Müəllimlər arasında vakant yerlərdən imtina etməsi halları nəyə görə azalacaq?
Azərbaycanda müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirak edən namizədlər üçün vakant yerlərin seçim sayının 8-dən 4-ə endirillməsi vakant yerlərdən imtina edilməsi hallarının sayının azaldılmasına səbəb olacaq.
Milli.Az bildirir ki,bunu Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehli deyib.
Onun sözlərinə görə, əvvəlki illərdə vakant yerlər elektron ərizə doldurularkən seçilirdi: "Bu zaman həmin vakant yeri seçən namizəd test imtahanından keçsə də, sonradan müəyyən səbəblər üzündən həmin yerdən imtina edirdi. Ancaq artıq imtahanda müvafiq balı toplayan namizədlər həmin yerdən imtina edərlərsə, müsabiqənin növbəti yerləşdirilməsində iştirak edə bilməzlər. Bu dəyişiklik nəcitəsində imtina etmənin faizi azalacaq, namizədlərin məsuliyyəti artacaq. Çünki namizəd test imtahanından sonra vakant yerləri seçəcək. Buna görə də o, artıq özü biləcək ki, hansı vakant yer onun balına uyğundur və bu balla onun harada işləmək imkanları var".
C.Valehli bildirib ki, bu tədris ilinin sonunadək yerlərdəki vakant müəllim yerlərinin təhlili aparılacaq və siyahı dəqiqləşdiriləcək. İyulun 1-15-dək isə vakant yerlər üzrə elekron ərizələrin qeydiyyatı aparılacaq.
Xatırladaq ki, bu il "Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları" ilə bağlı bir sıra dəyişiklik olub. Müsabiqənin keçirilməsi ilə əlaqədar aparılan dəyişikliklərə əsasən, vakant yerlərin seçim sayı 8-dən 4-ə endirilib. Yer tutan namizədlər həmin yerdən imtina edərlərsə, müsabiqənin növbəti yerləşdirilməsində iştirak edə bilməzlər. Əvvəlki illərdə vakant yerlər elektron ərizə doldurularkən seçilirdisə, cari ildə bu proses test imtahanından sonra mümkün olacaq.
Milli.Az