Hansı universitetlərə qəbul olmayacaq?
Prezident yanında Təhsil üzrə Komissiyanın 2015-ci il 30 aprel tarixli qərarı ilə 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat, magistratura, rezidentura səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq edilib.
FaktXəbər-in Təhsil Nazirliyinin saytına istinadən məlumatına görə, bu il ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq, 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub.
Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb.
Dövlət sifarişi üzrə plan yerləri iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət ixtisas qruplarına daxil olan ixtisaslar üzrə azaldılıb, həmin yerlərin hesabına təhsil, texniki və texnoloji ixtisaslarına dövlət sifarişi yerləri artırılıb.
Özəl ali təhsil müəssisələrinə tələbə qəbulu planı keçən ilə nisbətən 6,1 faiz artırılaraq, 6 549 yer planlaşdırılıb. Bakı Asiya Universitetinin müraciətini nəzərə alaraq, bu ali təhsil müəssisəsinə qəbul planlaşdırılmayıb. Eyni zamanda, Azərbaycan Müəllimlər İnstitutunun müraciətinə əsasən, Qazax və Zaqatala filiallarına da bu il qəbul aparılmayacaq.
Müzakirələr zamanı komissiyanın üzvləri Təhsil Nazirliyinin təklifini qəbul edərək, Geologiya (300 bal), Kompüter elmləri (300 bal), Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (250 bal), İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (250 bal), İnşaat mühəndisliyi (250 bal), Nəqliyyat tikintisi mühəndisliyi (250 bal) ixtisasları üzrə müsabiqəyə ümumi balı yuxarıda qeyd olunan baldan aşağı olmayan abituriyentlərin buraxılmasını qərara alıb. Növbəti illərdə belə ixtisasların siyahısı daha da artacaq.
Ali təhsil müəssisələrində bakalavr buraxılışı olmayan ixtisaslar üzrə magistraturaya plan yerləri ayrılmayıb, magistraturaya qəbul planı əvvəlki tədris ilinə nisbətən 167 yer artırılaraq, 6 492 yer (onlardan 2 522 dövlət sifarişli) nəzərdə tutulub.
Orta ixtisas təhsili müəssisələrinə qəbul planı 15 061 yer müəyyən olunub.