Xocalı soyqırımının iştirakçıları cəzasız qalmamalıdır

Xocalı soyqırımının iştirakçıları cəzasız qalmamalıdır

Xalqımızın XX əsrdə məruz qaldığı Xocalı soyqırımı ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri silsilə cinayətlərinin ən dəhşətlisidir. Bu faciədən əvvəl də Xocalı 1905-ci, 1906-cı, 1917-ci və 1918-ci illərdə erməni təcavüzünə məruz qalıb, yandırılıb və dağıdılıb. Ermənilər bu faciəyə Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. 1991-ci ilin oktyabrında şəhərin blokadası tam başa çatdırılmışdı. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatı dayandırılmışdı. Xocalıya gedən bütün avtomobil yolları bağlandığından yanvar ayının 28-nə qədər şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi.

BunuAZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-qərb şöbəsinin müdiri ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı söyləyib. O bildirib ki, fevralın ikinci yarısından etibarən erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşə tutulur, hücumlara məruz qalırdı. 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənir, yüksək mövqelər ermənilər tərəfindən tutulurdu. Şəhərdə vəziyyət getdikcə ağırlaşırdı, ancaq respublika rəhbərliyi Xocalının xilası üçün heç bir addım atmırdı. 1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladılar. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər fasiləsiz atəşə tutublar. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan aramsız atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutub. Qarqar çayı istiqamətində, “Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırımı törədiblər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər, demək olar ki, müdafiəsiz qalmışdı. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı sakinləri misli görünməmiş qəddarlıqla öldürülüb, diri-diri yandırılıb, başlarının dərisi soyulub, gözləri çıxarılıb. Bütövlükdə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər ağır yaralanıb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Ermənistanın silahlı dəstələrinin Xocalıda törətdiyi bu qırğının yalnız bir adı var: etnik təmizləmə və soyqırımı.

Xocalı soyqırımının təşkilatçıları Ermənistan rəhbərliyi, birbaşa icraçıları Ermənistan silahlı qüvvələrinin bölmələri, Qarabağdakı erməni terror dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləri olub. Azərbaycanın istintaq orqanları tərəfindən Xocalı qatillərindən 39 nəfərin adı müəyyən edilib. Törədilmiş cinayətin xarakteri və miqyası bu soyqırımı aktının məlum beynəlxalq konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir, dinc əhali kütləvi surətdə və yalnız azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla qətliama məruz qalıb. Qətliam ermənilərin özlərinin fəxrlə təsvir etdikləri epizodlarda da əksini tapır. Qarabağ savaşının ideoloqlarından hadisələrin iştirakçısı Zori Balayan “Ruhumuzun canlanması”nda ermənilərin Xocalıda törətdiyi soyqırımı haqqında yazır: “Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və digərləri də Xocalı soyqırımında şəxsən amansız qətllər törədiblər. Soyqırımından bir neçə il sonra, o zaman özünü “Dağlıq Qarabağ Respublikasının müdafiə naziri” adlandıran, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində həyasızcasına Xocalıda soyqırımı törətdiklərini etiraf edib: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdü ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz həmin stereotipi dağıtdıq. Və nə baş verdiyini gördünüz”. Jurnalistin “Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi?” sualına Serj Sarkisyanın cavabı “Heç bir peşmanlığım yoxdur. Bu cür sarsıntılar minlərlə insanın həyatı bahasına başa gəlsə də, zəruridir” olub.

Həmin dövrdə erməni silahlıları cinayətlərini ört-basdır etməyə çalışsalar da Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin lentə almağı bacardığı görüntülər faciənin və vəhşiliyin miqyasını üzə çıxardı. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalılıların Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilən, xalqımızın milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli Liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevralın 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

“Son illər Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın bir sıra dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası isə ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rol oynadı.

Azərbaycan dövləti və xalqı müvafiq beynəlxalq təşkilatlardan və xarici dövlətlərdən tələb edir ki, Xocalıda törədilmiş kütləvi qırğın soyqırımı aktı kimi tanınsın və Xocalıda qətllər törədən canilər beynəlxalq məhkəmə qarşısına çıxarılsın. Yalnız bu halda Xocalı soyqırımına münasibətdə ədalət bərpa oluna bilər. Soyqırımına qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu soyqırımı hüquqşünaslar tərəfindən ətraflı araşdırılmalı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlər davam etdirilməlidir. Xocalı soyqırımı haqqında həqiqətlər sistemli və məqsədyönlü şəkildə dünya ictimaiyyətinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Soyqırımının canlı şahidləri, işgəncəyə məruz qalmış, qətlə yetirilmiş insanların varisləri, yaxınları da beynəlxalq müstəvidə cinayətkarların cəzalandırılması tələbi ilə bu prosesdə fəal iştirak etməlidirlər”,- deyə M.Babaşlı bildirib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed