İmtahandan keçən müəllimlərin maaşı artdımı?
"2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 140 mindən çox müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, ölkə başçısının sərəncamına əsasən, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb".
Bunu Təhsil Nazirliyində keçirilən müşavirədə Nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov deyib.
Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan gənc müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirləri diqqətə çatdıran E.Bağırov bu tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxunun ucqar bölgələrdə fəaliyyətə başladığını, hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirlərinin tətbiq olunduğunu bildirib: "Son illərdə müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər nəticəsində ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi əhəmiyyətli dərəcədə artıb".