Novruz bayramının tarixi kökləri-MARAQLI

Novruz bayramının tarixi kökləri-MARAQLI

Novruz bütöv bir sistem olub, ilin 365 gününü əhatə edir. Novruz daxili harmoniyası, dəyişilməz nizamı olan sistemdir. 365 (4 ildən bir 366) gündən ibarət olan il, 4 fəslə, hər fəsil 3 aya, hər ay 4 həftəyə, həftə isə 7 günə bölünmüşdür.
Əl Büruni: Novruz aləmin başlanğıcıdır
Əlişir Nəvayi: Hər günün Novruz olsun
İlin təzələnməsini təsdiqləyən astronomik hadisənin - Günəşin zenitdə olması, yerin cənub və şimal yarımkürələrini eyni səviyyədə işıqlandırması, gecə-gündüz bərabərliyinin yaranması Novruzun təntənə dövrü sayılır. Təqvim Novruzdan (21-22 mart) başlanır. Günəşin gecə-gündüz bərabərliyindən ilin ən uzun gün vəziyyətinə qədər (22 iyuna) olan dövr yaz adlandırılır. Azərbaycanda mövsüm mərasimləri ilin fəsillərinə, ay və günlərinə verilən adla, məna, məzmunla bağlıdır.
Novruz bayramı haqqında çoxlu əfsanələr, rəvayətlər, əfsanələri həqiqət kimi qələmə verən dastanlar və s. var. Bu bayramın tarixi maldarlığın, əkinçiliyin tarixi qədər qədimdir. Bu bayramı qədimdə Şərqdə yayılmış bütün inanclarla, dinlərlə əlaqələndiriblər. Hərə özünə görə haqlıdır.
Maraqlı bir məsələni diqqətinizə çatdırım. Sovet dövründə uzun illər Novruz bayramı rəsmən qadağan olunmuşdu, çünki İslam bayramı sayırdılar. Sonralar bu bayramın zərdüştiliklə əlaqəsi daha çox qabardılmağa başladı, onun İslam bayramı olmadığını sübut etməyə çalışırdılar. İndi də bəziləri sovet dövrünün ideoloji konsepsiyasını əllərində bayraq tutaraq Novruz bayramının zərdüşt bayramı olduğunu bildirirlər. İndi də sovet dövrünün bəhanələrini dilərinə gətirənlət var.
Novruza iki səviyyədə baxmaq lazımdır: Elmi və məişət, yəni kütləvi bayram səviyyələrində. Bunlar bir-birindən ayrı, aralı deyil. Amma geniş kütlələri əhatə edən, rəngarəng adət və mərasim variantları üzə çıxan bu xalq bayramı elmi baxımdan tədqiq olunur.
Elmi baxımdan yanaşdıqda hansı məsələlər ortaya çıxır?
1. Novruz astronomik bayramdır. Bir coğrafiyanın bayramıdır. Yəni astronomik gedişat, coğrafi vəziyyətlə sıx bağlıdır. Novruz dünyanın Şimal Yarımkürəsinə astronomik baharın gəlişidir. Qış gündönümündə Günəş zodiakın ən dərin guşəsinə - Oğlaq (Təkə) bürcünə girir. Dekabrın 22-dən sonra Günəşin Cənub yarımkürəsindən Şimal yarımkürəsinə doğru hərəkəti başlayır.
Novruza qədər son 50 gündə, yəni 7 çərşənbə müddətində Günəşin Qoç bürcünə doğru hərəkəti daha açıq-aydın hiss olunur. Xüsusi ilə 4 doğru çərşənbə müddətində Günəşin hərəkəti havanın istiliyinin artması, buzların əriməsi, yaşıllığın artması və s. şəkildə görünür. Kiçik Çillədən sonra ilk bala çillədən hər çərşənbə günündən növbəti çərşənbə gününə qədər Günəş Şimal yarımkürəsinə doğru eyni məsafə qət edir. Biz isə çərşənbə günü ərəfəsində çərşənbə axşamı günü bayramı, yəni çərşənbəni qeyd edirik. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir.
Nəhayət, “Novruz bayramı” —Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20 və ya 21-də) keçirilir.
Həmin an Günəş 20 martda Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olur. Şimal yarımkürədə ilk bahar ekinoksu yaranır. Hər iki yarımkürədə də gecə və gündüz bərabərləşir. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda, gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.
Bu tarix şimal yarımkürənin hər yerində bahar başlangıcı kimi qəbul edilir.
2. Novruz təsərrüfat bayramıdır. Əkinçilik, maldarlıq. Maraqlıdır ki, Novruzla bağlı mərasimlərin bir çoxu maldarlıqla bağlıdır. Məsələn, Novruza doğru Böyük Çillə, Kiçik Çillə, Boz ay (Döl ayı), Xıdır Nəbi, sayaçılar və ç. əkinçilikdən daha çox maldarlıqla bağlı mərasimlər var.
3. Novruz ən ibtidai inanc və inamların bayramıdır.
Novruz bayramı haqqında ən qədim real və etnoqrafik məlumatlar bir sıra mənbələrdə əksini tapır.
Çin mənbələrində e.ə. yüz illər öncə Hunların 21 martda bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də hətta müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri mövcud olmuşdur. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ritualının təsviri əks olunmuşdur. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə bağlanır və üç min əvvəl bünövrəsi qoyulmuş adət - kürədə qızdırılan dəmiri döymə törəni bu gün də ən yüksək dairələrdə icra olunur.
Qədim pəhləvi kitablаrdаkı əfsanələrə əsaslanan Əbülqasım Firdovsi özünün “Şahnamə” poemasında Novruz bаyrаmını əfsanəvi Cəmşid şahın adı ilə bağlamışdır. Əbu Reyhan Büruninin “Qədim хаlqlаrdаn qalan ənənələr”, Ömər Хəyyamın “Novruznamə”, Mahmud Kaşğarinin “Divani Lüğətit-Türk” əsərində Novruzla bağlı məlumatlar əksini tapmışdır.
XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir. Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş bəhs olunur. Əgər farslarda da Qafqaz türklərində, hunlarda olduğu kimi daha qədimlərdən bahar bayramı keçirilsəydi, mütləq çoxsaylı yazılı abidələrində ondan bəhs olunardı.
Günəş təqviminə əsaslanan 12 heyvanlı türk təqvimindən məlumdur ki, Novruz bayramı çox qədimlərdən qeyd olunur. Qədim türk təqviminə əsasən, Günəşin zahiri illik hərəkəti hər on iki ildən bir təkrar eyni nöqtəyə düşür. Bu vaxt ildəyişmə baş verir. İldəyişmə isə mütləq bir heyvanın üstündə olur. Təqvimdə bu heyvanların sayı on ikidir və onların sırası belədir: siçan, öküz, pələng, dovşan, balıq, ilan, at, qoyun, meymun, donuz (qaban), toyuq, qaban.
Ortа Asiya tаriхçi alim Əbubəkr Əlnаrşаhi (899-959-ci illər) “Buхara tаriхi” əsərində Novruz günü Səyavuşun qəbri başında хoruz döyüşləri keçirildiyini və üç min il əvvələ aid nəğmələr oxunduğunu yazır.
Kaşğarlı Mahmud “beyrem”, “bedrem”, “badrarn” haqqında sevinc və əyləncə günü kimi yazır. “Divan-ı Lügati Türk”də baharın “suların çoxalması, qarların əriyib dağ başlarının görünməyə başlaması, dünyanın nəfəsinin isinməsi, çiçəklərin açması, yer üzünə yamyaşıl bir ipək qumaşın sərilməsi, heyvanların çoxalması” kimi dəyərləndirir. Kaşgarlı Mahmudun “Divanü Lügat’it-Türk” adlı əsərində “Novruz” yerinə “Yeni gün” ifadəsi istifadə olunmuşdur.
Yusif Balasaqunlunun “Kutadqu Bilik”əsərində Novruz haqqında məlumat vərilir “Gündoğandan əsib gəldi bahar yeli, Dünyanı bəzəyərək cənnət yolunu açdı”-deyilir. “Kutadqu Bilik” də bahar, “yay” və “yaz” qavramları anladılmış, baharın gözəllikləri vurgulanmıştır.
Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” əsərində əksini tapan “Ərkənəkon” dastanından bəlli olur ki, iki göytürk kişisi xanımları ilə düşmən basqınından qurtulub dar bir keçiddən keçərək hər tərəfi dağlarla əhatə olunmuş məkanda yaşamağa başlayırlar. Qərinələr, əsrlər keçir, buradakı türklər çoxalır, olduqları yerə sığmırlar. Bir dəmirçi dar keçidin dəmirdən olduğunu bilir, keçiddəki dəmir əridilməklə türklər Ərkənəkondan çıxırlar. Maraqlıdır ki, bu gün də Novruz günü Orta Asiya türklərində, xüsusilə, uyğur, Kazan, Ufa türkləri arasında Ərgənəkon dastanında da olduğu kimi sürülərdən, balaların doğulmasından, ağacların yaşıllaşması, quzuların doğulmasından, çiçəklərin aşılması, yazın gəlməsindən danışılır.
Düzdür, bu bayramın tarixi çox qədimdir. Amma bayramın sistemləşdirilməsi, rəsmiləşdirilməsi İslam dininin geniş yayıldığı dövrdə, müsəlman dövlətində baş vermişdir.
Dövlətçiliklə bağlı olduğundan məhz Novruzda, yəni astroloji və təsərrüfat ilinin başlanğıcında vergi dəftərləri yenilənirdi. Orta əsr dövlətlərində növbəti vergi yığılması, payızda, təsərrüfat ilinin sonunda, məhsul yığımı zamanı olurdu. Eləcə də Novruz zamanı dövlətçiliklə bağlı, hərb və sülh məsələləri ilə əlaqədar qərarlar verilirdi. Novruzda hökmdarlar təntənələr təşkil edərdi, meydan tamaşaları təşkil olunardı. Bunu təsdiqləyən bir çox tarixi mənbələr vardır.
Səlçuqlu Sultanı Məlikşahın həyata keçirdiyi “Takvim-i Cəlali” islahatından sonra “Novruz” adlandırılan bayram ilin başlanğı sayılmışdır.
İslam dininin meydana gəlməsi islami təqvim yaratmışdır: 636-cı ildə xəlifə həzrəti Ömərin zamanında 622-ci il müsəlman erasının birinci ili kimi qəbul edilmiş və Hicri-Qəməri təqvim əsasında hesablanmışdır. Məhərrəm ayının biri Hicri-qəməri təqvimin birinci günü sayılmışdır.
Müsəlman dünyasında hicri-qəməri təqvim dəqiq olmadığından, üstəlik, məhərrəm ayının 1-i imamların təziyə gününə təsadüf etdiyindən bir çox çətinliklər ortaya çıxmışdır.
Hicri-Şəmsi təqvimin bərpası türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqinin (1072-1092) dövründə baş vermişdir. Mənbələrin gah hicri 468, gah da hicri 475 rəqəmləri ilə qeyd etdiyi bu tarix miladın 1074 və 1083-cü ilinə uyğun gəlir. Məlik şahın hakimiyyəti illərinə düşür.
Səlcuqlu vəziri Xacə Nizamülmülk 466-cı ildə (Miladi 1074) yeni bir rəsədxana inşa etdirərək astronomiya alimlərini buraya toplamış və hökmdarın göstərişi ilə İran təqvimindəki dəyişiklik olunmasını istəmiş, toplantı nəticəsində Sultan Məlikşahın Cəlalüddövlə ləqəbinə uyğun olaraq, “Cəlali” adı verilən bir təqvim qəbul edilmişdir.
İbn əl-Əsir yazır ki, Məlikşah və Nizamülmülk məşhur astronomları toplayaraq Novruz gününü ilin ilk təqvim günü elan etmişdir. Novruz əvvəllər Hüt bürcünə təsadüf edirdi.
Sultanın bu göstərişi ilə Novruz təqvimin ilk günü kimi qeydə alındı. Bu elmi tədqiqatda iştirak etmiş astronomlar Ömər ibn Xəyyam, Əbülmüaəffərül-Əsafzari və Maymun ibn Əlnəcibül-Vosta olmuşlar. Bu elmi müşahidələrə, tədqiqatda xeyli vəsait xərclənmiş və həmin iş Sultan Məlikşahın vəfatına qədər (1092) davam etmişdir.
Həmin təqvim islahat prosesində bir sıra münəccimlər iştirak etmiş, əvvəllər Hut (Balıq) bürcündə qeyd olunan bayram Qoç bürcündə qeyd edilməyə başlamışdır.
Cəlali adıyla məşhur olan bü təqvim Novruz bayramının ruhani əhval-ruhiyyəsinin əksinə olaraq, bir daha rəsmiləşdirilməsinə xidmət etməklə yanaşı, dəqiqliyi ilə də heyrətamizdir.
“Takvim-i Cəlali” islahatından sonra səlçuqlularda dövlət işləri yenidən düzənlənmiş, təftiş olunmuş, maliyyə-vergi ili başlanmışdır.
Cəlali təqviminə görə, ilin uzunluğu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiədir. Bu qədər mükəmməl bir təqvimin hazırlanması türklərin çox dərin astronomik biliklərə malik olduqlarını sübut edir. Səlcuqlularda ilbaşı, günəşin Qoç bürcüna girdigi gün olan Novruz günü olaraq qəbul edilmişdir.
Həm məhərrəm ayının 1-də, həm də yaz gecə-gündüz bərabərliyi, yeni il anında qeyd etmək çətinliklər yaratdığından Cəlali təqvimi əsasında Novruzun keçirilməsi haqqında fərman vermişdir. Bu fərman səfəvi şahı II Abbasın vəfatından sonra unudulmağa başlasa da, xalq türk adət-ənənəsinə sadiq qalaraq, Novruz bayramını keçirməkdə davam etmişdir.
Novruz Azərbaycan ərazisində mövcud olmuş dövlətlərlə-Səlcuqlular, Atabəylər, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövründə daha da sistemləşmiş, dövlətçiliklə sıx bağlı olmuş, 21 mart ilbaşı olaraq qəbul edilmişdir. Ağqoyunlu hökmdarı Həsən padşahın “Qanunnamə”sində də 21 mart ilk vergi toplama dövrü sayılırdı.
Bu bayramın digər bir adı “Sultan Novruz”, yəni sultana məxsus, sultanın iştirakı ilə keçirilən “şölən”, “toy” anlamında işlədilmişdir. Maraqlıdır ki, Novruz bayramı ilə bağlı oyun və əyləncələr qədimdən bu bayramda hökmdarın iştirakını təsdiqləyir.
Osmanlı sülaləsini meydana çıxaran Qayı boyuna mənsub olan Qarakeçililərin 21 martda Ərtoğrul Qazinin türbəsi ətrafına toplandıqları, burada Yörük Bayramı adı verdikləri, at yarışları, güləş yarışı ilə daha da maraqlı etdikləri bayramı keçirdikləri məlumdur.
Osmanlıda Novruz günü sarayda özəl törən olurdu. Münəccimbaşı padşaha yeni ilın təqvimini təqdim edir və hədiyyə alırdı. Həkimbaşının qaynadıb hazırladığı “Novruziye məcunu”da xalqa paylanırdı.
Saray ədəbiyyatında “Novruziyyə” adlı bir şeir növü (qəsidə) vardı. “Novruziyyə” adlı qəsidələr hökmdarlarına, dövlət adamlarına təqdim olunmuşdur. Bu qəsidələrdə Novruz motivi geniş şəkildə işlənmişdir.
Orta əsrlərdə ilin təhvil olması münasibətlə toplardan yaylım atəşi açardılar. Nağaralar gumbur-gumbur gurlayardı. Şeypur, təbil səsləri yüksələrək, yeni ilin gəldiyi xəbərini yayardılar. Atəşfəşanlıq başlanardı. Elə ona görə də “Novruzun topu atılan” vaxta “il təhvil oldu” dəyərdilər. “Novruzun topu atıldı” – deyə hamı yeni ilin başlanması münasibətilə bir-birini təbrik edərmiş.
1673-cü il mart ayının 21-də Çuxursabad (Çuxursəd) bəylərbəyi Səfiqulu xanın qonağı olan fransız taciri Jan Batist Şardən Novruzun necə keçirildiyini izləmiş, belə bir nəticəyə gəlmişdir ki, o, mənşə etibarilə dini dünyagörüşlərlə bağlı deyildir: bəzi yerlərdə 3, bəzi yerlərdə isə 8 gün davam edir. Onu həm “Sultan Novruz”, həm də “Təzə paltar bayramı” adlandırırlar.
Fransız Şardənin təsvirinə görə, yastı damlarda və meydançalarda səmanı xüsusi alətlər vasitəsilə müşayiət edən münəccimlər günəşin Qoç bürcünə daxil olması ilə yaz gecə-gündüz bərabərliyi anının başlandığını işarə edirlər. Bu zaman artilleriya və muşketlərdən atəş açmaqla bayramın başlandığını xalqa xəbər verirlər: nağaralar, şeypurlar, qərənəylər səslənir. Şah bayramın 1-ci günü xalqını, 2-ci günü alimləri, xüsusilə astronomları, 3-cü günü din xadimlərini, 4-cü günü məhkəmə üzvlərini, 5-ci günü əyalət hakimlərini, 6-cı günü öz validəynlərini, sonrakı iki gün ərzində isə öz uşaqlarını təbrik edir.
Küsülülərin barışdığı, hamının bir-birinə hədiyyə vərdiyi bu bayramda təkcə paltarlar deyil, hisslər də, duyğular da təzələnir. Şardən İrəvanda Səfiqulu xanın sarayında yumurtaların boyandığının, qovurğa qovrulduğunun, ləziz xörəklər bişirildiyinin şahidi olur. Şardənin məlumatına görə, şah öz hərəmlərinə boyanmış və qızıl suyuna çəkilmiş yumurta göndərirmiş. Yaraşıqlı tərəzi gözlərinə qoyulmuş yumurtaların üzərində dörd incə təsvir və ya miniatür olurmuş. Ona görə ki, yumurtanı şeylərin mənşə və başlanğıcı hesab edirmişlər.
XIV əsrdən məlum olan bayramlıq vergisi Novruz və Qurbanlıq zamanı toplanırdı. Dövlət məmurları tərəfindən orta əsrlərdə “novruzi” adlı vergi növünün toplanması da məlumdur. Bu da Novruz bayramı zamanı toplandığından məhz belə adlanırdı.
XIX əsrin ilk illərindən rus imperiyası tərəfindən işğal edilən Azərbaycanda əhali bir ildə 3 dəfə-məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında yeni il keçirir. Bunlardan birini ruhani aləm, ikincini işğalçı dövlət himayə etdiyi halda, Novruzu xalq özü yaşatmışdır.
Novruz bayramına görə, ruhani atalardan və dövlət xadimlərindən təbrik gözləyən xalq tarixi-genətik yaddaş kodlarını qoruyub saxlayır. Bir də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cumhuriyyəti dövründə Novruz bayramı rəsmiləşdirilsə də sovet hakimiyyəti illərində (1929-cu ildə) ləğv edilmiş, dini bayram sayılmışdır.
Sovetləşmədən sonra bir müddət Novruz bayramı keçirilirdi. Lakin 1920-ci ilərin axırlarından etibarən qadağalar gücləndi. 30-ci illərin əvvəllərində “Mübariz Allahsızlar İttifaqının” bir işi də Novruz bayramı ilə bağlı idi. “Mübariz Allahsızlar İttifaqının” drujinikləri çərşənbələr və Novruz bayramı günlərində qapıları pusur, hansı evdən dəmə qoyulmuş plov qoxusu gəlirdisə, xəbərçilik edirdilər. 1937-ci ilin repressiyaları Novruza da böyük zərbə vurdu. Amma xalq çətinliklə də olsa həmişə Novruz bayramı keçirilib, xüsusilə şəhərlərdə Novruz şirniyyatı ənənəsi, kənd yerlərində Novruz adətləri yaşadılıb.
1963-cü ilin aprelində Qasım Qasımzadəni “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifəsindən çıxaranda ona qarşı irəli sürülən ittihamlardan biri də qəzetdə Novruz bayramı haqqında yazı verməsi olmuşdu.
1960-cı illərin ortalarında Orta Asiya respublikalarında da Novruzun keçirilməsinə bir sıra cəhdlər olmuşdu. Bütün bunları nəzərə alaraq 1967-ci ildə Azərbaycan KP MK Katibliyi “Bahar bayramı” adı ilə Novruz bayramının keçirilməsinə qərar verib və bayram tədbirlərinin hazırlanması Mərkəzi Komitənin ideologiya üzrə katibi Şıxəli Qurbanova tapşırılıb (Ş.Qurbanov həmin il martın 27-də qəflətən vəfat edib) və onun təşkilatçılığı ilə milli koloritli bayram tədbiri təşkil edilib.
1968-ci ilin Novruz bayramı ərəfəsində tarix elmləri namizədləri Qiyasəddin Qeybullayev və Yusif Rüstəmovun imzası ilə “Ədəbiyyat və incəsənət” qəzetində “Səməni” adlı yazı çıxdı. Martın 23-də isə həmin qəzetin dörd səhifəsi Novruzla bağlı yazılara həsr edilmişdi. Mikayıl Rzaquluzadənin “Bahar, Günəş”, Səttar Bəhlulzadənin “Əlvan rənglər fəsli”, Ramiz Əliyevin “Nur axını”, Musa Yaqubun “Bahar”, Ramiz Məmmədzadənin “Həmişə sən gələsən” şeirləri, Elçinin “Qaravəlli” teatrı haqqında geniş yazısı, İsmayıl Şıxlının “Dəli Kür” romanından Novruz səhnəsi bahar bayramı ilə bağlı el adətlərini özündə əks etdirirdi. 1969-cu ildə Bahar bayramı ilə bağlı da mətbuatda müzakirə açılıb, fəlsəfə elmləri doktorları Firudin Köçərli və Məqsəd Səttarovun “Ədəbiyyat və incəsənət” qəzetinin “Alimlərimizin söhbəti” rubrikasında “Bahar bayramı” adlı məqalələri dərc edilib.
1980-ci illərin ikinci yarısında Novruzun üzərindən qadağa rəsmi şəkildə götürülüb. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Novruz bayramı rəsmən dövlət bayramı kimi rəsmiləşdirilib. Novruz 2009-cu il sentyabrın 30-da UNESCO-da Qeyri-Maddi- Mədəni İrs siyahısına salınıb. BMT Baş Assambleyasının 64-cü sessiyasının 2010-cu il fevral iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilib.
Bəhmən Faziloğlu
  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed