır.
Milli.Az