Savadlı tələbələr özəl universitetlərdə hansı güzəştlər ala bilər?

Savadlı tələbələr özəl universitetlərdə hansı güzəştlər ala bilər?

Özəl universitetlərdə təhsil haqqı yüksək olduğu üçün çox vaxt yüksək bal toplayan tələbələr dövlət ali təhsil müəssisələrinə üstünlük verirlər. Hətta 2015-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 4,36% olub. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.
M.Abbaszadə deyib ki, 2000-ci illərin birinci yarısında bu göstərici 0,67% olub. On ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir: "Bu baxımdan hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyildir. 2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı".

Şəhid ailələri də daxil olmaqla 5 növ güzəşt
TQDK sədri əlavə edib ki, bu gün isə özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq, ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək imkanına malikdirlər: "Bunun üçün isə onlar həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər".
Mövzu ilə bağlı ali təhsil müəssisələri ilə əlaqə saxlayıb savadlı tələbələrə tətbiq etdikləri güzəştlərlə bağlı məlumat aldıq. Xəzər Universitetinin ictimaiyyətlə əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli deyir ki, savadlı tələbələr üçün şəhid ailələri də daxil olmaqla 5 növ güzəşt tətbiq olunur: "Əvvəla, bildirim ki, şəhid ailələrinin övladları bal səviyyəsindən asılı olmayaraq tamamilə pulsuz təhsil alırlar. 650-700 arası bal toplayan tələbələr üçün də təhsil tamamilə ödənişsizdir. 600-630 bal toplayan tələbələr 75, 550-599 bal toplayanlar 50, 500-549 bal yığanlar isə 25 faiz güzəşt əldə edirlər. Ötən il bizdə 8-10 faizə yaxın tələbə bu fürsətdən yararlana bilib".

İxtisas seçiminin ilk mərhələsində universiteti seçməyin üstünlüyü
Bakı Avrasiya Universitetinin mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Əliyev bildirdi ki, yüksək nəticə ilə universitetə daxil olan tələbələr üçün müəyyən güzəştlər tətbiq olunur: "I kurs üçün illik təhsil haqqında güzəştlər edilir. İxtisas seçiminin ilk mərhələsində universitetimizi seçən 500 və daha yuxarı bal toplayan tələbələr I kurs üçün təhsil haqqı ödəməkdən azad edilir, 400-500 bal toplayan tələbələrə isə I kurs üçün təhsil haqqından 30% güzəşt edilir. Bunları "Abituriyent" jurnalının elanında hər il veririk. Təhsil müddətində də illik təhsil haqqında güzəştlər olur. Bu isə tədris ilini tam əla qiymətlərlə başa vuran və təhsildə qazandığı xüsusi nailiyyətlərinə görə fərqlənən tələbələrə aid olur. Bu zaman universitetdə daimi fəaliyyət göstərən komissiyanın təklifləri əsasında müxtəlif məbləğlərdə təhsil haqqı güzəştləri tətbiq edilir".
Ş.Əliyev deyir ki, dövlət hesabına təhsil almaq istəyən abituriyentlər isə dövlət sifarişli yerlər üçün TQDK tərəfindən müəyyən edilmiş müsabiqə balını toplayıblarsa, təhsil almaq istədikləri ixtisaslar üzrə dövlət sifarişli və ödənişli əsaslarla tələbə qəbulunun birgə aparıldığı yerləri (həmin yerlərin qarşısında "YÖ" və ya "YDS" qeydi yazılmayıb) I turda seçib müsabiqədən keçməklə ödənişsiz olaraq dövlət hesabına təhsil almaq imkanı əldə edir.
Ş.Əliyevin sözlərinə görə, universitetin tətbiq etdiyi başqa bir güzəşt isə ailə vəziyyətinə görədir. Əgər tələbə universitetdə əla qiymətlərlə təhsil alırsa, illik təhsil haqqını tam ödəməyə gücü çatmırsa, bu halda da müəyyən məbləğdə güzəşt olunur. Növbəti tədris ilindən isə yüksək nəticə göstərənlərə tələbə təqaüdünün verilməsi gözlənilir.

Yüksək bal və digər güzəştlər
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev də bildirdi ki, TQDK tərəfindən aparılan qəbul zamanı yüksək bal toplamış abituriyentlər dövlət sifarişli təhsil alırlar. Ödənişli ixtisaslara qəbul olunan tələbələrə isə universitet "Bal güzəşti" , "İxtisas seçimində ilk yerdə Qafqaz Universitetinin ixtisasını seçməsinə görə güzəşt", "Beynəlxalq fənn olimpiadasında yer tutan tələbəyə güzəşt " adlı güzəştlər tətbiq edir.
C.Vəliyev deyir ki, hazırda universitetə 300-399 balla qəbul olanlar 5, 400-499 balla qəbul olanlar 10, 500-599 balla qəbul olanlar 25, 600-674 balla qəbul olanlar 50, 675 baldan çox toplayanlar isə 100 faiz təhsil haqqından azad edilir. Riyaziyyat, fizika, informatika, biologiya, kimya, ibtidai sinif müəllimliyi və məktəbəqədər təlim və tərbiyə kimi ixtisaslarda isə 399-400 balla qəbul olanlara 5, 400-449 balla qəbul olanlara 10, 450-499 balla qəbul olanlara 25, 500-549 balla qəbul olanlara 50, 550-dən daha çox bal toplayanlara 100 faiz güzəşt tətbiq edilir. Növbəti tədris ilində güzəştlərin artırılması planlaşdırılır.
Odlar Yurdu Universitetinin ictimaiyyətlə əlaqələr və nəşrlər departamentinin direktoru Elçin Əhmədov bildirdi ki, universitet yarandığı gündən indiyə qədər yüksək bal toplayan savadlı, aktiv tələbələrin hamısına təhsil haqqında müəyyən güzəştlər edilir: "Topladığı baldan asılı olaraq tələbə mədəni-kütləvi tədbirlərdə aktiv iştirak edibsə, xüsusi yaradıcılığı varsa, onlara da güzəşt tətbiq olunur. 600-dən yuxarı bal toplayanlara 100, 580-600 bal toplayanlara 75, 550-579 bal toplayanlara 50, 500-549 bal yığanlara isə 25 faizlik güzəştlər tətbiq edilir".
E.Əhmədov deyir ki, universitet yarandığı gündən indiyə qədər hər ixtisas üzrə təhsildə fərqlənən tələbələrə müxtəlif adlar altında təsis olunmuş təqaüdlər verilir.

"Valideyn pulu ilə fəaliyyət göstərən universitet güzəşt tətbiq edə bilməz"
Təhsil Şurasının sədri Əjdər Ağayev deyir ki, savadlı tələbələrə güzəşt məsələsində hər bir özəl təhsil müəssisəsinin fərqli yanaşması var: "Qafqaz Universitetini misal çəkmək istəyirəm. Orada yüksək balla qəbul olanlara ödəniş tətbiq olunmur, üstəlik təqaüd də verilir. Digər güzəştlər də tətbiq olunur. Güzəştlər tələbələrin stimullaşmasında, təlim keyfiyyətinə marağın artmasında böyük rol oynayır. Bu barədə standart bir göstəriş olmadığı üçün hər bir təhsil müəssisəsi müəyyən güzəştləri özü müəyyənləşdirir".
Ə.Ağayev bildirdi ki, universitetlər təhsilin həm keyfiyyətini qaldırmaq, həm də yüksək səviyyədə oxumağa çalışanların əməyini qiymətləndirmək üçün illik ödənişlərinə müəyyən faizli güzəşt etməlidir: "Ödənişdən tam azad etsinlər, hələ üstəlik aylıq təqaüd də versinlər. Bu sistem hələ ki kütləvi şəkildə normal səviyyədə həllini tapmayıb".
Özəl təhsil müəssisələrinin kommersiya məqsədli fəaliyyət göstərməsi və gəlir götürməsi ilə bağlı danışan Ə.Ağayev qeyd etdi ki, dünya təcrübəsində bu proses fərqli cərəyan edir: "Dünya təcrübəsinə görə bu cür ali təhsil müəssisələri özəl universitetin özünün sənaye, ticarət, yaxud hansısa bir qazanc gətirən bir sahədə əldə etdiyi fond hesabına açılır. Amma bizdə özəl universitetlər valideynlərdən toplanan pul hesabına açılır. Tələbələrə güzəşt tətbiq etməkdə maraqlı olmayanlar məhz valideyn pulu ilə fəaliyyət göstərənlərə aiddir. Onlar indiki şəraitdə güzəşt tətbiq etməyə yox, illik ödənişi qaldırmağa çalışacaqlar. Bayaq misal çəkdiyim Qafqaz Universiteti valideyn pulu hesabına fəaliyyət göstərmədiyi üçün müəyyən güzəştlər tətbiq edə bilir. Amma digər universitetlərin bir çoxu valideyn pulu ilə ayaqda qaldığı üçün güzəştə getmək istəmir. İndiki halda bəlkə gəlir də götürə bilmirlər. Heç olmasa ayaqda qalmaq üçün çalışırlar. Elə özəl universitet var ki, müəllimləri dövlət universitetlərindən də az maaş alır".

"Kaspi"

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed