Gürcüstan azərbaycanlıları Qazax Müəllimlər Seminariyasında təhsil alacaq
Gürcüstanın Marneuli şəhərində ADA Universitetinin nümayəndələri azərbaycandilli ictimai məktəblərin müəllim və direktorları ilə görüş keçiriblər.
“Report”un yerli bürosu xəbər verir ki, “Çay evi”ndə baş tutan görüş iştirakçılarına ADA Universitetinin yeni ixtisasları və Qazax mərkəzi barədə məlumat təqdim olunub.
Görüşdə pedaqoqları maraqlandıran suallar cavablandırılıb.
Ali məktəbin Təhsil fakültəsi üzrə rəhbəriSəidə Nəbiyeva“Report”a bildirib ki, Qazax Müəllimlər Seminariyasının nəzdində ADA Universitetinin Qazax Mərkəzində iki yeni ixtisas açılır: “Bu ixtisaslara təhsil üzrə menecment və təlim və tədrisin metodikası və təşkili daxildir. Marneulidə yaşayan və çalışan müəllimləri proqram barədə məlumatlandırdıq. Ümid edirik ki, Gürcüstandan olan soydaşlarımız arasında Qazax filialında təhsil almağa maraq göstərənlər olacaq. 2022-2023-cü tədris ilində açılacaq yeni ixtisaslarda tələbələrin arasında Marneuli və azərbaycanlıların yaşadığı digər bölgələrdən soydaşlarınızı görməyə məmnun olardıq”.
ADA Universitetinin nümayəndələri bu gün həmçinin Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində ADA Universitetinin bakalavr ixtisasları barədə təqdimat da keçirəcəklər.
Qeyd edək ki, ötən ilin oktyabrında ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə Niyyət sazişi imzalanıb. Sazişi imzalamaqla tərəflər seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürüblər. Qazax Müəllimlər Seminariyasında dərslərin bu ilin sentyabr ayından etibarən başlayacağı gözlənilir.