Musiqi sənəti istiqaməti üzrə nəzəriyyə fənlərindən imtahanlar test üsulu ilə keçiriləcək

Musiqi sənəti istiqaməti üzrə nəzəriyyə fənlərindən imtahanlar test üsulu ilə keçiriləcək

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənlərindən imtahanlar test üsulu ilə keçiriləcək.

Bu barədəAZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, musiqi sənəti istiqaməti üzrə imtahanda abituriyentlərə musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio, musiqi ədəbiyyatı fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 30 qapalı tipli test tapşırığı təqdim olunacaq.

Abituriyentlərə tapşırıqların cavablandırılması üçün musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 1 saat, harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, musiqi ədəbiyyatı fənni üzrə 1 saat 30 dəqiqə vaxt veriləcək.

Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir. Eşitmənin təyininə aid tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edən tapşırıqlardan ibarət olacaq. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Hər bir fənn üzrə minimal müsabiqə balı 6-dır. Qiymətləndirmə cədvəli və musiqi sənəti istiqamətinin komissiyaları üzrə təyin olunmuş nəzəriyyə fənləri ilə DİM-in saytındakı cədvəllərdə tanış olmaq mümkündür.

Qeyd edək ki, 29, 69, 30, 73-cü komissiyalar üzrə harmoniya və solfecio fənnindən imtahan 2 hissədən ibarət olacaq. 1-ci hissə test üsulu ilə, 2-ci hissə isə şifahi şəkildə keçiriləcək.

DİM-in saytında təqdim olunmuş linklərdən nəzəri fənlər üzrə sual kitabçalarının nümunəvi nüsxələri ilə də tanış ola bilərsiniz:

- Ali təhsil müəssisələrinə qəbul imtahanlarının harmoniya və solfecio fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi;

- Ali təhsil müəssisələrinə qəbul imtahanlarının musiqi ədəbiyyatı fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi;

- Ali təhsil müəssisələrinə qəbul imtahanlarının musiqi nəzəriyyəsi və solfecio fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi.

Daha ətraflı məlumatı hər il çap olunan “Abituriyent” jurnalının “Qabiliyyət imtahanları” adlı xüsusi buraxılışından əldə etmək olar. Burada ixtisaslar üzrə müsabiqə şərtləri, proqramlar, qimətləndirmə meyarları və metodiki tövsiyələr təqdim olunub.

Musiqi sənəti istiqaməti üzrə ixtisas imtahanları bütün komissiyalarda ənənəvi, yəni əvvəlki qaydada keçiriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed