Yaponiya səfiri Astarada məktəb açılışında iştirak edib
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Astara rayonuna səfər edib.
“Report”un cənub bürosunun məlumatına görə, səfir Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Deqadi kənd ümumi orta məktəbi üçün inşa edilən əlavə korpusun açılışında iştirak edib.
Qeyd olunub ki, layihədə əsas məqsəd kənd məktəbinin ərazisində 144 nəfər şagirdin təhsil ala biləcəyi 6 otaqlı yeni məktəb binasının tikilməsi ilə mövcud problemi həll etmək və həmin kəndin təhsil şəraitini yaxşılaşdırmaqdır.
Tədbirdə Yaponiya-Azərbaycan arasındakı dostluq münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyini vurğulanıb.
Astarada Yaponiya hökumətinin həyata keçirdiyi layihələr çərçivəsində əvvəlki illərdə Ərçivan qəsəbəsində və Artupa kəndində yeni məktəb binaları, Hamoşam və Ojakəran kəndlərində tibb məntəqələri tikilərək istifadəyə verildiyi minnətdarlıqla xatırladılıb.
Yaponiyalı səfir dövlətlərarası diplomatiyanın 30 illiyinin tamamında istifadəyə verilən yeni məktəb binasının Azərbaycan və yapon xalqları dostluq rəmzi olduğunu bildirib.
O, bundan sonra da müxtəlif sahələrdə yeni layihələrin icrası üçün atılacaq addımların xalqlar arasında dostluğa və qarşılıqlı əməkdaşlığa stimul olacağını qeyd edib.
Daha sonra səfir Vada Cüniçi rayonun ucqar mənzərəli kəndlərindən olan Sım kəndinə səfər edib.