İrəvan Müəllimlər Seminariyası - 140

İrəvan Müəllimlər Seminariyası - 140

“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamını milli yaddaşın bərpasına hədəflənib. Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir. Keçmişi bilməmək yalnız indi baş verənlərin dərkinə deyil, həm də gələcəyə nüfuz etmək təşəbbüslərinə mane olur. Keçmiş bu günlə bağlı olduğu kimi, həm də gələcəklə sıx bağlıdır. Təkcə bu günü deyil, sabahı, gələcəyi dərindən dərk etmək, qiymətləndirmək baxımından da keçmişi yaxşı öyrənməli və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmalıyıq. Bu baxımdan İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edir. Bu Sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “İrəvan Müəllimlər Seminariyası - 140” sərlövhəli yazısında yer alıb.AZƏRTACməqaləni təqdim edir.

İrəvanda yeni məktəb sisteminin yaradılması XIX əsrin 30-cu illərinə təsadüf edir. Yerli xalqları itaətdə saxlamaq, ruslaşdırma və xristianlaşdırma siyasətini həyata keçirmək, çarizmin hökmranlığını möhkəmləndirmək məqsədilə milli ucqarlarda qəza məktəblərinin açılmasını nəzərdə tutan Zaqafqaziya məktəblərinin ilk nizamnaməsi (1829) qəbul olundu. Bu nizamnaməyə görə, Cənubi Qafqazda 20 qəza məktəbinin açılması nəzərdə tutulurdu. 1832-ci ildə İrəvan şəhərində ilk dünyəvi məktəb – ikisinifli qəza məktəbi yaradıldı. Qəza məktəbi 1839-cu ildə üçsinifli qəza məktəbinə, 1869-cu ildə dördsinifli progimnaziyaya, 1881-ci ildə gimnaziyaya çevrildi. Gimnaziyanın 600-ə yaxın azərbaycanlı məzunu olub. Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin pedaqoji fəaliyyətinin mühüm bir hissəsi bu gimnaziya ilə bağlı olub. İrəvan şəhərində yeni üsullu anadilli məktəblərin meydana gəlməsi də həmin dövrə təsadüf edir. Məşədi Molla İsmayıl Hacı Kazımov, Mirzə Kazım Əsgərzadə 1882-ci ildə, Mirzə Həsən Rüşdiyyə 1883-cü ildə Təbrizdən İrəvana gələrək orada yeni üsullu məktəblər açdılar. İrəvan quberniyasında ildən-ilə qəza məktəblərinin və ibtidai kənd məktəblərinin yaradılması xalq müəllimlərinə zəruri ehtiyac yaratmışdı. O dövrdə ibtidai məktəblər üçün xalq müəllimləri seminariyalarda və müəllimlər institutlarında hazırlanırdı.

Müəllimlər seminariyasının ilk əsasnaməsinə görə, bu tip təhsil müəssisəsinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi. 1875-ci ildə qəbul edilən “Müəllimlər seminariyaları haqqında təlimat”da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. Rusiya Dövlət Şurası 1880-cı il oktyabrın 20-də "Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi haqqında” qərar qəbul etdi. İrəvan Seminariyasına dövlət xəzinəsindən 28.350 rubl vəsaitin ayrılması nəzərdə tutuldu. İrəvan Müəllimlər Seminariyası 1881-ci il noyabrın 8-də 9 müəllim, 42 şagirdlə İrəvan Xalq Təsərrüfatı İnstitutunun indiki binasında fəaliyyətə başladı. Seminariyanın ilk direktoru görkəmli maarifçi Yakob Stepanoviç Suşevski olub. Burada təhsil müddəti 3 il idi, nəzdində hazırlıq sinfi, nümunəvi ibtidai məktəb fəaliyyət göstərirdi. Tələbələr pedaqoji təcrübəni həmin məktəbdə keçirdilər. Seminariyanın nəzdində pansionat (yataqxana) fəaliyyət göstərirdi. Burada azərbaycanlılarla bərabər, erməni, gürcü, rus və digər xalqların uşaqları təhsil alırdı. Bu qurumun əsasnaməsi Qori Müəllimlər Seminariyasının əsasnaməsi ilə eynilik təşkil edirdi. Seminariya fəaliyyətə cəmi 2 qrupla (böyük hazırlıq qrupu və birinci sinif) başlamışdı. Sonrakı dərs ilində ikinci sinif, 1883-cü ildə üçüncü sinif təşkil olunmuşdu. Digər seminariyalar kimi, İrəvan Müəllimlər Seminariyası da 4 sinifdən ibarət idi. Hər il hazırlıq qrupuna və birinci sinfə şagird qəbulu elan edilirdi. Şagirdlərin II və III siniflərə birbaşa qəbuluna icazə verilmirdi. Birinci sinfə qəbul olunanlar ilahiyyat, rus dili, hesab, həndəsə, coğrafiya, tarix və biologiya fənlərindən imtahan verməli olurdular. 1883/1884-cü tədris ilində hazırlıq qrupunda həftəlik dərs saatlarının miqdarı 36 saat, I sinifdə 38 saat, II sinifdə 39 saat, IV sinifdə isə 40 saat olub. Sonrakı illərdə şagirdlərin və müəllimlərin sayı artıb. 1882-ci ilin dekabr ayına olan məlumata görə, burada 54 şagird oxuyurdu.

Seminariyanın nəzdindəki ibtidai məktəbdə 1882/1883-cü tədris ilində 61 şagird təhsil alırdı ki, onlardan da 13-ü azərbaycanlı idi. 1889-1900-cu illərdə şagirdlərin sayı 82 nəfərə çatmışdı. Nümunə məktəbinin müdiri ayrı-ayrı vaxtlarda V.A.Muxin, A.Suvorov, ilk azərbaycanlı müəllimi isə Məşədi Bağır Qasımzadə olub. Aşağı hazırlıq sinfində azərbaycanlı uşaqları həftədə 5 saat rus dili, 5 saat riyaziyyat, 4 saat ilahiyyat, 2 saat tarix, 2 saat coğrafiya, 2 saat fizika, 2 saat təbiətşünaslıq, 2 saat nəğmə, 2 saat hüsnxət, 2 saat rəsm, 2 saat rəsmxət (həftədə cəmi 30 saat) öyrənirdilər. Azərbaycanlı uşaqlar rus dilini, rus adət-ənənəsini, tarixini və coğrafiyasını öyrəndikdən sonra xristian uşaqları ilə birlikdə oxuya bilərdilər. Aşağı hazırlıq sinfinə rus dilini bilməyən uşaqlar qəbul olunurdu. Azərbaycanlı şagirdlərin aşağı hazırlıq siniflərinə daxil olması və seminariyada 5 il oxuması məcburi deyildi. Siniflər komplektləşdirilərkən şagirdlərin hazırlıq səviyyələri nəzərə alınırdı. Rus dilində danışmağı bacaran, müəyyən hazırlıq səviyyəsi olan şagirdlər yuxarı hazırlıq siniflərinə, yaxud birinci sinfə qəbul edilirdi. Seminaristlər 2–si sinifdə 4 saat, 3-cü sinifdə 8 saat ibtidai məktəbdə təcrübədə olurdular.

İrəvan Müəllimlər Seminariyasında dərs deyən ilk azərbaycanlı müəllim dövrünün görkəmli alimi, maarifçi-pedaqoq Axund Məmmədbağır Qazızadə olub. O, seminariya açılan gündən 1897-ci ilə qədər burada ilahiyyat və Azərbaycan dilindən dərs deyib, 1897-ci ildən 1917-ci ilədək isə yalnız ilahiyyat fənnini tədris edib. 1892-ci ildən başlayaraq seminariyada Azərbaycan dili dərslərini Mirzə Rəhim Xəlilov tədris edib. M.R.Xəlilov özü 1881-ci ildə həmin seminariyanı bitirmiş və bu vəzifəyə müəllimi Axund Məmmədbağır Qazızadənin təqdimatı əsasında götürülmüşdü. Seminariyada Azərbaycan məktəbləri üçün müəllimlərin hazırlanmasında Axund Məmmədbağır Qazızadənin böyük xidmətləri olub. O, bütün bilik və bacarığını müəllim kadrları hazırlığına sərf etmişdir. Ayrı-ayrı vaxtlarda Axund Məmmədbağır Kazımzadə, Mirzə Məmmədvəli Qəmərli, Rəşid bəy Şahtaxtinski, Məmmədbağır Qazızadə, Həmid bəy Şahtaxtinski, Cəfər bəy Cəfərbəyov, Məmməd Axundov, Axund Məmmədbağır Tağızadə, Mirzə Cabbar Məhəmmədzadə seminariyada şəriət və ya Azərbaycan dili fənnini tədris ediblər.

Digər seminariyalarda olduğu kimi, İrəvan Müəllimlər Seminariyasında da təhsil pullu idi. Şagirdlərin müəyyən hissəsi dövlət vəsaiti hesabına oxuyurdu. Qəbul olunanlar birinci dərs ilində 210 manat, sonrakı illərdə isə 180 manat təhsil haqqı ödəyirdilər. 1907-ci ilin məlumatına əsasən, burada təhsil alan 70 şagirddən yalnız 20 nəfəri öz hesabına oxuyurdu. “Qafqaz kalendarı”nın 1913-cü il sayında verilən məlumata görə, seminariyada təhsil alan 128 tələbədən 46-sı rus, 37-si erməni, 30-u azərbaycanlı, 6-sı gürcü, 9-u digər millətin nümayəndələri olublar.

İrəvan Müəllimlər Seminariyasının ilk buraxılışı 1884-cü ildə olub. Həmin il məktəbi 5 azərbaycanlı bitirmişdi. Seminariyanın 10-cu buraxılışı 1893-cü ildə, 20-ci buraxılışı 1903-cü ildə, otuzuncu buraxılışı isə 1913-cü ildə olub. XIX əsrin sonlarında Cənubi Qafqazda işləyən kənd məktəbləri müəllimləri və müdirlərinin xeyli hissəsi müxtəlif illərdə həmin seminariyada ekstern yolu ilə imtahan verərək müəllimlik hüququ qazanmışdılar. Seminariyanın pedaqoji şurasının qərarına əsasən, 1895-ci ildə Cəlil Mirzəyev, Tağı bəy Səfiyev, Məmməd bəy Qazıyev, 1902-ci ildə isə İbadulla bəy Muğanlinski, Cabbar Məmmədov, Şamdan Mahmudbəyov və başqalarına kənd müəllimi adı verilib. Bu nəcib işin də təşəbbüsçüsü və təşkilatçısı qocaman maarif xadimi Axund Məmmədbağır Qazızadə olub. Məzunların təyinat üzrə kənd məktəblərində işləməsi məcburi idi. Seminariyanın 1910-cu il məzunu Mehdi Kazımova verilən sənəddən aydın olur ki, o, təyinat üzrə 6 il işləməyə borcludur, əks halda xəzinəyə 520 rubl ödəməlidir.

Əhməd bəy Qaziyev, Əli Əşrəf Qaziyev, Həsən bəy Axund Molla Xəlil bəy oğlu Qaziyev, Fərəməz Mahmudbəyov, Yusif bəy Qaziyev (Qazızadə), Məmməd bəy Əli bəy oğlu Mahmudbəyov, Xəlil Məmmədəliyev, Həsən Nəsirbəyov, Saleh Məşədi Teymur oğlu Güllücinski, Ağa bəy Rəhim bəy oğlu Firudinbəyov, Abbas Qədimov, Abbas Allahverdi oğlu Qədimov, Mir Haşım bəy Vəzirov, Əli Sultanov, Fərrux Ağakişibəyov, Əli Cəlilzadə, Mirzə Bağır Əliyev, Şıxəli bəy Firudinbəyov, Cəfərbəy Cəfərbəyov, İbrahim Şahtaxtlı, Vahid Musabəyov, Rəşid bəy İsmayılov, Həbib bəy Səlimov, İsmayıl bəy Şəfibəyov, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Mirzə Abbas Məhəmmədzadə, Cabbar Məhəmmədzadə, İbadulla bəy Muğanlinski, Vahid Musabəyov, Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Haşım bəy Nərimanbəyov, Şamil Mahmudbəyov, Həmid bəy Şahtaxtinski, İbadulla bəy Muğanlinski və başqları ayrı-ayrı vaxtlarda seminariyanın məzunları olublar. Türkiyənin görkəmli rəssamlarından olan İbrahim Səfi də həmin seminariyanı bitirib.

Seminariyaya ayrı-ayrı vaxtlarda Yakob Stepanoviç Suşevski, İvan Andreyeviç Pasyuteviç, Mixail Alekseyeviç Miropiyev, Valentin Vasilyeviç Dubromin rəhbərlik ediblər.

İrəvan Müəllimlər Seminariyası şəhərdə yalnız təhsil ocağı deyil, elm və mədəniyyət mərkəzinə çevrilmişdi. 1881-ci ildən 1914-cü ilədək İrəvan Müəllimlər Seminariyasını 63 azərbaycanlı bitirmişdi.

1915-ci ildə İrəvan Müəllimlər Seminariyası Sərdarabada (indiki Armavirə) köçürüldü və 1918-ci ilə kimi orada fəaliyyət göstərdi. Həmin dövrdə seminariyaya B.B.Dobromin rəhbərlik edirdi. Seminariyada 3 ilahiyyat müəllimi, 9 fənn müəllimi və 1 həkim çalışırdı. Azərbaycan dili fənnini Mirzə Cabbar Məmmədov, şəriət fənnini isə Axund Məmmədbağır Qazızadə tədris edirdi. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə səbəbindən seminariya fəaliyyətini dayandırdı, müəllimlərin və tələbələrin bir qismi amansızcasına qətlə yetirildi, sağ qalanlar isə doğma yurdlarını tərk edərək Türkiyə və Azərbaycana pənah apardılar. Çar Rusiyasının bilavasitə dəstəyi ilə qədim Azərbaycan torpağında yaradılan İrəvan quberniyasının əsasında Rusiya Sovet Federativ Sosialist Respublikasının köməyi ilə ilk erməni dövləti (Ararat) yaradıldı. Bu torpağın qədim sakinləri - azərbaycanlılar isə öz vətənlərində azsaylı xalqlardan birinə çevrildilər. Ermənistan K(b)P MK-nın nəzdində fəaliyyət göstərən Azsaylı xalqlar şöbəsinin müdiri Bala Əfəndiyevin, Xalq Maarif Komissarlığının “Azlıqda qalan millətlər" bürosunun rəhbəri Mehdi Kazımovun, "Zəngi" qəzetinin məsul redaktoru Mustafa Hüseynovun və digər ziyalıların milli iradəsi və təkidli tələbləri sayəsində 1924-cü ilin oktyabrın 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldı. Bir il sonra İrəvan Türk Pedaqoji Texnikumuna dövlət xadimi Nəriman Nərimanov adı verildi. Məqsəd azərbaycanlıların təhsil aldığı məktəbləri ibtidai sinif müəllimi ilə təmin etmək idi. Lakin İrəvan Müəllimlər Seminariyasının ənənələrini yaşatmaqla bölgədə əbədi-mədəni və təhsil mühitinin formalaşmasında və inkişafında mühüm rol oynayan Türk Pedaqoji Texnikumu ilk vaxtlardan böyük çətinliklərlə üz-üzə qaldı. 1949-cu ildə isə azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiyası ilə əlaqədar olaraq Xanlar rayonuna köçürüldü... Beləliklə də, azərbaycanlıların indiki Ermənistan ərazisindən – Qərbi Azərbaycandan kütləvi deportasiyasına zəmin hazırlandı və 1988-ci ilin qarlı-şaxtalı noyabr- dekabr aylarında həyata keçirildi.

Millət yaratdığı şərəfli tarixi ilə özünü ifadə edir. İndi yadlara, yağılara qalan qədim İrəvan şəhərində 140 il bundan əvvəl fəaliyyətə başlayan Müəllimlər Seminariyası təhsil və pedaqoji fikir tariximizin, maarifçilik tariximizin, milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir.

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin keçirilməsi ilə bağlı Sərəncam təhsil tarixinin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsinə, tədqiq və təbliğ olunmasına təkan verəcəkdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed