AĞILLI-BAŞLIsif 1. Yaxşı, layiqli, lazımi şəkildə, qaydalı, sanballı, əməlli. [Əsgər bəy:] Heydər bəy, bu niyyətdən düş, mənə bir on beş gün möhlət ver, mən sənə toy xərci hazır edim, ağıllı-başlı toy elə! M.F.Axundzadə. [Hacı Həsən:] Sənin dərdin az qalıb məni çürütsün. Xalqın da uşaqları dərs oxuyublar. Odur, hamısı ağıllı-başlı adam olublar, .. amma sən gecə-gündüz kefli. Məmmədquluzadə. Gəncdir, qoy getsin girsin darülfünuna, bəlkə orada işlər, məlumatını artırar, ağıllı-başlı bir adam olub çıxar. Qantəmir.
// Zərf mənasında. [Cahan:] Sən bir ağıllı-başlı mənə nağıl et görüm, necə qız alarsan. Ü.Hacıbəyov. Rüstəm kişi Qaraşa ağıllı-başlı toy qurmaq fikrində idi. M.İbrahimov. 2. Çoxlu, xeyli, qiymətli. [Tarverdi:] Amma böyük sandıqdır, yəqin ki, bunun içində ağıllı-başlı mal var. M.F.Axundzadə. Paylaşın - Hamı bilsin
|