Hökumət ali məktəblərə səlahiyyət verdi, amma…

Hökumət ali məktəblərə səlahiyyət verdi, amma…

Sentyabrın 29-da ali məktəblərdə dərslər başlayır. Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilməlidir. Eyni zamanda, müəllimlərin (professor-müəllim heyətinin) müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılıb.

Təhsil Nazirliyi isə tədrisin təşkilini universitetlərin öz öhdəsinə buraxıb, amma nazirliklə razılaşdırmaq şərti ilə.

“Report”un əməkdaşı ali məktəblərdə tədrisin necə təşkil olunacağı məsələsini araşdırıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, dərslərin təşkili qaydası ilə bağlı qərara uyğun olaraq ali təhsil müəssisələrində auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla (tələbələr arasında 1 metr məsafə saxlanılmaqla) istifadə olunacaq: “Professor-müəllim heyətinin eyni zamanda müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılacaq. Sıxlıq yaranmaması üçün tələbələrin universitetə daxil olması iki ayrı qapıdan həyata keçiriləcək. İlk olaraq tələbələrin temperaturu yoxlanılacaq. Bunun üçün hər qapıda 10 əməkdaş xidmət göstərəcək. Hər iki qapıda 10 ədəd turniket quraşdırılıb. Turniketdən istifadə etmək üçün tələbələrə smartkartlar paylanılır. Tələbələrin COVID-19 pasportu da həmin smartkarta inteqrasiya olunur. Bu da o deməkdir ki, turniketdən istifadə zamanı vaksinasiyadan keçən və keçməyən tələbələr (18 yaşdan yuxarı) avtomatik müəyyən olunacaq. 18 yaşdan yuxarı COVID-19 pasportu və ya immunitet sertifikatı olmayan tələbələr universitetə buraxılmayacaq. Artıq tələbələrin 83 %-i, müəllim və əməkdaşların isə 92 %-i vaksinasiyadan keçib. Universitetin daxili və həyətyanı ərazisi mütəmadi olaraq dezinfeksiya olunur”.

Hökumət ali məktəblərə səlahiyyət verdi, amma… - 2

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov deyib ki, ali təhsil müəssisəsində Nazirlər Kabinetinin verdiyi qərara uyğun olaraq sentyabrın 29-da ənənəvi tədris bərpa olunacaq: “Universitet həftəlik dezinfeksiya tədbirlərinə və Operativ Qərargahın qaydalarına müntəzəm riayət edəcək. Vaksinasiya qaydalarına xüsusi əməl olunması tapşırılıb. Universitetdə dərslər fakültələrdə tələbə sayına uyğun 2 və ya 3 növbədə keçiriləcək. Bəzi fakültələrdə qrup birləşmələri olan dərslərin mühazirələri onlayn qaydada təşkil olunacaq. Auditoriyalarda dərslər tələbələrin sayı auditoriyanın 70 %-dən artıq olmaması şərti ilə təşkil ediləcək. Bufet, oxu zalları, yataqxana, idman zalları fəaliyyətini bərpa edəcək. Qarşıdakı günlərdə pandemiyanın gedişinə uyğun yeni qərarlar verilə bilər”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (ADMİU) Mətbuat və informasiya şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva vurğulayıb ki, ali təhsil müəssisələrinin əməkdaşlarının 90 faizi vaksinasiyadan keçib: “Qalanlarının isə əks-göstəriş sertifikatı var. Binaya girişdə 18 yaşdan yuxarı tələbələrdən COVID-19 pasportu tələb olunacaq. Auditoriyaların 70%-dən artıq dolmamasına əməl olunacaq. Ümumilikdə universitetdə dezinfeksiya işləri aparılır. Hər mərtəbəyə dezinfeksiyaedici məhlullar yerləşdirilib. Qrup birləşmələrində dərslər daha böyük auditoriyalarda təşkil ediləcək, məqsəd sosial məsafənin gözlənilməsidir. Tələbələrlə də əlaqə saxlanılır və vaksin olunmaları istiqamətində danışıqlar aparılır. Onlar COVID-19 pasportu olmadan universitetə buraxılmayacaqları barədə məlumatlandırılıblar. Qərara uyğun olaraq həyata keçirilən işlər hamısı nəzarətdədir”.

Hökumət ali məktəblərə səlahiyyət verdi, amma… - 3

Bəhruz Nəzərov

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov vurğulayıb ki, sentyabrın 29-dan əyani tədrisə start verilir: “Tələbələr sosial məsafə gözlənilməsi şərtilə tədrisdə iştirak edəcəklər. Qrup birləşmələri zamanı auditoriyaların həcmi qaydalara uyğun yerləşdirilməyə imkan verməzsə, yoluxma hallarının qarşısının alınması üçün tələbələrin bir qismi dərsə auditoriyadan, bir qismi isə onlayn qoşulacaq. Universitetdə COVID-19-la mübarizə üçün İşçi qrup yaradılıb. Hər hansı şübhə olarsa, oraya müraciət edilə bilər. Hər mərtəbədə təcrid otaqları yaradılıb. Eyni zamanda tələbələrdən virusa yoluxan olarsa, həmin qrupun digər tələbələri onlayn formada dərslərdə iştirak edəcəklər”.

Hökumət ali məktəblərə səlahiyyət verdi, amma… - 4

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova qeyd edib ki, həm seminar məşğələlər, həm də mühazirələr əyani şəkildə tədris olunacaq: “Auditoriyaların tutumunun 70 faizinə tələbə yerləşdiriləcək. 65 yaşdan yuxarı müəllimlər də tədris prosesində iştirak edəcəklər. Həmçinin pandemiya qaydalarına uyğun digər zəruri tədbirlər həyata keçiriləcək”.

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinin müdiri Günel İsgəndər isə bildirilib ki, tədrisin təşkili ilə bağlı ali təhsil müəssisəsinin Elmi Şurası qərar qəbul edəcək.

Ali məktəblərdə şənbə günü dərslərin təşkil olunub-olunmayacağına gəlincə, qeyd edilib ki, hələlik bununla bağlı yekun qərar verilməyib.

  • Paylaşmağı unutma

Səhr yaz

......