Mərkəzi Avropanın 175 yaşlı elm məbədi – Avstriya Elmlər Akademiyası
Müasir dünyada elmlər akademiyası müxtəlif sahələrdə alimləri birləşdirən, elmi tədqiqatların aparıldığı və layihələrin dəstəkləndiyi struktur olaraq qəbul edilir. Akademiya anlayışının mənşəyi qədim Yunanıstana gedib çıxır. Filosof Platonun (Əflatun) əsasını qoyduğu və yunan qəhrəmanı Akademosun şərəfinə adlandırdığı Akademiya sonradan elm xadimlərinin yığışdığı, müzakirə və tədqiqatlar apardığı məkanlar üçün ümumi anlayışa çevrildi.
Avropada ilk elmlər akademiyaları XVII əsrdə təşəkkül tapmağa başladı. Avropanın böyük dövlətləri arasında yer alan Avstriya imperiyasında XVIII əsrdə dəfələrlə cəhd edilməsinə baxmayaraq, bu prosesin reallaşması XIX əsrin ortalarında mümkün oldu. Prussiya, Fransa və Böyük Britaniya nümunəsi əsasında 175 il əvvəl – 1847-ci ildə kayzer I Frants Yozef İmperator Elmlər Akademiyasının yaradılması haqqında sərəncam imzaladı. Birinci Dünya müharibəsinə qədər Avstriya-Macarıstan imperiyasının aparıcı elm ocağı müxtəlif elmi-tədqiqat ekspedisiyaları, dünyanın ilk fonoqram arxivi, radium tədqiqatları üzrə ilk institutla dünya elminə mühüm töhfələr verdi.
AZƏRTAC-ın xüsusi müxbiri Avstriya Elmlər Akademiyasının (AEA) təşəkkülü, strukturu, fəaliyyət istiqamətləri və əsas hədəfləri ilə bağlı bəzi araşdırmalar aparıb.
AEA-nın yenidən müasir dövrün tələblərinə uyğun qurulması İkinci Dünya müharibəsindən sonra baş verib və XXI əsrin əvvəllərində strukturunda bir sıra dəyişikliklər edilib. Publik hüquqi şəxs olan Avstriya Elmlər Akademiyası bu gün federal dövlətin xüsusi himayəsi altında fəaliyyət göstərir və elmin bütün sahələrini, xüsusilə də fundamental elmi tədqiqatların dəstəklənməsini əsas hədəf kimi müəyyən edir.
Bu akademiya riyaziyyat-təbiət elmləri (riyaziyyat, təbiət elmləri, tibb, texniki elmlər) və fəlsəfə-tarix (fəlsəfə, tarix və qədim dünya tədqiqatları, incəsənət, musiqi, dil və ədəbiyyat elmləri, coğrafiya və etnologiya, hüquq, dövlətçilik və iqtisadiyyat elmləri) olmaqla iki əsas sinfə bölünür. Onun ölkə daxilindən və xaricdən seçilmiş 770 həqiqi, müxbir və fəxri üzvü, eləcə də Gənc Akademiya üzvləri var. Həqiqi üzvlərin sayı 90 nəfərdir, yaşı 70-dən yuxarı həqiqi üzvlər bütün hüquq və statusları qorunmaqla bu siyahıda yer almırlar.
Avstriya Elmlər Akademiyasının gəncləşdirilməsi və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması məqsədilə 2008-ci ildə yaşı 45-dən aşağı təxminən 70-dək üzvü əhatə edən Gənc Akademiya yaradılıb. Gənc Akademiyanın üzvləri bir dəfə olmaqla səkkiz il müddətinə seçilirlər.
Avstriya Elmlər Akademiyasının Vyana, Qrats, Lints və Leoben şəhərlərində yerləşən 25 tədqiqat institutu, 4 tədqiqat mərkəzi və 70 elmi komissiyasında ümumilikdə 1800-dək elmi işçi çalışır. Avstriyanın ən mühüm elmi kitabxanalarından birinə sahib olan akademiyanın nəzdində nəşriyyat fəaliyyət göstərir. Akademiya elmi fəaliyyətin təşkili və tədqiqatların maliyyələşdirilməsi üçün federal hökumətlə üçillik Fəaliyyət Sazişi bağlayır. 2020-2023-cü illəri əhatə edən dövr üçün dövlət büdcəsində AEA üçün 428,5 milyon avro nəzərdə tutulub. Bundan başqa, Avropa İttifaqı, beynəlxalq qurumlar, şirkətlər və fərdi şəxslər akademiyanın tədqiqatlarına vəsaitlər ayırır və ya himayədarlıq edirlər.
Avstriya Elmlər Akademiyası Mərkəzi Avropada elmi tədqiqatların aparıldığı, elm dairələri arasında beynəlxalq əməkdaşlığın həyata keçirildiyi əsas mərkəzlərdən biri hesab olunur. Elmi konfranslar və simpoziumlar, nəşr olunan araşdırma nəticələri, monoqrafiya, elmi məqalə və kitablarla yanaşı, təkcə 2020-ci ildə əqli mülkiyyət hüququ AEA-ya məxsus 32 patent qeydiyyatdan keçirilib, 19 patent isə rəsmi qeydiyyata alınmaq üçün müvafiq qurumlara təqdim olunub.
Akademiyanın əsas hədəfləri sırasında elmi tədqiqatlarla yanaşı, hökumət və ictimaiyyəti, siyasi və iqtisadi dairələri müasir dövrün çağırışları ilə əlaqədar məlumatlandırmaq, müxtəlif tərəfdaşlar arasında elmi diskussiyanı təşkil etmək və zamanın tələbinə uyğun problemlərə elmi cavablar tapmaq və digər məsələlər yer alır. COVID-19 pandemiyasına qarşı mübarizədə Avstriya Elmlər Akademiyasının Molekulyar Patologiya Tədqiqat İnstitutu və Molekulyar Biotexnologiya İnstitutu bir sıra innovativ yeniliklərə imza ata bilib. Bu institutların birgə işçi qrupu SARS-CoV-2 viruslarının genomu və irsi barədə məlumatları tədqiq edərək, sürətli test üsulu hazırlamağa müvəffəq olub.
Molekulyar Biotexnologiya İnstitutunda baş elmi işçi Yulius BrennekeAZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirib ki, pandemiya yeni başladığı dövrdə koronavirus testləri həm baha başa gəlirdi, həm də laboratoriyaların texniki və kadr potensialı yüksək sayda testlərin analizini həyata keçirməyə imkan vermirdi. “Vyana COVID-19 Diaqnoz Təşəbbüsü” altında birləşən 21 elmi-tədqiqat qurumunun alimləri bu prosesə cəlb olundular. Elmlər Akademiyasının yuxarıda qeyd edilən institutları və sürətli test metodları üzərində çalışan gənc alimləri bu prosesə qoşuldular. Y.Brennekenin rəhbərlik etdiyi tədqiqat qrupu elmə 20 ildən bəri məlum olan “dövrəvi izotermal amplifikasiya” (RT-LAMP) test metodunu təkmilləşdirərək, sürətli, sadə və ucuz başa gələn PZR üsulu ilə test metodu hazırladı.
Mütəxəssisin sözlərinə görə, ənənəvi PZR testlərində yaxma üsulu ilə pasiyentdən götürülmüş nümunədəki DNT (dezoksiribonuklein turşusu) bir neçə dəfə çoxaldılır və hər bir çoxalma sikli üçün temperaturun 95 dərəcəyə qədər yüksəldilməsi tələb olunur. Növbəti artırılma mərhələsinin baş tutması üçün DNT sarmalları parçalanır. Ənənəvi metod üçün mürəkkəb və bahalı laboratoriya avadanlıqlarına, peşəkar kadrlara ehtiyac var. Lakin LAMP metodunda alternativ enzemalar virusun RNT (ribonuklein turşusu) makromolekulunun irsi məlumatlarını DNT biopolimerinə çevirir və sabit temperaturda (63 dərəcə) massiv amplifikasiya (çoxaldılma) nəticəsində məlumatlar yarım saat ərzində bir neçə milyard dəfə artırılır. Xüsusi məhlullu test flakonundakı viruslu material bu proses nəticəsində bənövşəyi rəngə boyanır. Ənənəvi PZR testləri ilə eyni keyfiyyət, dürüst nəticə və həssaslığa malik bu metodun üstünlüyü bahalı aparatlar, xüsusi texnologiya və ixtisaslaşmış kadrlara ehtiyacın aradan qaldırılmasıdır. Digər üstünlük isə yaxma üsulundan imtina edilməsi və testlərin qarqara üsulu ilə həyata keçirilməsidir.
Tədqiqatçı qeyd edib ki, təmsil etdiyi institutun rəsmi qurumlara tövsiyələri əsasında Avstriyada qısa müddət ərzində sürətli və etibarlı PZR test metodları inkişaf etdirilib. Məhz bu və bənzər test metodlarının köməyilə ötən aylarda Avstriyada gündəlik testlərin sayını bir milyona çatdırmaq mümkün olub. Ənənəvi PZR testlərindən fərqli olaraq, alternativ üsullar ilə testlərin qiyməti bir fincan qəhvə qədər sərfəlidir və bu da həmin potensialdan inkişaf etməkdə olan ölkələrdə yararlanmağa imkan verir. LAMP üsulu ilə PZR testləri artıq Afrikada (Qana) geniş tətbiq olunur və avstriyalı alimlər tədqiqat nəticələrini təmənnasız olaraq beynəlxalq ictimaiyyət üçün açıq elan ediblər.
Y.Brennekenin tədqiqat qrupunun işi müasir dövrdə AEA-nın ölkə və dünya elminə verdiyi töhfələrdən biridir. Həmin institutun digər mütəxəssisi Ulrix Ellinqin rəhbərlik etdiyi tədqiqat qrupu isə Avstriyadakı koronavirus testlərinin 80 faizinin sekvensiyasını həyata keçirir. Genetika üzrə alimin hazırladığı metodlar əsasında sekvensiya nəticəsində koronavirusa yoluxmanın hansı variant əsasında baş verdiyi müəyyən edilir və nəticədə ölkədə epidemioloji vəziyyətə təsir göstərən variantların ümumi mənzərəsi əldə olunur.
Göründüyü kimi, Avstriya molekulyar bioloqlarının tədqiqatları bu günün çağırışlarına AEA-nın verdiyi operativ cavabdır.
Eyni zamanda qeyd edilməlidir ki, akademiya gənc tədqiqatçıları elmi nailiyyətlərə ruhlandırmaq üçün müxtəlif təqaüd proqramları təsis edib, innovativ tədqiqatlara qrantlar ayırır və beynəlxalq layihələrdə tərəfdaş kimi çıxış edir. Akademiya mütəmadi olaraq elm və ictimaiyyəti maraqlandıran suallar ətrafında beynəlxalq müsabiqə elan edir. “Elm pandemiya ilə mübarizəyə hansı töhfəni verə bilər?” sualı ilə aparılan son müsabiqəyə 100-dən artıq esse təqdim olunub və AEA-nın Texnika Nəticələrinin Dəyərləndirilməsi İnstitutunun əməkdaşı, sosioloq Aleksander Boqnerin pandemiya ilə mübarizədə elmin oynadığı maarifləndirici rolu barədə yazısı 12 min avro ilə dotasiya edilmiş birinci yeri tutub.
Bu gün AEA Günəş fırtınalarının süni intellektin köməyi ilə proqnozlaşdırılması, bədxassəli şişlərin erkən diaqnostikası, iqlim dəyişikliklərinin tədqiqi, kosmik tədqiqatlar, qravitasiya sahələrinin kvant sistemləri və digər elm sahələrində Avropanın aparıcı tədqiqat mərkəzlərindən biri hesab olunur. Akademiyanın və onun üzvlərinin vahid hədəfi aydındır: elmin inkişafı, ictimaiyyətin müxtəlif mövzularda maarifləndirilməsi, siyasi dairələrə aktual çağırışlarla bağlı elmi tövsiyələrin verilməsi və daha yaxşı gələcək naminə bəşəriyyətə xidmət etmək!
Elgün Niftəli