Vətən müharibəsi şəhidi Murad Nağıyevin xatirəsi anılıb
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və Mərkəzi Elmi Kitabxanası üzrə ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi leytenant, tank komandiri Murad Nağıyevin döyüş yoluna həsr edilmiş “Qayıtsaydım, gedib qayıtmayanlara, yarımçıq qalanlara...” adlı sənədli filmin və “Murad” adlı kitabın təqdimatına həsr edilmiş tədbir keçirilib.
Bu barədəAZƏRTAC-a AMEA-dan bildirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Vətən müharibəsinin tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığının Zəfər tariximizdəki müstəsna rolundan danışılıb. Zəfər tariximizin qəhrəmanlarının hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılıb. Şəhid Murad Nağıyevin qəhrəmanlığının gənc nəslə örnək olduğu bildirilib.
Şəhid Murad Nağıyevin həyat yoluna dair mətn iştirakçıların diqqətinə çatdırıldıqdan sonra onun döyüş yoluna həsr edilmiş “Qayıtsaydım, gedib qayıtmayanlara, yarımçıq qalanlara...” sənədli filmi nümayiş etdirilib.
Fəlsəfə və Sosiologiya İnstitutunun və Mərkəzi Elmi Kitabxananın kollektivi ilə yanaşı, şəhid anaları və onların yaxınları və digər iştirakçılar çıxış edərək nümayiş olunan sənədli filmin və “Murad” adlı kitabın ictimaiyyata təqdim olunmasının əhəmiyyətindən, şəhidlik zirvəsinin uca məqamından danışıblar. Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Zəfər salnaməmizin əbədi olduğunu, xalq-lider birliyinin sarsılmazlığını önə çəkiblər.
Vətən müharibəsi iştirakçısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, şəhid ailələri adından şəhid Fəxrin Qəribzadənin anası Mehparə xanım Qəribzadə çıxış edərək şəhidlik zirvəsinə ucalmış bütün qəhrəmanlarımızın vətənimizin başını uca etdiklərini və bununla bütün xalqımızın fəxr etdiyini bildiriblər.