Karantinlə bağlı məktəb direktorlarına nə tapşırıqdı?
Ümumi, məktəbdənkənar və orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyət, yeni tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirələr keçirilib.
Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən müşavirələrdə rayon (şəhər) təhsil şöbə (idarə) müdirləri, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları və respublika ərazisində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin direktorları da iştirak ediblər.
Müşavirələrdə çıxış edən nazir müavini Firudin Qurbanov yeni tədris ilinə hazırlıqla bağlı görüləcək işlər barədə danışıb, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili zamanı nizam-intizam və təhlükəsizlik məsələlərinə toxunub, xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə dair tövsiyə və tapşırıqlarını verib.
Müşavirələrdə təhsil işçilərinin vaksinasiyası prosesinə də toxunulub. Qeyd edilib ki, vaksinasiya və ya immun pasportu, vaksinə qarşı əks göstəriş sertifikatı olmayan müəllim və texniki işçilərin təhsil müəssisələrinə buraxılmasına icazə verilməyəcək. Həmçinin bildirilib ki, pandemiya şəraitində tədrisə əyani başlamaq üçün zəruri tədbirlər həyata keçirilib, təhsil müəssisələrinin yeni tədris ilinə hazırlıqları ilə bağlı sanitar-gigiyenik normalara əməl olunması ilə bağlı müvafiq iş aparılıb.
Müşavirələrdə sözügedən təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Nazir müavini Firudin Qurbanov sonda çıxış edərək 2021-2022-ci tədris ilinə hazırlıqla bağlı məsələlərin sürətləndirilməsini diqqətə çatdırıb, yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulmasının vacibliyini vurğulayıb və qarşıdan gələn yeni tədris ili münasibətilə pedaqoji kollektivlərə uğurlar arzulayıb.