İnteryer dizayner – bu peşəyə yüksək tələbat var

İnteryer dizayner – bu peşəyə yüksək tələbat var

Bakı, 18 yanvar, Aysel Azad,AZƏRTAC

Dizayner peşəsi maraqlı və yaradıcıdır. Üstəlik, hazırda bu sahəyə yüksək tələbat var. Əsas üstünlüklərindən biri də odur ki, bu peşəni istənilən yaşda öyrənə bilirsən.

AZƏRTAC-ın əməkdaşı interyer dizayner sənətinin öyrədildiyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.

Mərkəzdə interyer dizayner peşəsi 2021-ci ildən tədris olunur. Hazırda bu ixtisasda 2 qrup təhsil alır.

İkinci kursların müəllimi Ayşən Həsənova deyir ki, digər peşələrdən fərqli olaraq burada tədris müddəti fərqlidir. Belə ki, ümumi orta təhsillərini başa vurduqdan sonra qəbul olanlar 4 illik, tam orta təhsildən müraciət edənlər isə 3 illik tədrisə cəlb olunurlar: “3 illik yüksək texniki peşə (YTP ) təhsili alan tələbələr ixtisas və qeyri-ixtisas fənni ( modul) üzrə dərslər keçirlər. İnteryer dizayn ixtisası yalnız rənglər, parçalar və mebellərlə bağlı deyil. Bunlar interyer dizaynerin formalaşmasında və işində mühüm rol oynayır. Lakin tələbə bina strukturları, erqanomika, məkan anlayışları, etika, psixologiya, kompüter dəstəkli rəsm (CAD) kimi əlaqəli mövzularda da yaxşı biliyə sahib olmalıdır. Bu müəssisədə interyer dizaynixtisasının daha yaxşı mənimsənilməsi üçün AutoCad, 3D Studio Max, Revit, Sketchup proqramları da illik dərs yükünə daxil edilib.

Birinci kurslara interyer dizayner ixtisasını tədris edən Nazilə Mədətova bildirir ki, memarlıqda insan öz təcrübələrini bölüşməklə yanaşı, yeni layihələrə həvəsi olmalıdır: “Burada tələbələrin iş qabiliyyəti ilə yanaşı, zövqləri, ideyaları formalaşır. Çalışırıq ki, tələbələr təkcə mühazirə ilə kifayətlənməsinlər, həm də təcrübə toplasınlar. Tələbələr 3 il ərzində nəzəri, təcrübi biliklərə yiyələnir, 4-cü kursda isə artıq istehsalat təcrübəsinə göndərilirlər. Layihə hazırlayarkən öyrəndiklərini artıq istehsalat təcrübəsində həyata keçirirlər. Adətən inşaata gedirlər. Bu ixtisasın digərlərindən fərqi hər tələbə ilə individual məşğul olunmasıdır. Tələbələr qabiliyyətlərinə uyğun yönləndirilirlər”.

İxtisasda müxtəlif yaş qruplarında tələbələr təhsil alır. Onlardan ən gəncinin 15, ən böyüyünün isə 30 yaşı var.

Tələbələrdən 16 yaşlı Xəyal Hadıyev uşaqlıqdan bu sahəyə maraqlı olduğunu bildirir. Sosial şəbəkələrdən mərkəz haqqında məlumat alan Xəyal vaxt itirmədən müraciət edib. Memar olmağı arzulayan bu tələbə dərslərlə kifayətlənməyib, evdə də öz üzərində çalışır.

15 yaşlı Fatimə Cəbrayıl isə 9-cu sinifdə təhsil alandan bu sahədə ixtisaslaşmaq istədiyini deyir. Bildirir ki, yeni gələndə əl qabiliyyəti olmasa da, müəllimləri sayəsində özünü inkişaf etdirib. Özünü gələcəkdə böyük şirkətin memarı olaraq görür.

Mərkəzin tələbələrindən Xədicə Əhmədova və Cəfər Əzizov “ İdea Grup”un təşkil etdiyi yay təcrübə proqramında iştirak üçün tələbələr arasından seçiliblər. Onlar həm də Şəki Tütün Fabrikini layihələndiriblər. Xədicə Əhmədovanın 18 yaşı var. Uşaqlıqdan öz evinin, otağının interyerini hazırlamağı xəyal edib. Bu yolda ən böyük dəstəkcisinin ailəsi olduğunu deyən Xədicə gələcəkdə ölkəmizi xaricdə təmsil etməyi planlaşdırır.

Tələbələr arasında sərbəst qrafiklə şirkətlərlə əməkdaşlıq edənlər də var. Onların üstünlükləri peşə məktəblərindəki təhsilin yalnız nəzəri deyil, praktiki hissəsinin də olmasıdır. Burada tələbələr yalnız dizayner deyil, həmçinin memarlıq biliklərinə də yiyələnirlər. Tələbələr hər dərs ilinin sonunda 1 aylıq istehsalat dərslərinə yollanırlar. Özlərini doğrultduqları təqdirdə həmin şirkətlərdə işlə təmin olunacaqlar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed