Peşə təhsilində kibertəhlükəsizlik ixtisası üzrə tələbə qəbulunun sayı artırılacaq
Növbəti illərdə peşə təhsilində kibertəhlükəsizlik ixtisası üzrə tələbə qəbulu sayının artırılması nəzərdə tutulur.
"Report"xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru müavini, direktor vəzifəsini müvafiq icra edən Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində yüksək texniki peşə təhsili üzrə kibertəhlküəsizlik ixtisasında hazırda 20 tələbə təhsil alır:
"Növbəti illərdə bu ixtisas üzrə qəbul planını artırmaq istəyirik. Qəbul planının artırılması üçün lazımi araşdırmalar aparılır, əmək bazarının tələbləri qiymətləndirilir. İT, turizm, eyni zamanda kənd təsərrüfatı və xidmət sahələri üzrə ixtisaslar prioritet təşkil edir".
O, həmçinin qeyd edib ki, peşə təhsili almaq üçün müraciət edənlərin təqribən 70-80 faizi 15-22 yaş aralığında olan şəxslərdir:
"Amma keçən il müraciətlərin 10 faizə yaxını 25-40 yaşında olanlar idi. Hazırda ən yaşlı tələbəmizin təxminən 50-yə yaxın yaşı var".