Müəllimdən çox təsirli və kövrək xatirələr: “Məktub yazan şagirdə İsa bulağının şırıltısını dinlətdirdim”-MÜSAHİBƏ
Qazi müəllim: “İki ilə yaxındır ki, müharibə bitib, amma mən hələ də Daşaltıdayam”
Bu dəfə yolumuz doğma Şuşaya və Daşaltıyadır, müsahibimiz bizi döyüşlərin görünməyən xatirələrinə qonaq aparır.
Gəlin, Qarabağın azad olunduğu illərə qayıdıb və Şuşanın zəfər dastanını yaxından “izləyək”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi vəAzEdu Təhsil PortalınınI Qarabağ və Vətən Müharibəsi iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsinin budəfəkimüsahibi Bakı şəhəri 180 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əli Abbasovdur.
DOSYE:
Əli Bəylər oğlu Abbasov 1979-cu ildə Bakıda anadan olub. 1985-ci ildə şəhid Azər Namazov adına 180 nömrəli məktəbin birinci sinfinə gedib. 1996-cı ildə həmin təhsil ocağını bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub. 2001-ci ildə ali təhsilini bitirdikdən sonra ehtiyatda olan zabit rütbəsini alıb. 2001-2002-ci illərdə universitetin verdiyi təyinatla Bakı şəhər 180 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətinə başlayıb. 2002-ci ildə zabit kimi hərbi xidmətə yollanıb. 2004-cü ildə xidmətini başa vurduqdan sonra yenidən 180 nömrəli məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. Hazırda orada çalışır.
O, “Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə”, ”Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medallarla təltif edilib.
Şəhid müəllimin şagirdə verdiyi ruh
“I Qarabağ savaşı zamanı 7-8-ci siniflərdə oxuyurdum. Müharibədə şəhid olanlar arasında əmim övladları və hazırda məktəbimizin adını daşıdığı, müəllimim olan Azər Namazov da var idi. O, Daşaltı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşmuşdu. O hadisə yaddaşımda dərin iz buraxmışdı. Müəllimimi heç yadımdan çıxara bilmirdim”.
Şagirdlərə verilən söz, düşməndən alınan intiqam
“Həm müəllim, həm də ehtiyatda olan zabitəm. Peşə fəaliyyətim boyu Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi vətənpərvərlik hisslərini şagirdlərimə çatdırmağa çalışır, onlara bu mövzuda müxtəlif inşalar yazdıraraq düşüncələrini öyrənir, tədbirlər təşkil edərək vətənpərvərlik ruhunun təbliğinə dəstək olurdum.
Tale elə gətirdi ki, bunları əyani şəkildə göstərmək məqamı yetişdi. 30 ildir düşmən tapdağında olan torpaqlarımızı azad etmək üçün başladılan mübarizədən bir müəllim və eyni zamanda zabit olaraq kənarda qala bilməzdim.
2001-2002-ci ildə Füzuli bölgəsində hərbi xidmətdə olmuşam. 50 yaşa kimi çağırışçı hesab olunurdum. Lakin hərbi çağırış vəsiqəsi gözləməyə ehtiyac yox idi. Artıq səbr kasamız dolmuşdu. İllərdir davam edən həsrət, nisgil, şəhidlərimiz yerdə qalan qanı, qurumayan göz yaşları... Bütün bunlar bizi dayandıra bilməzdi. Biz o torpaqlarda axıdılan qanların intiqamını almaq üçün tələsirdik”.
Şagirdləri ilə çiyin-çiyinə vuruşan müəllim
“Sizinlə müsahibəyə də şagirdimlə birgə gəlmişəm. O, eyni zamanda mənimlə birgə müharibədə döyüşüb. Paralel siniflərdə olan bütün şagirdlərimlə müharibədə iştirak etmişik. Şuşada şagirdlərimlə müxtəlif cinahlarda döyüşlərə qatılmışıq”.
Yarımçıq qalan işin tamamlanması
“Bilirdik ki, bizim yarımçıq işimiz qalıb və onu tamamlamalıyıq. Polad Həşimovun şəhadətə qovuşduğu andan Azərbaycanda böyük dirəniş başladı, hər birimiz bu hadisələrə şahidlik edirdik. Artıq bütün küçə və meydanlar yatmış vulkanın oyanmasına bənzəyirdi sanki.
Səfərbərlik elan ediləndə bizə zəng gəldi ki, müraciətiniz üzrə məsələyə baxılıb və zəngimizi gözləməlisiz”.
Qələbəyə gedən yolun başlanğıcı
“Oktyabrın 15-də düşmənin birinci səddi yarıldıqdan sonra mən və mənim kimi zabitlərə ehtiyac yarandı. İki gün ərzində Ağcabədidə silah-sursatla təmin edildikdən sonra oktyabrın 19-u Füzuli döyüşlərinə qatıldıq və oktyabrlın 20-də Qubadlı istiqamətində irəliləməyə başladıq. Qubadlının Sarıyataq kəndində olduq və 5 gün ərzində aparılan gərgin döyüşlər nəticəsində rayon işğaldan azad olundu”.
Hər sahədə müəllim olan Əli bəy
“Özümü hər zaman müəllim hesab etmişəm, çünki ixtisasça da müəlliməm, bu müqəddəs peşənin daşıyıcısıyam. Mən peşəkar zabit deyiləm, lakin Vətənim üçün canımı fəda etməyə hazıram. Döyüşçülərə baxanda özümü sanki qəhrəmanlar arasında hiss edirdim. Onlarda müşahidə etdiyim qəhrəmanlıq, Vətən sevgisi inanılmaz dərəcədə güclü idi.
23 yaşında bir gəncin məni kənara çəkib dediyi sözü heç unutmuram: “Komandir, gözlə, mən subayam, amma sizin övladınız, gözləyənləriniz var, icazə verin, səngərə birinci mən atılım”... Məndən 20 yaş kiçik idi...”.
Özünü təsdiq edən qəhrəman gənclik
“Bəzən, yaşlı nəslin gileyləndiyinin şahidi olurduq. Onlar yetişən müasir gəncliyin Vətən sevgisindən sanki əmin deyilmiş kimi danışırdılar. Lakin 44 günlük Vətən Müharibəsi bu fikirləri tamamilə alt-üst etdi. Şahidi olduq ki, necə cəsur, qorxmaz, Vətəni sevən gəncliyimiz yetişib. Onların arasında ali təhsillilər də var idi, orta təhsilini yenicə başa vurmuş olanlar da, fərqli peşə sahibləri də. Hamısı 30 il ərzində Qarabağı görmədən oranın eşqi ilə böyüyən uşaqların formalaşmasında müəllimlərin də böyük payı var. Müəllim ordusu arxa cəbhədə hər zaman öz işini necə lazımdırsa, o şəkildə görüb. Bizə milli ruhda yaşayan gənclik lazım idi və biz buna nail olmuşduq. Ailə və məktəb faktorları, xüsusilə dövlətin qurduğu sağlam gənclik siyasəti Vətən Müharibəsində Azərbaycan gəncliyinin torpağa, yurda olan sevgisini əyani şəkildə göstərdi”.
İki rayonun azadlığa qovuşması
“Füzuli döyüşlərində rəşadətli ordumuz düşmənin belini qırmışdı. Biz mühasirəni aşdıqdan sonra Qubadlı döyüşləri başladı. Füzuli və Qubadlı uğrunda gedən mübarizənin ardından, oktyabrın sonu, noyabrın əvvəli Şuşa uğrunda döyüşlərin əmrini aldıq”.
Baş tacımız Şuşanın azadlığı
“Qarabağın üzük qaşı, baş tacı olan Şuşanın qurtuluşu hələ qarşıdaydı. Şuşa hər kəs kimi mənim üçün də müqəddəs idi, Daşaltı isə uşaqlıq illərimi xatırladırdı mənə. Çünki 1992-ci il, I Qarabağ savaşında müəllimim Azər Namazov Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olub. O vaxt 13-14 yaşlarında, II Qarabağ savaşında isə 43 yaşında idim.
Məktəbimizdə müəllimimlə bağlı tədbirlər təşkil edirdim, indi isə onun şəhadətə qovuşduğu yeri azad etməyə gəlmişdim. Daşaltıya daxil olanda çavuşlardan biri dedi ki, bura sizin üçün niyə bu qədər özəl, bu qədər əhəmiyyətlidir? Ona cavab verdim ki, bura müəllimimin şəhadətə qovuşduğu məkandır, ona görə”.
İki ilə yaxındır ki, müharibə bitib, amma mən hələ də Daşaltıdayam, hələ də silsilə qayalığın altındakı mühasirədəyəm, hələ də o anları unuda bilmirəm.
“Daşaltıya doğru noyabrın 1-i hərəkətə başladıq, 4-ü isə artıq oranı demək olar ki, ətrafı ilə birlikdə azad etmişdik.
3 gün su içmədən, çörək yemədən yalnız irəlilədik. Bu, o demək deyildi ki, təminat yox idi. Hər şey var idi, sadəcə, sürətli hərəkət edir və yalnız işğal altında olan torpaqlarımızı düşünürdük.
Noyabrın 4-ü, gecə Daşaltıda pusqu qurmuşduq ki, kəndə daxil olacağıq. Bütün heyət susuz idi. İnsan çörəkdən imtina edə bilər, lakin həyatda qalmaq üçün suya ehtiyacı var. Döyüş yoldaşım Fədai su gətirməkdən ötrü yuxarı qalxdı. Düşmən postlarından biri sağda, digəri isə solda idi. Yaxınlığından çay axırdı. Susuz olmasına baxmayaraq o, sudan dilinə də vurmamışdı.
Səbəbini soruşanda cavab verdi ki, sizə su gətirmək üçün qab tapa bilmədiyimə görə insafım, vicdanım yol vermədi içməyə...
Bax, aramızda belə bir doğmalıq, qardaşlıq yaranmışdı. Sanki illərdir bir-birimizi tanıyırdıq. Onda fərqinə vardım ki, can verməyə hazır olan nə qədər gənclik yetişib.
Noyabrın 5-i, həmin o çayın üzərindən keçəndə də heç kim yenə bir qurtum da su içmədi, çünki zaman bizim üçün hər şeydən dəyərli sayılırdı; tapşırığımız çox sürətli, itirələcək vaxtımız yox idi.
Güllə və mərmilər yağış kimi üzərimizə yağırdı. Sağ qalmaq ehtimalımız belə çox aşağı idi. Bu, bizi qorxutmurdu. Hətta şəhid olan yoldaşlarımıza həsəd belə aparırdıq, biz də onların ucaldığı mərtəbəyə yüksəlmək istəyirdik”.
Son ümid
“Daşaltıda xəsarət aldım. Ağız-burnum, qulağım zədələnmişdi. Elə bir vəziyyət idi ki, son ümidim iki əsgərimə qalmışdı. Onlardan biri idman üzrə 3 qat dünya çempionu idi. Düşündüm ki, şəhid olduğum təqdirdə heç biri cəsədimi burada qoymaz, hətta mənim nəşimi evimə çatdıracaqlarından belə əmin idim.
Kimlərinsə mənlə əlaqə saxlaması üçün hər hansı nömrəm yox idi, o olmayanda güllənin içərisinə ad yazıb qoyursan və ya tanışının nömrəsini yazmalısan ki, bir hadisə baş verdikdə, həmin əlaqə vasitəsinə məlumat göndərilsin. Lakin mən heç bir doğmamın adını yazmadım. İstəmədim ki, ona ölüm xəbərim verilsin. Döyüş boyu barmağımdakı üzüyü çıxarmadım ki, birdən şəhid olsam, məni bu vasitə ilə tapa bilsinlər”.
İki böyük qüvvənin vəhdəti
“5 Noyabr tarixində 16 saat atəş altında mühasirədə qaldıq. Döyüş davam edirdi, ayın 5-dən 9-na qədər Daşaltını işğaldan azad edərək Şuşa istiqamətində irəliləməyə başladıq. Şuşanın azad olunmasında iki böyük qüvvə rol oynadı. Onlardan ən əsası xüsusi təyinatlılar idi. Onlar illər ərzində çox möhtəşəm şəkildə hazırlaşdırılıb. Digəri isə ağır tapşırığı məharətlə icra edən və bizlərin də döyüş apardığımız briqada, xüsusən də onun 1, 2 və 3-cü taboru. 4 gün ərzində 12 şəhidimizlə bir yerdə qalaraq döyüş yolu keçdik, onlarla bir yerdə yatdıq”.
Şəhidliyin ağrılı və qürurlu tərəfləri
“Biz ayın 5-i gecə hospitala təxliyə olunmalı idik. Elə oldu ki, təcili yardım maşınında şəhidlərin nəşinə yer olmadı, ona görə də getməkdən imtina etdik. Çünki onlar bizim üçün müqəddəs idilər.
Şəhid olan yoldaşımızın biri boynundakı zəncirdən nişan üzüyünü asmışdı, bir başqasının boynundan övladının ayaqqabısı asılmışdı... o səhnələrə şahidlik etmək çox çətin idi...
Nəhayət, o gün gəldi. Şuşaya daxil olduq, Gövhərağa məscidində cümə namazını qıldıq. İllər idi ki, doğma sakinlərinin nəfəsi Şuşaya dəymirdi, O, əsir idi, amma xilas oldu, gözəlliyi ilə bizi heyran etdi”.
Məktublardakı arzular
“Şuşada bir müdət qaldıqdan sonra İsa bulağına doğru yollandıq. Gecə idi, səhhətimdəki duruma görə mənim öndə getməyimə izn vermədilər. Bir qədər arxada idim. Əsgərlərdən biri soruşdu ki, leytenant Əli Abdullayevi görən olub? Bizdə leytenant Abdullayev var idi, lakin adı başqa idi. Ona dedim ki, leytenant Fədai Abdullayevdir, o da hazırda qarşı mövqeyə göndərilib. Cavab verdi ki, mənə leytenant Abdullayev Əli lazımdı. Dedim ki, sən mənə zabit yoldaşımı tanıdacaqsan? O da mənə, “Sən mənə müəllimimi tanıdacaqsan?”- dedi. Bu sözdən sonra işığı onun üzərinə tutdum, baxdım ki, mənim şagirdimdir, Rəhim. Sən demə məni axtarırmış, soyadımı səhv salıb. O həmin şagirdimdir ki, həmişə dərsdə onlara Şuşadan, İsa bulağından danışmışam.
İndi elə bir məqam gəlmişdi ki, azad olunan İsa bulağını şagirdim mənə təhvil verdi. Bu, elə bir qürur hissi idi ki, onu heç nə ilə ifadə etmək, onun dəyərini heç nə ilə ölçmək mümkün deyildi. Qucaqlaşdıq, xeyli söhbətləşdik, ötən illəri yada saldıq...
Əsgərlərimizdən biri Sadiq Amanov Füzuli döyüşlərində briqadaları dağıldığı üçün bizə qoşulmuşdu. Son ümidini də itirmiş kimi bir durumda idi. Cəbhəyə göndərilən yeməklər, ərzaqların yanında mənəvi dəstək üçün məktəblilərin yazdığı məktublar var idi.
Həmin əsgər məktublardan birini götürür. 7-ci sinif şagirdi yazmışdı və sonda Həzrəti Əlidən bir misal gətirmişdi: “Unutma və yadında saxla ki, qələbə Allaha məxsusdur”. Digər məktubda başqa birisi yazırdı: “Mən yorğanın altında üşüyürəm, lakin sizin üşüdüyünüzü xatırlayaraq isinməyə çalışıram”.
Məktubların birində yazılmışdı ki, mənim arzum budur ki, məktubum İsa bulağında oxunsun. Əsgər yoldaşım həmin məktubu uzatdı mənə, zəhmət olmasa, bunu oxu, dedi. Məktub Qaradağ rayonundan göndərilmişdi. 166 nömrəli məktəb-liseyin 7b sinif şagirdi Çiçək Hüseynzadə tərəfindən yazılmışdı. Tez həmin məktəbin direktoruna zəng etdim, dedim ki, sizi İsa bulağından baş leytenant Əli Abbasov salamlayır, sizə Şuşadan zəng edirəm dedim. Sanki dondu, nə deyəcəyini bilmədi. Hadisəni danışdım və şagirdin nömrəsini aldım. Zəng etdim. Onun sevincdən necə ağladığını hələ də unuda bilmirəm. Dedim ki, qızım, arzun yerinə yetdi. Ona İsa bulağının şırıltısını dinlətdim. Uşaq çox sevindi, sonra ailəsi ilə də danışdıq.
Ordudan təxris olunduqdan sonra Çiçəyin məktubu və hədiyyəsi ilə bərabər evinə ziyarətə getdik. Bir övladın arzu və duası yerinə yetmişdi”...
Canlarını Vətən uğrunda fəda edənlər
“Kəşfiyyatın giziri Süleyman çox ağır yaralanmış, hələ tam sağalmamış yenidən döyüşlərə qatılmışdı. Hospitalda yatmaq yerinə, səngərdə şəhid olmağı seçmişdi. Çox ağır yaralanmış, ciyərləri dağılmışdı.
Mühasirədə idik, axşamın düşməsini gözlədik. Xoşbəxtlikdən duman ətrafı bürüdü və biz giziri oradan çıxara bildik”.
Səngərə gec gələn qələbə xəbəri
“Noyabrın 9-u, hələ də mərmi yağırdı, axşam saat 7-9 -a kimi vəziyyət davam etdi. Bizi elə bir yerə yerləşdirmişdilər ki, oradan heç kimin çıxmasına icazə verilmirdi. Çünki maşın gəlmirdi. O evə kim sığındısa, sağ qaldı. Mərmi sığındığımız evin 30 metr yaxınlığına düşdü. Allah sanki o evi qoruyurdu.
Səhər eşitdik ki, müharibə bitib. İnana bilmirdik. Heç bir güllə səsi də gəlmirdi. Onda inandıq ki, müharibə başa çatdı. Əsgərlər evin damına qalxaraq antena ilə telefonu birləşdirərək radio dalğasını tutmağa çalışdılar. Aparıcı müharibə bitdiyini söyləyirdi....
Sonra Daşaltı meşələrinə gedərək şəhid olan yoldaşlarımızı ərazidən çıxarmağa başladır. Bir gözümüz gülərkən, digəri ağlayırdı...
Köhnə otellərin birində qaldıq. Lakin hələ də evlə əlaqə yarada bilmirdim. Noyabrın 12-də zabitlərdən birinin telefonu ilə ailəmlə danışdım. Telefonu yoldaşım açdı, salamat olduğumu dedim. Oğlum götürdü dəstəyi, ağlayaraq “ata, səninlə fəxr edirəm” dedi. O anda hiss etdim ki, qəhramanlıq hissi necə olur.
Şəhid atalarından biri bizə zəng edib dedi ki, hamınızı təbrik edirəm, siz qalibsiz, Şuşadasız, indi isə siz məni təbrik edin, mənim də oğlum şəhid oldu. Bunu çox qəribə bir səs tonu ilə dedi. Belə atalar üçün ölməyə dəyər...”
Şagirdlərinin sevimlisi Əli müəllim
“Şagirdlər hər zaman mənə sevgilərini göstərdi, mesajlar yazdı, dəstək oldular. Bu gün də onlara tez-tez döyüşlərdən, müharibənin zəfərlə başa çatmasında şəhidlərimizin fədakarlığından danışıram.
Evə gizlin gəldim, çünki qəsəbəmizə 4 şəhid gəlmişdi, istəmədim ki, məni təmtəraqla qarşılasınlar. Yaxınlığımızda şəhid anası var idi. Səhər yuxudan oyandım ki, şagirdlərim bizdədir. Çox qəribə hiss idi, onlar yalnız müəllimləri olduğum üçün gəlməmişdilər. Burda bir səmimiyyət var idi, onlar sanki mənim ən yaxınım idilər”.