Nazir universitetlərin dünyanın top 500 ali məktəbi siyahısına düşə bilməməsinə münasibət bildirib
Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti çox dar profilli universitetlərdir. Universitet mahiyyət etibarilə müxtəlif fakültələri özündə birləşdirməlidir. Biz isə institutların adını dəyişməklə universitet adlandırmışıq.
AZƏRTACxəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ölkəmizdə universitetlər dar profilli olduğu üçün dünyanın top 500 ali məktəbi siyahısına düşə bilmir: “Milli Konservatoriya, Bakı Musiqi Akademiyası dünyanın top 500 universiteti arasında olmağa layiqdir, amma təəssüf ki, onları o siyahıda görə bilməyəcəyik. Çünki universal deyillər. Yaxud da dil üzrə ixtisaslaşmaq baxımından Bakı Slavyan Universiteti o siyahıda ola bilərdi, amma universal olmadığı üçün siyahıdan kənar qalır. O sıraya qismən geniş profilli Bakı Dövlət Universiteti düşə bilərdi, amma onun da Tibb fakültəsi yoxdur. Buna görə ölkəmizin ali təhsil müəssisələrinin adların top 500 siyahısında görmək çətindir”.