Peşə təhsili üzrə səriştəli kadrların yetişdirilməsinə dəstək məqsədilə təlim proqramı keçirilib

Peşə təhsili üzrə səriştəli kadrların yetişdirilməsinə dəstək məqsədilə təlim proqramı keçirilib

Fevralın 23-də Avropa İttifaqı (Aİ), BMT-nin İnkişafı Proqramı və Peşə Təhsili Dövlət Agentliyi Azərbaycanda peşə təhsili üzrə səriştəli kadrların yetişdirilməsinə dəstək məqsədilə təlim proqramı həyata keçirib.

AZƏRTACxəbər verir ki, “Peşə təhsilində liderlik və idarəetmə” proqramı Aİ tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində təşkil edilib. Təlim kursunun məqsədi peşə təhsili müəssisələrinin idarəetmə heyətində çalışan kadrları bu müəssisələrin fəaliyyətinin strateji cəhətdən planlaşdırılması, liderlik, təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili, keyfiyyət təminatı sisteminin idarə edilməsi, maliyyə idarəetməsi, müvafiq normativ-hüquqi və strateji sənədlər haqqında ətraflı məlumatlandırmaq, sözügedən istiqamətlər üzrə proqram iştirakçılarının bilik və bacarıqlarını artırmaqdır.

Təlim proqramına Ağstafa, Bakı, Gəncə, Göygöl, Xaçmaz, Kürdəmir, Qax, Mingəçevir, Naftalan, Siyəzən, Şirvan şəhərlərində fəaliyyət göstərən peşə təhsili müəssisələrində çalışan direktor və direktor müavinləri qatılıb. Altmış saatlıq təlim proqramının sonunda təlimləri uğurla başa vuran 15 iştirakçı sertifikatla təltif edilib. Qeyd edək ki, bu iştirakçıların daha sonra sözügedən proqramdan əldə etdikləri səmərəli təcrübələri çalışdıqları tədris müəssisələrində paylaşılması gözlənilir.

Bu cür təlim proqramları ilə layihə peşə təhsili üzrə idarəetmə heyətlərinin müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsinə dəstək olur, peşə təhsili və təlimi sistemində peşəkar kadrların hazırlığı prosesinə töhfə verir.

Təlim proqramı, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi tərəfindən həyata keçirilib. Layihə ölkədə peşə təhsilinin müasirləşdirilməsi və əmək bazarının tələblərinə müvafiqləşdirilməsi üçün dəstəyi hədəfləyir.

  • Paylaşmağı unutma

Səhr yaz

......