İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri və finalçıları “Global Management Challenge” yarışında iştirak ediblər
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Vüsalə Bayramova, həmçinin “Yüksəliş” müsabiqəsinin finalçıları Elnur Məmmədli, Murad Musayev və David Poladovdan ibarət “Travellers” komandası oktyabrın 3-dən 5-dək İspaniyanın Santiaqo de Kompostela şəhərində keçirilən “Global Management Challenge” (GMC) yarışının beynəlxalq finalında iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 15-dən 21-dək ilk dəfə olaraq Azərbaycanda dünyanın ən böyük strategiya və idarəetmə müsabiqəsi olan GMC yarışının onlayn formatda milli seçim turu və finalı keçirilib.
AZƏRTACxəbər verir ki, “Yüksəliş” müsabiqəsinin qalib və finalçılarından ibarət komanda bu mərhələni qazanaraq müsabiqənin beynəlxalq finalında iştirak haqqı qazanıb.
Biznes simulyator platformasında keçirilən GMC ilk dəfə 1979-cu ildə Portuqaliyada iri şirkətlərin rəhbərləri arasında keçirilib. 1984-cü ildə isə yarış ilk dəfə beynəlxalq formatda keçirilib. Müsabiqədə 3-5 nəfərlik komandalar yarışır – şərti şirkətin fəaliyyətini idarə edir, 70-dən çox parametr üzrə müxtəlif qərarlar verir, bu qərarların əsasında simulyator idarə olunan şirkətin səhmlərinin dəyərini müəyyən edir. Səhmləri ən yüksək qiymətə olan şirkət (komanda) qalib gəlir. Yarışda müxtəlif illərdə 40-a yaxın dövlət iştirak edib. Bu il isə yarışda 3 fərqli qrupda 15 komanda iştirak edib.