Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayıb
Bu gün 2015/2016-cı tədris ilində tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq.
İxtisas seçim cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 2-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.
Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.
Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaq.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları https://eservices.tqdk.gov.az/erizebak/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanlarından "məqbul" alan və test imtahanında topladıqları ümumi balı 16-dan, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər seçə bilərlər.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da seçmək imkanı verilir.
Ali təhsil müəssisələrinin "Təsviri sənət", "Dekorativ-tətbiqi sənət və dizayn", "Heykəltəraşlıq" komissiyalarında qabiliyyət imtahanından topladıqları yekun balları 3 və daha yüksək olan, "Təsviri incəsənət müəllimliyi", "Bədən tərbiyəsi və idman", "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı" komissiyalarında isə "məqbul" alan abituriyentlər orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər.
Milli.Az