Məktəb direktoru olmaq üçün yeni qaydalar olacaq

Məktəb direktoru olmaq üçün yeni qaydalar olacaq

Təhsil Nazirliyi “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi” qaydalarını təsdiqləyib.

Sənədə əsasən, dövlət ümumi təhsil müəssisələrində direktorların işə qəbulu məsələlərini və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərini tənzimləyir, bu sahədə təhsili idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini müəyyən edir.

Sənəddə qeyd olunub ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyində müsabiqə və apelyasiya komissiyaları yaradılacaq.

Bu sənəd nazirliyin birbaşa tabeliyində olan lisey və gimnaziyalara şamil edilmir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Məhkumluğu ödənilməmiş və ya götürülməmiş, eləcə də məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzlər.

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə mərkəzləşdirilmiş qaydada dörd mərhələdən ibarət müsabiqə yolu ilə elektron sistem vasitəsilə keçirilir.

Müəssisələrdə mövcud olan vakansiyalar müəyyənləşdirilmiş zəruri məlumatlar qeyd olunmaqla yerli təhsili idarəetmə orqanları tərəfindən elektron sistemə daxil edilir və nazirlik tərəfindən təsdiq edildikdən sonra müsabiqə üçün elan olunur.

Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir.

Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və namizədlərin tələblərə cavab verən elektron ərizələri təsdiq edilir. Bu mərhələdə namizədlərə 4 vakant yer (namizədin hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) üzrə) seçmək imkanı verilir.

Müsabiqənin ikinci - imtahan mərhələsində namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibə mərhələsində iştirak üçün keçərlidir.

Ümumi sualların 40%-i (24 bal) təşkil edən keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə keçid balınamizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.

Müsabiqənin üçüncü - müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim edirlər. Müsahibə mərhələsi üzrə keçid balı 3 bal müəyyən edilir.

Namizədlərin vakant yerlərə yerləşdirilməsi müsahibə mərhələsinin nəticəsinə əsasən seçim ardıcıllığı nəzərə alınmadan komissiya tərəfindən aparılır. Müsahibə mərhələsində göstərdiyi nəticədən asılı olaraq namizədə direktor vəzifəsi vakant olan digər məktəblər də təklif oluna bilər.

Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər.

Müsabiqənin nəticəsinə görə müsahibədən keçid balını toplamış, lakin təyinat almayan namizədlər ehtiyat kadrlar siyahısına daxil edilir. Ehtiyat kadr statusunda qalma müddəti 2 ildir. Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər müəyyən olunmuş müddət ərzində yaranmış vakant yerlərə yerləşdirilə bilərlər.

Müsabiqənin nəticəsinə əsasən təyinat almış direktorlar 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda şagird sayı daha çox olan məktəblərə yerdəyişməsinə icazə verilir. Bu zaman son 3 il ərzində məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq Nazirlik tərəfindən qərar qəbul edilir.

Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və ya müsahibə keçirilmir. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir. Direktorlarla bağlanmış əmək müqavilənin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Müsbət qərar qəbul edildikdə müqavilə müddəti Nazirlik tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadılır. Qeyd edilən tələblər çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadımasına yol verilmir. Çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir.

Müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Müsbət qəraq qəbul edildikdə müqavilə Nazirlik tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadıla bilər.

Çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması barədə yerli təhsili idarəetmə orqanlarının Nazirliyə ünvanladığı təqdimat namizədin dövlət təltifinin olması, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması, son 1 ildə barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, son 3 il ərzində rəhbərlik etdiyi məktəbin IX sinif üzrə buraxılış imtahanlarında müsbət dinamika və nəticələrin rayonun orta göstəricilərindən aşağı olmaması, məzunların ali məktəblərə qəbul göstəricilərində irəliləyişin olması, beynəlxalq və respublika fənn olimpiadalarında şagirdlərin qalib adını qazanması ilə bağlı məlumat və təhlillərə əsaslanmalıdır. Direktorların işə qəbulu və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə iştirakçılar, təhsili idarəetmə orqanları və müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar. Direktorların işə qəbulu və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar namizədlər elektron ərizədə doldurulmuş məlumatların, təqdim edilmiş sənədlərin doğruluğuna görə məsuliyyət daşıyırlar. Hər hansı mərhələdə təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu aşkarlanarsa, bu zaman namizədin nəticəsi ləğv edilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed