Müəllim bu xəstəliklərə tutularsa işdən azad ola bilər
Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib.
Bu qaydalara görə, təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.
Təhsilverənlər “Məktəbəqədər təhsil haqqında” qanununa uyğun olaraq ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.
Bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinə şamil edilir və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.
Təhsilverənlər bir necə xəstəlik - ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinə üzrə dövri tibbi yoxlama və müayinələrdən keçməlidirlər.
Tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə bəzi xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir. Həmin xəstəliklər tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları, sifilis xəstəliyi, süzənək xəstəliyi, helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar, kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları, ruhi xəstəliklər, narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya), ağıreşitmədir.