Xocavənddə orta əslərə aid müsəlman qəbiristanlığı aşkarlanıb

Xocavənddə orta əslərə aid müsəlman qəbiristanlığı aşkarlanıb

Xocavənddə orta əslərə aid müsəlman qəbiristanlığı aşkarlanıb.

"Report"xəbər verir ki, bu barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin oktyabrın 15-də İnstituta Xocavənd rayonu Ərəkül (Xətai) kəndi ərazisində insan qalıqlarının aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Məlumatı ərazidə fəaliyyət göstərən “Caspian Geomatic” MMC-nin əmakdaşları verib.

İnstitut rəhbərliyinin göstərişi ilə Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının əməkdaşı Vüsal Həsənov aidiyyatı qurumların nümayəndələri ilə bərabər əraziyə baxış keçirib. Aşkar edilmiş insan qalıqları Xocavənd rayonunun Ərəkül kəndinin şimalında, təbii təpəliklərin üzərində yerləşir. İnsan qalıqları Ərəkül kəndi ilə qonşu kəndləri əlaqələndirən torpaq yolun kənarlarında aşkar edilib.

Qeyd edək ki, torpaq yolun çəkilişi zamanı təpə üzərində olan məzarlıq ərazisi iki hissəyə bölünüb. Yolun üzərinə düşən qəbirlər zamanında dağıdılıb. Qəbirstanlığın üst torpaq səviyyəsi yoldan ortalama 3-4 metr yüksəklikdə yerləşir. Yolun hər iki kənarında, qərb-şərq istiqamətində ən az beş qəbir kamerasını divar kəsiyindən izləmək mümkündür. Su axıntılarından baş verən sürüşmə nəticəsində qəbir kameraları bir hissəsi tam, digərləri qismən dağılıb.

Qəbirstanlığın dövrünü və dəfn adət-ayinlərini müəyyən etmək məqsədi ilə divarda izlənən qəbirlərdən biri arxeoloq tərəfindən açılmışdır. Məlum olmuşdur ki, sürüşmə prosesində skeletin kəllə sümüyü itirilsə də, digər sümüklər anatomik şəklini qorumuşdu. Yaşlı insana aid olan qəbirdə dəfn islam qaydalarına uyğun həyata keçirilmişdir. Qəbr mövcud torpaq səviyyəsindən 2.10 m. dərinlikdə yerləşir.

Arxeoloq-antropoloq Vüsal Həsənov tərəfindən skeletlərin ilkin müayinəsi zamanı, məzarlığın Orta əsrlərə (XIII-XV) aid olduğu müəyyən edilib.

Qəbirlərin heç birində yerüstü əlamətlər müşahidə edilmirdi. Kamera indiki torpaq səviyyəsindən 40-50 sm aşağıda yerləşir. Bu da onu deməyə əsas verir ki, uzun zaman ərzində təpəliklərdən gələn axıntılar yeni torpaq qatı formalaşdırmışdır. Qəbirlərdə yerüstü əlamətlərin olmaması səbəbindən, bu məzarlar diqqətdən kənarda qalmışdır.
Xatırladaq ki, Ərəkül kəndində ermənilərə məxsus qəbirsanlıq XIX-XX əsrlərə aiddir. Bu, onların yuxarıda qeyd edildiyi kimi, XIX əsrin 40-cı illərində burada məskunlaşdırılması ilə bağlıdır. Əldə edilmiş dəlillər müsəlman əhalinin bu ərazidə ermənilərdən çox-çox əvvəl yaşadığını sübuta yetirir. Gələcəkdə abidədə nəzərdə tutulan arxeoloji tədqiqatlar yaşayış məskəninin meydana çıxma tarixi, məzarlığın yaşı və bir sıra sosial-iqtisadi məsələlərə aydınlıq gətirə bilər.

Xocavənd rayonunun Ərəkül kəndi müxtəlif vaxtlarda Hərəkül, Qara Quzey, Arakel adları ilə tanınmışdır. Tarixi məlumatlara əsasən kənddə 1840-ci ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......