Uşaqların internetdə informasiya təhlükəsizliyi üçün yeni metodlar işlənilir
Virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan ziyanlı kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilərin, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı və s.) böyük sürətlə artması uşaq və yeniyetmələr üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. İnternet asılılıq problemləri və yaşa uyğun olmayan məlumatlar uşaq psixologiyasına, tərbiyəsinə, davranışına mənfi təsir edir. Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Bu problemlər həm texnoloji, həm də sosial məsələlərin həllini tələb edir.
AZƏRTACxəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva elmi seminarda məlumat verib. S.Ocaqverdiyeva hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatları və təhlükəsizlik sistemlərinin mövcud olduğunu, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlər görüldüyünü diqqətə çatdırıb. Əlavə edib ki, bu tədbirlərə baxmayaraq, virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha etibarlı proqram vasitələri və mexanizmlərinin yaradılmasına böyük ehtiyac duyulur.
Tədqiqatçı bildirib ki, internet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model işlənib, ölkəmizdə Milli Təhlükəsiz İnternet Mərkəzinin fəaliyyəti üçün təkliflər verilib və dilimizdə olan vulqarizmlərin azyaşlı auditoriyaya təqdim olunmasının qarşısının alınması üçün “Bayes” klassifikatoruna əsaslanan alqoritm işlənib. Həmçinin uşaqlar üçün ziyanlı hesab olunan şəkil kontentinin klassifikasiyası üçün “ChildNet” adlı yeni Dərin Neyron Şəbəkə arxitekturası, filtrasiyası üçün isə “data sanitization” metodu işlənilib. Təklif olunan metod və alqoritmlər təcrübi sınaqdan keçirilib, onların səmərəliliyi aparılmış eksperimentlər əsasında təsdiq olunub.