Övladınız üçün məktəb bazarlığı

Övladınız üçün məktəb bazarlığı

Hər il olduğu kimi, dərs ilinin başlamasına az qalmış valideynlərin də, uşaqların da həyəcanı artır. Milli.Az APA-ya istinadən bildirir ki, yeni dərs ili özü ilə məktəb həyəcanı ilə yanaşı, valideyn məsuliyyəti də gətirir ki, bunun da yolu çox zaman həm də narahatlıqdan keçir. Elə valideynlər özləri də bu fikirdədir.

"Artıq həyəcanlıyıq. Amma ötən illə müqayisədə də elə kəskin qiymət fərqi yoxdur. Vaxt azaldıqca məktəb ləvazimatları satılan mağazalara baş çəkirəm. Bu il də hər iki övladım üçün bazarlıq etməyi planlaşdırıram. Dəftər, qələm, çanta və s ləvazimatlar baha deyil, amma geyim bahadır".

Həmsöhbətimiz olan digər bir valideyn isə deyir ki, məktəbə gedəcək uşağın geyimi, çantası, iş dəftərləri və digər məktəb ləvazimatlarını almaq üçün dükan-dükan gəzib qiymətlərin harada nisbətən aşağı olduğunu öyrənməyə çalışır.

"Qiymətlər normaldır. Artım o qədər də yüksək deyil. İki övladım var. Onlar üçün bazarlıq edirəm. Əsas çantalara baxıram. İkinci və altıncı siniflərdə oxuyurlar. Qızım üçün daha fərqli bir çanta istəyirəm. Qiymətlərdən razıyam, cibimə uyğundur. Əsas odur ki, qiymətinə uyğun keyfiyyəti də olsun. Keyfiyyət pis olanda narazılıq yaranır. O üzdən seçirəm ki, uşaqların ilboyu rahatlığı pozulmasın. Mağazalar arasında qiymət fərqi var, elə olur ki, hərdən bu dəyişiklik daha qabarıq olur. Mənim fikrimcə, bir neçə mağaza gəzib sonra alış vermək lazımdır".

Biz də paytaxtın bir neçə yerində məktəbli ləvazimatları satılan dükanlarda olub qiymətlərlə maraqlandıq. Metronun "28 May" stansiyasının yaxınlığındakı məktəb ləvazimatlarının satışı ilə məşğul olan bir neçəmağazaya baş çəkib, satıcıların fikrini öyrəndik.

"Artıq mağazalara alıcı axını başlayıb. Valideynlər gəlir, seçir, alırlar. Ötən illə müqayisədə dolların qalxması cüzi də olsa, qiymətlərə təsir edib. Bu fərq bütün məktəb ləvazimatlarında hiss olunur. Çantaların qiyməti 14-100 manat arası dəyişir. Dəftərlər 10 qəpikdən 80 qəpiyədəkdir, qələmlər 8-10 qəpikdən başlayır, pozanlar 10 qəpikdən 60 qəpiyə kimi dəyişir. Rəngli karandaşlar 1 manatdan başlayır 3, 5, 7 manat arası dəyişir. Bir şagirdin 1 sinif üçün tam məktəb ləvazimatları ilə təmin olunmasına orta hesabla 40-60 manatdır. Məktəbli forması daxil olmadan".

Digər ləvazimatlara gəlincə...

1. 100 vərəqli dəftərlər: 50 qəpik - 1 manat
2. Sadə karandaş: 10 - 50 qəpik
3. Xətkeş: 20 - 50 qəpik
4. Pozan: 20 qəpik - 1 manat
5. Flomaster: 1-6 manat
6. Qələm qabı: 2-5 manat
7. Rəngli kağız: 80 qəpik - 3 man
8. Qovluq: 3 - 5 manat
9. Yapışqan: 50 qəpik - 2 manat
10. Pərgar: 80 qəpik- 5 manat

Birinci sinfə gedəcək şagirdlər üçün nəzərdə tutulan digər ləvazimatların da qiymətləri məlumdur. Yemək qabı 3 - 9 manat, su qabı 3 - 14 manat, rəsm albomunun qiyməti isə 40 qəpik - 2 manatdır. Müxtəlif test kitabları, əlavə tədris vəsaitləri, yuxarı sinif şagirdləri üçün tapşırıq, misal kitabları 3-5 manata, test bankları 2-3 manatadır.

Xatırladaq ki, məktəblilərə dərsliklər məktəbdən verilir, bir qismini valideyn özü almalı olur. Aşağı sinif şagirdləri üçün "Rus dili" və "Sinifdənxaric oxu" dərslikləri 5 manata satılır. İş dəftərlərinin qiyməti 3-5 manat arasında dəyişir. Misal üçün, 1 məktəbli üçün 5 fəndən iş dəftərləri almağa təxminən 20-25 manat tələb olunur. Beləliklə, bir uşağın məktəbə yola salınması valideynə orta hesabla 100-150 manata başa gəlir.

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__12749340

BU BOYA SEYI ALMAQ LAZIM DEYIL ANALAR OZUNUZU XERCE SALMAYIN

Səhr yaz

......